Fələstinin HƏMAS hərəkatı Siyasi Büro üzvlərinin Türkiyəyə köçməsi ilə bağlı xəbərləri təkzib edib. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı açıqlama hərəkatın rəsmi Telegram kanalında dərc olunub.HƏMAS-dakı mənbələr hərəkat liderlərinin Qətərdən Türkiyəyə getməsi ilə bağlı İsrail mediasında yayılan məlumatları təkzib ediblər. Qeyd edilib ki, Siyasi Bürosunun qərargahının köçürülməsi ilə bağlı məlumat “İsrail tərəfindən vaxtaşırı yayılan şayiələrdir”.Türkiyənin NTV telekanalı da bazar ertəsi diplomatik mənbələrə istinadən bəyan edib ki, HƏMAS-ın qərargahının Türkiyəyə köçürülməsi ilə bağlı məlumat həqiqətə uyğun deyil.Qeyd edək ki, “The Times of Israel” adı açıqlanmayan ərəb diplomatına istinadən yazıb ki, HƏMAS-ın yüksək rütbəli rəsmiləri Dohanın Qəzza danışıqlarında vasitəçiliyi dayandırdığını elan etdikdən sonra keçən həftə Qətəri tərk edərək Türkiyəyə gediblər. Öz növbəsində Britaniyanın “Financial Times” nəşri iddia edib ki, Qətər ABŞ-ın təzyiqi altında HƏMAS rəhbərliyindən ölkəni tərk etməyi xahiş edib, çünki hərəkat Qəzza zolağında atəşkəs danışıqları çərçivəsində israilli girovların azad edilməsi ilə bağlı vasitəçilərin təkliflərini dəfələrlə rədd edib.