EN

Mohamed Hamelə “Caspian Energy” jurnalının xüsusi buraxılışı təqdim olundu

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Mohamed Hamelə jurnalın COP29-a həsr olunmuş xüsusi buraxılışını təqdim edib. Bu barədə “Caspian Energy Club”ın mətbuat xidmətindən  məlumat verilib.

Yeni buraxılışda yer alan Mohamed Hamelin eksklüziv müsahibəsində Baş katib bildirib ki, Azərbaycan artıq uzun illərdir ki, dünya enerji bazarının mühüm oyunçularından biridir. Onun fikrincə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi, ölkənin daha dayanıqlı və təmiz enerji gələcəyinə doğru atdığı addımların və beynəlxalq cəmiyyətin Azərbaycanın böyük miqyaslı qlobal tədbirləri təşkil etmək bacarığına göstərdiyi etimadın bariz təzahürüdür.

“Təbii qazın və ümumilikdə enerji sektorunun gələcəyi, dünyada enerji sahəsində gedən dərin dəyişikliklər və bu dəyişikliklərin bizə nə vəd etdiyi kimi mühüm məsələlərin “Caspian Energy” jurnalının xüsusi buraxılışında müzakirə edilməsi, yalnız peşəkarlar üçün deyil, eyni zamanda geniş ictimaiyyət üçün böyük əhəmiyyət kəsb edir. “Caspian Energy” jurnalı, Xəzər, Qara Dəniz və Baltik regionlarının enerji sektorunda baş verən ən mühüm dəyişiklikləri və bu sahədəki inkişafı işıqlandırmaq baxımından əvəzsiz bir mənbədir. Mən jurnalın əməkdaşlarına bu vacib missiyalarında uğurlar arzulayıram və gələcəkdə daha böyük uğurlara imza atmalarını diləyirəm”, - deyə Mohamed Hamel bildirib.

Sonda baş katib “Caspian Energy Club” üzvlərini Dohaya dəvət edərək, onları digər şirkətlərlə görüş keçirməyə, ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə etməyə və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparmağa dəvət edib.

Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir.

Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

 

“Caspian Energy Club”ın dəstəyi ilə dünyanın 70 ölkəsində nəşr edilən “Caspian Energy” jurnalının hər buraxılışında müxtəlif ölkələrin prezidentləri və Baş nazirləri, habelə iri transmilli şirkətlərin başçıları ilə müsahibələr, aparıcı ekspertlərin şərhləri və analitik materiallar dərc olunur. Müxtəlif hesablamalara görə, “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının investisiyalar, yaşıl iqtisadiyyat, ənənəvi və yaşıl enerji, sənaye və innovativ texnologiyalar üzrə beş aparıcı nəşr sırasındadır. Jurnal həmin regionlarda öz fəaliyyətini müəyyənləşdirmək istəyən bir çox sərmayədarlar üçün oriyentirdir.

 

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-“networking” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. “Caspian Energy Club”ın həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

 

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri, klubun fəaliyyətinin müxtəlif ölkələrdə idarə edilməsi və “Caspian Energy Club” qrupuna daxil olan bütün xarici ofislər və şirkətlər üçün yaşıl iqtisadiyyat, yaşıl energetika, yaşıl maliyyə, rəqəmsal transformasiya və yaşıl və innovativ texnologiyaların tətbiqi sahələrində layihələrin lobbiləşdirilməsi və təşviqi üzrə vahid strateji planın formalaşdırılmasıdır.

Chosen
313
50
azerforum.com

10Sources