EN

Azərbaycan ilə ICESCO arasında uğurlu əməkdaşlıq

Azərbaycan ilə ICESCO arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin mövcudluğu ölkəmizin İslam dünyasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 17-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşü bu əlaqələrin daha dərinləşməsinə müsbət təsirini göstərəcəkdir. Dövlətimizin başçısı COP29-da iştirak etdiyinə görə ICESCO-nun Baş direktoruna minnətdarlığını bildirib. Söhbət zamanı Azərbaycan ilə ICESCO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub. Bu xüsusda Prezident İlham Əliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ICESCO-nun Mərakeşdə yerləşən qərargahında olmasının və Salim bin Məhəmməd əl-Maliki ilə görüşünün onda çox xoş təəssüratlar doğurduğunu vurğulayaraq, orada göstərilən qonaqpərvərliyə görə ICESCO-nun Baş direktoruna minnətdarlığını bildirib.

Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO Mərakeşin Rabat şəhərində yerləşən qərargahında olarkən ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşdə Heydər Əliyev Fondunun fəaliyyəti, Azərbaycan-ICESCO əməkdaşlığı, o cümlədən Fond ilə birgə layihələr müzakirə edilib.

MƏCBURİ KÖÇKÜN QIZLAR VƏ İNTERNAT EVLƏRİ ÜÇÜN TƏHSİL VƏ SOSİAL DƏSTƏK LAYİHƏSİ

Görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən ekoloji layihələr barədə də məlumat verilib. Ətraf mühitin qorunması sahəsində ICESCO ilə Heydər Əliyev Fondunun gələcək əməkdaşlığı nəzərdən keçirilib. Daha sonra Heydər Əliyev Fondu ilə ICESCO arasında Burkina-Fasoda məcburi köçkün qızlar və internat evləri üçün təhsil və sosial dəstək layihəsi üzrə əməkdaşlıq sazişi imzalanıb. Layihənin məqsədi qız tələbələri lazımi resurslar, mentorluq və təhlükəsiz, dəstəkləyici mühitlə təmin etməkdir. Bu isə keyfiyyətli təhsilə çıxış, həyat bacarıqları təlimi və emosional dəstək, şəxsi inkişafı və dayanaqlığı təşviq etmək kimi məsələlərin həlli deməkdir. Layihə çərçivəsində seminarların təşkili, məktəblərdə kompüter siniflərinin və kitabxanaların yaradılması da nəzərdə tutulur. 2025-ci ilin oktyabr ayınadək davam edəcək layihə Burkina-Fasonun bir sıra şəhərlərini əhatə edəcək. Nümayəndə heyəti daha sonra ICESCO-nun Rabatdakı qərargahında yaradılan Peyğəmbər və İslam Sivilizasiyası Muzeyini ziyarət edib.

Prezident İlham Əliyevin ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşü zamanı əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan 50-dən çox müsəlman dövlətinin təmsil olunduğu nüfuzlu beynəlxalq mədəni-humanitar qurum olan İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının 1991-ci ildən üzvüdür. Həmin vaxtdan qurulmuş münasibətlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2006-cı ildə ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə daha da genişlənib. Həmçinin, 2008-ci ilin 10-11 iyun tarixlərində, "Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi" mövzusunda Bakıda keçirilmiş beynəlxalq forumda iştirak edən İKT Baş katibi E.İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya "İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi" statusuna dair diplom təqdim etmişdir. Əlamətdar haldır ki, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın Azərbaycanın birinci xanımıdır.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə ICESCO arasında da sıx əməkdaşlıq mövcuddur. Təhsil, mədəniyyət, səhiyyənin inkişafı məsələlərini prioritet kimi qəbul edən Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər və reallaşdırdığı layihələr ICESCO-nun əsas fəaliyyət istiqamətləri ilə uzlaşdığından iki qurum bir çox sahədə əlaqələrini daha da genişləndirir.

