EN

Möhtəşəm qələbəmizin Zəfər parkı

Döyüş meydanında yenilməz iradə, siyasi müdriklik və əzm nümayiş etdirərək qazandığımız möhtəşəm Zəfərimiz xalqımızın qəhrəmanlıq tarixində yeni səhifə yaratmış oldu. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi əzmkarlıq, rəşadət və peşəkarlığı tarixi dastana çevrildi. Azərbaycan Prezidenti İlham Əliyevin müdrik strategiyası və ordunun qətiyyətli fəaliyyəti ölkənin suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Dövlət başçımızın "Qarabağ Azərbaycandır!" sözləri mübarizə və birlik simvoluna çevrildi və Prezidentlə xalqın sıx birliyi Böyük Zəfərin təminatı oldu. Azərbaycan xalqı üçün Zəfər Günü həm qürurumuzu yaşadan, həm də gələcəyin parlaq hədəflərinə gedən yolda mühüm bir tarix olaraq əbədi qalacaqlır. Zəfərimizdən sonra Zəfər muzeyinin yaradılması haqqında dövlət başçısı tərəfindən imzalanan məlum Sərəncam qazanılmış Qələbəni müasir təqdimat metodları ilə insanlara çatdırılmasında mühüm sənəddir. Sərəncama əsasən, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi yaradıldı. Zəfər Günündə noyabrın 8-də Bakıda Zəfər parkının açılışı oldu. Xalqımızın Zəfər gününü qeyd etdiyi, qüruru yaşadığımız bir gündə baş tutan bu hadisə yaxın tarixi keçmişimizdən olan parlaq səhiflərin əbədiləşdirilməsidir. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə xalqa müraciətində söylədiyi kimi, "44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik".

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlər hər birimizdə sonsuz iftixar hissi doğurur. Azərbaycan xalqı bu gün torpaqlarını işğaldan azad etmiş xalq olaraq, qürürla, məğrurluqla yaşayır. "Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi", - müraciətində bildirən Azərbaycan Prezidenti qeyd edib ki, biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik. Əlbəttə ki, Azərbaycanın iqtisadi inkişaf, Beynəlxalq arenada qazandığı nüfuzu mövqeyi, eləcə də vətənpərvərlik ruhunda tərbiyə almış gənclərin döyüş ruhu zəfərimizi şərtləndirən amillərdir.

Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.

44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. 2020-ci ilin 8 noyabr tarixi - Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi günü yadda qaldı. Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi və düşmənin ağ bayraq qaldırmaqdan başqa çıxış yolu yox idi. 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi və böyük Sərkərdəliyi sayəsində torpaqlarımız işğalçılardan azad edildi.

2023-cü ilin sentyabrın 19-da Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin həyata keçirdiyi hərbi təxribatlara cavab olaraq Ordumuz bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayaraq yenidən xalqımıza qələbə sevincini yaşatdı. Əlbəttə ki, Azərbaycan Ordusunun gücü dövlətin qüdrətinin nümunəsidir. Regionun hazırlıqlı Azərbaycan Ordusu ən müasir tələblərə cavab verən ordudur. Bölgədə məskunlaşmış qeyri-qanuni erməni silahlı birləşmələri bu tədbirlər nəticəsində zərərsizləşdirildi. "2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı onlara növbəti bir dərs olmuşdur və bununla da separatçılığın kökü kəsildi, kitabı bağlandı. İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb. Bütün bu şanlı tarixi Azərbaycan xalqı öz qanı ilə, öz gücü ilə yazmışdır" – deyə Prezident bildirib.

Otuz ilə yaxın bir zamanda erməni işğalında olan torpaqlarını azad edən Azərbaycan bu gün yeni bir dövrünə qədəm qoyub. Azərbaycan daha uğurlu bir gələcəyə doğru irəliləyir. Azərbaycanın tarixi Zəfəri, ölkəmizin sülh və təhlükəsizlik şəraitində inkişafı, eləcə də regionda davamlı sülh üçün daha möhkəm əsaslar yaradır.

Zəfər Günündə şəhərimizdə açılan Zəfər parkı Qələbəmizin rəmzidir. Dövlət başçısının bidirdiyi kimi, qələbə bizimlə əbədi olacaq və Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.

Güləddin DADAŞOV,

YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri, "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Chosen
31
sesqazeti.az

1Sources