EN

Bu şəhərə mütləq gedin! - Bir-iki ildən sonra mümkün OLMAYACAQ

"Son dövrlərdə Azərbaycanda hansı istiqamətlərə daha çox maraq varsa, o istiqamətlərə də aviarelslər açılıb. Ölkəmizdə Lənkəran, Naxçıvan, Gəncə, Qəbələ, işğaldan azad olunmuş torpaqlarda fəaliyyət göstərən beynəlxalq hava limanlarımız var. Yaxşı olardı ki, regionlarımızın imkanlarından istifadə edərək orada yaşayan vətəndaşların birbaşa xarici ölkələrə getməsi təmin olunsun".

Bu sözləri turizm eksperti Əziz Şiriyev xarici ölkələrə birbaşa aviarelslərin açılması ilə bağlı Redaktor.az-a danışarkən deyib.

"Məsələn, bu gün Pakistanla münasibətimiz yaxşıdır, oradan xeyli sayda turist gəlirsə, həmin ölkəyə birbaşa reys açılır. Hazırda Dubaya, İstanbula, bir sıra şəhərlərə AZAL-dan birbaşa reys var. Birbaşa olmayan reyslər belə digər hava yolları vasitəsilə həyata keçirilir. Məsələn, "Flydubai" var ki Dubaya uçur,  Macarıstana "Wizz Air" ilə aşağı qiymətli biletlər satılır. Bundan başqa, Əbu Dabiyə, Bəhreynə, Misirə, Şarm Əl-Şeyxə, Taylanda gedənlər var. Hətta son dövrlər bloggerlərin, müğənnilərin gedişi ilə əlaqədar Maldiv adalarına səyahətlər çoxalıb".

Ekspert:

Ə.Şiriyev bildirib ki, bir istiqamətə çox maraq varsa, birbaşa təyyarə reysi yaradılıb. Amma maraq az olduğu təqdirdə təyyarə reysi açmaq riskli məsələdir:

"Çünki bir təyyarənin kifayət qədər xərcləri var. Məsələn, bu gün Naxçıvana uçan təyyarələr qiymətinə görə Azərbaycan hava yollarına sərf etmir. Çünki qiymət 60 manatdır. Yerli vətəndaşlar üçün iki tərəfə uçuş 120 manat edir. Ancaq onun kilometrajına baxsaq, görəcəyik ki, gedib-gəlməyə xeyli maliyyə sərf olunur. Naxçıvan bizə aiddir deyə buna imkan var, lakin digər ölkələrlə bunu edə bilmirik. Çünki burada qiymət çox böyük rol oynayır. İnsanlar münasib qiymət istəyir. Paketlərin içərisində qiymətin çox hissəsini təyyarə biletləri tutur və bu, birmənalıdır. Əgər xərclər AZAL-ı qane etmirsə və zatən başqa hava yolları uçursa, onlardan ödəniş olunur və uçuşların həyata keçirilməsinə şərait yaradılır. AZAL ilə uçanda yemək verilir, baqaj qiymətin içərisinə daxil edilir. Nümunə üçün deyək ki, hazırda Dubaya birbaşa uçuş yoxdur. "Wizz Air" ilə Əbu-Dabiyə bir saatlıq yoldur ki, Dubaya gedəsiniz və təyyarədə uçarkən heç bir şey, hətta adi su belə pulsuz verilmir. Bunlar da qiymətlərə avtomatik təsir edir. Yaxud əlavə 20 kq baqaj almaq istəyirsən, 80 dollar pul istəyirlər, 10 kq baqaj almaq üçün 25 dollar ödəməlisən".

Turizm eksperti qeyd edib ki, axır vaxtlarda Qətərin paytaxtı Doha daha çox aktual olub:

"AZAL oraya uçur və qiymətləri çox münasibdir. Halbuki fikrimcə, əslində, münasib olmamalıdır. Çünki Doha çox bahalı şəhərdir və dövlət dotasiyası var. Orada 1000 dollarlıq bir paketi 230-300 dollara ala bilərsiniz. Hələ ölkənin reklam marketinqi gedir, sonradan qiymətlər qalxacaq, 800, 900, 1000 dollar olacaq. Ona görə də mən vətəndaşlarımıza da tövsiyə edirəm ki, bu imkanlardan istifadə eləsinlər. Bir-iki ildən sonra bu, mümkün olmayacaq".

Chosen
8
3
turanpress.com

4Sources