ICESCO-NUN AZƏRBAYCAN İLƏ ƏMƏKDAŞLIĞI

Dünya təşkilatları ilə əməkdaşlıq və dostluq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir. Müxtəlif sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın yaranmasına və davamlı olmasına öz təsirini göstərir. Azərbaycanın ICESCO ilə də münasibətləri möhkəm təmələ əsaslanır. 1979-cu ildə təşkil edilmiş ICESCO ilə Azərbaycan dövləti yaxından əməkdaşlıq edir və dünyada mədəniyyət abidələrinin qorunması prinsipini dəstəkləyir. Bakı şəhərinin 2009-cu il üçün İslamın paytaxtı, eləcə də Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ICESCO-Azərbaycan münasibətlərini bir daha aydın göstərir. ICESKO rəhbərliyinin təşkilatçılığı ilə görkəmli şərqşünas alim Aida İmanquliyevanın "Müasir ərəb ədəbiyyatının korifeyləri" əsəri və "Ərəb hərfləri ilə Azərbaycan yazısı" kitabıərəb dilində çap edilmişdir. ICESCO-nun aylıq xüsusi jurnalında Azərbaycan ilə əlaqələrə həmişə geniş yer ayrılması, 2008-ci ildə Mərakeşdə Azərbaycan mədəniyyət günlərinin keçirilməsində ICESCO rəhbərliyinin göstərdiyi hərtərəfli dəstək davamlı əlaqələrin mövcudluğundan xəbər verir. Təşkilatın rəhbəri 2006-cı ildən etibarən, respublikamızda keçirilmiş bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirak etmişdir.

QƏTİYYƏT VƏ TƏŞƏBBÜSKARLIQ

İslam həmrəyliyinin gücləndirilməsi məqsədi ilə Azərbaycan dövləti ardıcıl olaraq siyasət yürüdür. Bildiyimiz kimi, Azərbaycan 2017-ci ildə "İslam Həmrəyliyi Oyunları"nı qəbul etdi, Ölkəmizdə Cənab İlham Əliyevin Sərəncamı ilə "İslam Həmrəyliyi İli" elan olundu. Bu, islam ölkələrinin birliyinə verilən ən böyük töhfə oldu. Bildiyimiz kimi, İslam Konfransı Təşkilatının üzvü və ya müşahidəçisi olmayan ölkə ICESCO-nun üzvlüyünə iddia edə bilməz. Bu baxımdan, müstəqil Azərbaycan "İslam dünyasının BMT - si" adlandırılan İslam Əməkdaşlıq Təşkilatın da fəal üzvüdür. Hazırda Azərbaycan təşkilatın fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində aktiv iştirak edir. Təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir.

2-3 dekabr 2019-cu il tarixlərində ICESCO-nun Baş qərargahında keçirilmiş İslam Dünyası İrsi Komitəsinin növbədənkənar toplantısında Azərbaycan Respublikasının mədəni irs nümunələri - Bakının İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı İslam Dünyası İrsi Siyahısına daxil edilmişdir. 29 sentyabr 2020-ci il tarixində ICESCO irs, mədəniyyət və təhsil ilə əlaqəli bir qurum olaraq Azərbaycan və Ermənistan arasındakı Qarabağ münaqişəsi ətrafında cərəyan edən son hadisələrdən, əhəmiyyətli sivil dəyərə malik arxeoloji və tarixi məkanların, o cümlədən bir sıra məscidlərin və müqəddəs tarixi yerlərə qarşı dağıntıların törədilməsindən narahatlığını bildirən bəyanatla çıxış etmişdir.

2024-cü il üzrə İslam dünyasının mədəniyyət paytaxtı seçilən Şuşada bu ilin may ayında Heydər Əliyev Fondu və ICESCO arasında mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsinin aparılmasını, eyni zamanda, birgə layihələrin icra olunmasını nəzərdə tutan əməkdaşlığa dair imzalanan memorandum da əlaqələrin genişləndirilməsi istiqamətində növbəti addım kimi dəyərləndirilir.

Zümrüd BAYRAMOVA

Chosen
31
sesqazeti.az

1Sources