EN

Azərbaycan hücum ordusunu buna görə gücləndirir – Yeni hərbi xərclərin əsas hədəfi

“Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab vermək ölkəmizin müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını, ölkəmizin müdafiə qabiliyyətinin daha da artırılmasını labüd edib”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib (Gələn il üçün hərbi büdcə 8 milyard 396,3 milyon manat və ya təxminən 5 milyard ABŞ dolları həcmində nəzərdə tutulur).

Məntiqlidir. Çünki Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etsə də, qonşu Ermənistanın konstitusion səviyyədə ölkəmizə torpaq iddiası qalır. Üstəlik, İrəvan bu fonda sürətlə silahlanır, uzaq mənzilli ölümcül silahlar almağa davam edir, gələn il üçün özünə rekord həddə hərbi büdcə müəyyən edib: 2025-ci ildə bu rəqəm ÜDM-in 6 faizi qədər, yəni 1,7 milyard dollardan çox, ötən illə müqayisədə isə 20% artıq olacaq...

“Ermənistanın militarizasiya və silah yarışı siyasəti regional sülh və təhlükəsizliyə təhdiddir”.

Bunu isə dünən Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib. Prezident həmçinin qeyd edib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulması vacibdir...

Bu şərtin məhz amerikalı rəsmilərlə görüşdə qabardılması ikiqat önəmlidir, ona görə ki, Birləşmiş Ştatlar altdan-altdan kapitulyant ölkəyə yeni ordu qurmağa kömək edir, onunla birgə hərbi təlimlər keçirir, Pentaqon təlimatçıları isə artıq Ermənistan Müdafiə Nazirliyində otururlar.

Prezidentin sözləri həm də ABŞ-a mesajdır ki, Bakıdan sülh sənədinin imzalanmasını tezləşdirməyi gözləmək əbəs və absurddur. Çünki “top” çoxdan Ermənistanın meydanındadır. Yəni təzyiqləri İrəvan edin, bizlik bir şey qalmayıb...

Nikol Paşinyan isə ötən həftəsonu parlamentdəki çıxışında bəyan edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasi ilə bağlı heç nə yoxdur. Bir yandan düz deyir: konstitusiyada həqiqətən Azərbaycana qarşı konkret ərazi iddiası yer almır, yalnız Müstəqilik Aktına istinad var. Orada isə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşməsi haqda birgə qərardan söhbət gedir.

Başqa sözlə, Paşinyan və komandası ərazi bütövlüyümüzü tanımaq məsələsində səmimidirsə, öncə məhz həmin istinadı konstitusiyadan çıxartdırmalıdır ki, sülh müqaviləsinin önü açılsın. Əlbəttə ki, zamanla Müstəqillik Bəyannaməsinə və ərazi iddiaları yer alan digər qanunverici aktlara da müvafiq düzəliş etməlidir.

Hələliksə, söhbət istinadın götürülməsindən gedir. Hansı ki, hakim partiyanın üstünlükdə olduğu parlament tərəfindən aradan qaldırıla bilər. Qaldırılacaqmı?..

“Ermənistan Konstitusiyasının əsas mətnində Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyi sual altına qoyan hansısa cümlə yoxdur. Orada sadəcə, Ermənistanın müstəqillik bəyannaməsinə istinad var. Beləliklə, Ermənistan Konstitusiyası ümumi olaraq müstəqillik bəyannaməsinə istinad edir”.

Bunu beynəlxalq hüquq üzrə ekspert, politoloq Fərhad Mehdiyev bildirib (Teleqaraf.com).

“Ermənistanın müstəqillik bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünü tanımayan, onu pozan əsassız müddəalar yer alıb. Burada söhbət keçmiş Dağlıq Qarabağın ali sovetinin Ermənistanla birləşməsi ilə bağlı olan qeyddən gedir. Belə olan halda, müstəqillik bəyannaməsini Ermənistan parlamenti özü dəyişsə və yaxud ləğv etsə, məsələ həll olunar”, - Mehdiyev vurğulayıb.

Ekspert hesab edir ki, Ermənistan parlamentinin müstəqillik bəyannməsini ləğv etmək yolunu seçməsi ehtimalı azdır: “Sadəcə, Ermənistan parlamentinin Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların müstəqillik bəyannməsindən çıxarılması və yaxud qüvvədən düşməsi ilə bağlı qərar qəbul etməsi mümkündür”.

Fərhad Mehdiyevə görə, Ermənistan tərəfindən belə bir addımın atılması ilə Azərbaycanla imzalanacaq sülh müqaviləsinin qarşısında əngəl qalmayacaq...

Paşinyan hökuməti heç olmasa, ilin sonuna qalan ayyarımda buna gedəcəkmi? Onsuz da silahlanma yarışında Ermənistan Azərbaycanla ayaqlaşma gücündə deyil. Xarici havadarlara bel bağlamaq da əbəsdir. Nədən ki, müharibə variantında heç bir ölkə ona birbaşa hərbi yardım etməyəcək. Ən azı o səbəbə ki, bu, bölgədə böyük savaşa gətirər. Şuşa Bəyannaməsini unudanlar onu təzədən oxusunlar.

Azərbaycana qarşı ərazi iddiasından rəsmən, tam imtina isə avtomatik şəkildə “izqoy” (dalan) Ermənistanı ağır hərbi xərclərdən qurtarar, həmin vəsaitlər dinc məqsədlərə yönəldilə bilər. Qərar, seçim həmişəki kimi, özlərinindir...

Analitik xidmət,
Musavat.com

Chosen
27
musavat.com

1Sources