EN

“Mançester Siti”yə nə olub? - TƏHLİL

“Mançester Siti” müxtəlif turnirlər çərçivəsində keçirdiyi ardıcıl 4 oyunda uduzub. “Şəhərlilər” Liqa kubokunda “Tottenhem”lə (1:2), premyer-liqada “Bornmut” və “Brayton” ilə (hər ikisi 1:2), Çempionlar Liqasında isə “Sportinq”lə (1:4) bacarmayıb. Məşqçi karyerasında ilk dəfə belə aqibət yaşayan Xosep Qvardiolanın böhranı nə ilə bağlıdı?

MS uğurlardan doyub, eyni zamanda gücünə həddən artıq çox inanır – premyer-liqanın 2024/25 mövsümünün ilk 11 turundan çıxan nəticə budu. Məlum olduğu kimi, İngiltərə çempionatında hətta əfsanəvi ser Aleks Ferqyuson da ardıcıl üç dəfə çempion olmaqdan irəli gedə bilməyib. Qvardiola ilə bu ilin mayında unikal rekord məyyənləşdirdi – ardıcıl 4 çempionluq!

Komanda yeni mövsümə də qızılın şəfəqləri altında qədəm qoydu. Və Arne Slotun üfüqdə peyda olmasını gözdən qaçırdı. Yürgen Klopu əvəz edən niderlandlı məşqçi elə indi Pepi 5, daha dörd komandanı isə 9 xal qabaqlayır. Özü də “Siti” Qvardiola dönəmindəki çempionluqları çətin mübarizədə qazanıb: 2019-da 98 xal toplayan “şəhərlilər” “Liverpul”dan (97) 1 xal öndə olub. Elə 2022-ci ildə də mənzərə təkrarlanıb: 93 92-yə qarşı. Artetanın “Arsenal”ı son mövsümdə 89 xal toplasa da, sonda Pepin komandasından 2 xal geri qalıb.

Yəni bütün bu illər ərzində MS-nin düşərgəsində belə düşüncə formalaşıb ki, nə olur-olsun, sonda biz sevinəcəyik. Öz gücünə inam hədsiz özünəinama və başqalarına yuxarıdan aşağı baxmağa çevrilib ki, bu da dərhal nəticələrdə özünü göstərir. Rəqiblərə hörmətsizlik isə ilk növbədə komandanın əsas ulduzu Erlinq Holanndan gəlir. Norveçli ulduz “Arsenal”la oyunun (2:2) sonunda topu Qabriel Maqalyaesin başına atdı, final fitindən sonra sa bürün subordinasiya qaydalarını pozaraq Mikel Artetaya “təvazökar olmağı” məsləhət gördü.

Beynəlxalq fasilə ərəfəsindəki son – “Siti”nin “Brayton”a uduzduğu oyunda Holann gah qəzəbdən qışqırdı, gah da özündən çıxaraq əlbəyaxa davaya girişdi. Norveçli ulduz “qağayılar”ın müdafiəçisi Yan Pol van Hekkenin formasından yapışaraq, sözün hərfi mənasında qazona sərdi. Erlinqin davranışı bütün komandanın mental durumunun təcəssümüdü. Burda çalışanlar qələbələrə və jurnalistlərin sosial sığalına necə öyrəşiblərsə, ənənəvi ssenaridən istənilən yayınma isterikaya və pozulmalara gətirib çıxarır.

“Mançester Siti”nin Qvardiolayaqədərki dönəmə dönüşünün aşkar səbəblərindən biri də komandanın qaçılmaz yaşlanmasıdı. İlkay Gündoğanla Kayl Uoker artıq 34 yaşı tamamlayıb, Kevin de Bruyne 33-ə, Bernardo Silva 30-a çatıb. Bunların hər biri ya zirvə dönəmini arxada qoyub, ya da qüruba yaxınlaşır. Yaş hamıdan çox Uokerə təsir göstərib. O, əvvəllər anadangəlmə atletizm sayəsində istənilən rəqibi “yeyirdisə”, indi özü daha gənc vingerlərin yeminə çevrilib. Həm “Bornmut”dan Antuan Semenyo, həm də “Brayton”dan Kaoru Mitoma Uokeri dəfələrlə arxada qoydu. Təəssüf ki, futbolda yaş mütləq özünü göstərir.

Nəhayət, zədələri də unutmayaq. Xüsusən də “Arsenal”la oyunda xaçvari bağlarını qıran Rodrini. İspaniyalının heyətində olduğu və olmadı “Siti” fərqli səviyyəli komandalardı. Bunlardan biri rəqiblərini darmadağın edirsə, o biri mütləq büdrəyir. Rodri Qvardiolanın memarlıq yaradıcılığının üzərində dayandığı özüldü. Onun yoxluğunda komandanın meydandakı hadisələrin axarına nəzarət etməsi çətinləşir. Elə ispaniyalı ulduz özü də bu məqamın fərqindədi:

“Hücumlarımıza dinamika, ritm qatmaq üçün meydandayam. Vəzifəm oyunu oxumaq, xaosu aradan qaldırmaqdı”.

Xarakterik statistika var: “Siti” ötən mövsüm boyunca bütün turnirlərdə cəmi 5 oyunda uduzdu (“Real” və “Arsenal” ilə oyunlardakı penalti seriyasını nəzərə almasaq). Bu oyunların dördündə Rodri heyətdə yox idi. O zədələnəndən sonra komandanın problemlərlə üzləşməsi təəccüb doğurmamalıdı – “Real” düşərgəsinin kəskin narazılığına baxmayaraq, “Qızıl top”u heç bir futbolçuya boşuna vermilər ki!

Yeri gəlmişkən, bütün çətinliklərə rəğmən, Qvardiola elə Qvardioladı. “Şəhərlilər” hətta indiki nəticələr fonunda da lider “Liverpul”dan cəmi 5 xal geri qalır, dekabrın 1-də isə bu komandalar şəxsi dueldə qarşılaşacaq. “Siti” Slotun komandasını məğlub edən kimi Pep yenidən qanın qoxusunu hiss edəcək. Böhranlı payızdan sonra titul qazanmağın yolunu isə “Etihad”da Britaniyanın istənilən başqa stadionundakından daha yaxşı bilirlər.
Chosen
40
football-plus.az

1Sources