EN

BMT-nin qətnaməsi Ermənistanın müharibə cinayətlərini sübuta yetirir

BMT Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən irəli sürülmüş qətnamə layihəsi üzrə bir ay ərzində üzv dövlətlərlə aparılmış intensiv danışıqlar nəticəsində layihənin mətni razılaşdırılıb.

 

Qətnaməyə 56 ölkə həmmüəllif qismində qoşulub. Qətnamə mətninin Komitədə təqdimatı zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Nərmin Ahəngari çıxışında “İtkin düşmüş şəxslər” adlı qətnamənin ilk dəfə 2002-ci ildə BMT Baş Assambleyasının 57-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə qəbul edildiyini və qətnamənin hər iki ildən bir irəli sürüldüyünü xatırladıb.

 

Diplomat mətndə əks olunmuş yeni bəndlər barədə üzv dövlətlərin nümayəndələrinə ətraflı məlumat verib. Ahəngari qeyd edib ki, bu ilki qətnamənin mətnində minaların mövcudluğunun itkin düşmüş şəxslərin qalıqlarının aşkarlanması üzrə əməliyyatlara yaratdığı maneələr də öz əksini tapıb. O qeyd edib ki, mətndə əlaqədar dövlətlərin insan qalıqlarının təhlükəsiz axtarışı üçün əməkdaşlıq etmək çağırışları öz əksini tapıb.

 

Qətnamə barədə Modern.az-a danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, Birinci Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı məlumatları ölkəmizin bütün tələblərinə baxmayaraq Ermənistan bugünə qədər təqdim etməyib:

 

“Eyni zamanda Ermənistanın bu istiqamətdə beynəlxalq təşkilatlarla da faktiki olaraq əməkdaşlığı yoxdur. İşğaldan azad edilmiş ərazilərdə tapılan kütləvi məzarlıqlar sübutaz yetirir ki, itkin düşən şəxslərin böyük əksəriyyəti həmin dövrdə təcavüzkar Ermənistan ordusu tərəfindən qətlə yetirilib, işkəncələrə məruz qalıblar. Görünür, bu faktların üzərinin açılmaması üçün də Ermənistan informasiyaları gizlətməyə cəhd göstərir. Yaxud bəlli olduğu kimi həmin dövrdə Ermənistan insan orqanlarının müxtəlif ölkələrə göndərilməsində ön sırada gəlirdi. Bu ağır müharibə cinayətidir. Əslində bütün bu faktorlar Ermənistanın nə qədər ağır müharibə cinayətləri törətdiyini sübuta yetirir”.

 

E.Mirzəbəylinin sözlərinə görə, qəbul olunan qətnamə prinsip etibarilə Azərbaycanın Ermənistana qarşı müvafiq instansiyalarda qaldırdığı müvafiq məhkəmə mübahisələrində yaxud cinayət faktları ilə bağlı məhkəmə proseslərində istifadə olunmaq üçün önəmli faktorlardan biridir:

 

“Ermənistana qarşı qaldırılan və qaldırılacaq işlər mahiyyət etibarilə çoxkomponentlidir, yəni müxtəlif sahələri əhatə edir. Onların içərisində etnik təmizləmə, soyqırım cinayətləri də var. Bu cinayətlərin komponenti kimi də itkin düşən şəxslərlə bağlı faktor da çox güman ki, qaldırılacaq. Qəbul olunan qətnamə də bu faktların bir daha əsaslandırılması üçün önəmli sənəd kimi qəbul edilə bilər”.

Chosen
34
modern.az

1Sources