EN

Rodriqo Bentankur zarafata görə 7 oyunluq cəza aldı

“Tottenhem”in uruqvaylı mərkəz yarımmüdafiəçisi Rodriqo Bentankur uğursuz bir zarafatına görə 7 oyunluq cəza ilə üzləşib.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu komanda yoldaşı Son Hon Min və asiyalılar haqqında xoşagəlməz zarafatına görə 7 oyunluq cəzalandırılıb.

Xatırladaq ki, ötən yay sosial şəbəkələrdə televiziya aparıcısının Bentankurdan komanda yoldaşının köynəyini istədiyi video yayılmışdı.

“Bu, onun formasıdır? Bu həm də Sonun qardaşının forması ola bilər. Onların hamısı bir-birinə oxşayır”, – deyə Bentankur formanı hədiyyə edərkən zarafatca bildirmişdi. Futbolçu daha sonra sosial şəbəkədə Sondan üzr istəmişdi.

İngiltərə Futbol Assosiasiyası Bentankuru “uyğun olmayan davranışda” və “etnik və ya irqi təhqiredici və ya alçaldıcı dildən” istifadə etməkdə ittiham edib. Nəticədə uruqvaylı yarımmüdafiəçi uzun müddətə diskvalifikasiya olunub.

Rodriqo Bentankur “Boka Xuniors”un yetirməsidir. Uruqvaylı futbolçu “Tottenhem”ə 2022-ci ilin yanvarında 19 milyon avro müqabilində “Yuventus”dan keçib. Bentankurun “mahmızlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Bentankur “Tottenhem”in heyətində 15 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb. Bentankurun “Tottenhem”in heyətində ümumi statistikası isə belədir: 84 oyun, 8 qol, 8 məhsuldar ötürmə.

Bentankur 2017-ci ilin oktyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 65 oyuna 3 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib. Rodriqo Uruqvayın U-20 yığması ilə 2017-ci il Cənubi Amerika Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı Rodriqo Bentankuru 35 milyon avro məbləğində qiymətləndirir.

Chosen
30
2
arena.az

3Sources