EN

COP29-da türk dövlətləri QHT-lərii bir araya gəldi

COP29 çərçivəsində noyabrın 18-də Yaşıl Zonada Türk Dövlətləri Təşkilatına (TDT) üzv və bu təşkilatda müşahidəçi statusa malik 8 ölkədən olan QHT-lərin birgə iqlim təşəbbüslərinə dair forum keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, insan kapitalına dair “Türk ölkələrinin iqlim təşəbbüsü Forumu” Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə baş tutub. Foruma Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistandan olan vətəndaş cəmiyyəti təsisatlarından nümayəndələr qatılıblar.

Tədbirdə çıxış edən “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, türk dövlətlərinin birgə ekoloji problemlərin həlli və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində əməkdaşlığını gücləndirmək tədbirin əsas müzakirə mövzularından biridir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxışında son dövrlər Azərbaycanın sosial-iqtisadi inkişafının yeni mərhələsində olduğunu deyib. Qeyd olunub ki, bu gün türk dövlətləri arasında əlaqələr ictimai-siyasi həyatın bütün sahələrində intensiv dinamika ilə inkişaf edir. Tarixdən gələn bir sıra bağlılıqlar və vətəndaş cəmiyyətlərinin qarşılıqlı əməkdaşlığı ölkələri daha da birləşdirir. COP29-un insan kapitalına həsr edilmiş tematik günündə türk dövlətlərini təmsil edən QHT-lərin Forumunun keçirilməsi çox önəmlidir. Bu baxımdan, türk coğrafiyasının uzunmüddətli inkişafına yalnız insan kapitalının gücləndirilməsi vasitəsilə nail olmaq və regionun üzləşdiyi ekoloji təhdidlərlə birgə mübarizə aparmaq olar.

Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini Ramil Həsən qeyd edib ki, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin QHT-ləri COP29 çərçivəsində həyata keçirilən proseslərdə fəal iştirak edirlər.

Milli Məclisin deputatı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva da dünyada baş verən qlobal iqlim dəyişmələrinin mənfi təsirləri və yaratdığı təhdidlər haqqında danışıb. Ekologiyanın qorunması istiqamətində qanunverici çərçivənin yaradılmasının əhəmiyyətinə toxunan G.Paşayeva əlavə edib ki, qlobal iqlim çağırışlarının həllində hər bir kəsin iştirakı vacibdir.

Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbarə Sultanova Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsinin Türk dünyası üçün önəmini vurğulayaraq, bu prosesdə QHT-lər çərçivəsində də əməkdaşlığın genişləndirilməsini mühüm hadisə adlandırıb.

Özbəkistan Qeyri-Hökumət Təşkilatları Milli Assosiasiyasının İdarə Heyətinin sədri Kamoliddin İşanxocayev Azərbaycanın bütün beynəlxalq normalardan irəli gələn öhdəliklərə riayət etdiyini vurğulayıb. O bildirib ki, COP29-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülən təşəbbüslər Azərbaycan tərəfindən də dəstəklənib. “Ümid edirəm ki, Azərbaycan ilə Özbəkistan arasında bu sahədə həm dövlət, həm də QHT-lər səviyyəsində danışıqlar aparılacaq”, - deyə K.İşanxocayev diqqətə çatdırıb.

Sonra forum panel müzakirələrlə davam edib.

Chosen
30
4
bakivaxti.az

10Sources