EN

Eltun Süleymanov: "YAP xalqın partiyasıdır"



Azərbaycanın siyasi məkanında milli siyasi iradəni təmsil edən Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 32 il ötür. Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi böhranın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri, müdrik oğlu Ulu öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi.

Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində,bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladığı bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Belə bir məqamda, Azərbaycan xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini, