EN

İnterpolun prezidenti: COP29-a hazırlıq ən yüksək səviyyədə təşkil edilib

Baş prokuror Kamran Əliyev İnterpolun prezidenti Ahmed Naser Al-Raisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə 7Times.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluqda keçirilmiş görüşdə Baş prokuror Kamran Əliyev qonaqları səmimi salamlayaraq ən böyük beynəlxalq qurumlardan biri olan və ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyətli rol oynayan İnterpol ilə Azərbaycanın hüquq-mühafizə orqanları arasında qarşılıqlı faydalı əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Görüşdə Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu vurğulayıb.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması” adlı yüksək səviyyəli sessiyasının uğurla başa çatması barədə danışan tərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıblar.

İnterpolun prezidenti Ahmed Naser Al-Raisi Azərbaycanda prokurorluq orqanlarında həyata keçirilən islahatları müsbət dəyərləndirərək rəhbərlik etdiyi təşkilatla Azərbaycanın hüquq-mühafizə orqanları arasında qarşılıqlı-faydalı əlaqələrin inkişaf etdirilməsinin perspektivlərindən danışıb.

Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə hazırlığının ən yüksək səviyyədə olduğunu qeyd edən qonaq COP29-un dünya üçün böyük töhfələr verə biləcəyindən əminliyini vurğulayıb, COP29 çərçivəsində təşkil olunan “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması” adlı yüksək səviyyəli sessiyanın uğurla başa çatması münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib.

Görüş zamanı Azərbaycanın Baş Prokurorluğu ilə İnterpol arasında ikitərəfli əlaqələrin genişləndirilməsi, cinayət törətdiklərinə görə axtarışda olan və xarici dövlətlərin ərazilərində gizlənən şəxslərin tutulması ilə əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması ilə bağlı məsələlər də müzakirə olunub.

Nümayəndə heyətinin Azərbaycan işgüzar səfəri davam edir.

Chosen
22
6
7times.az

10Sources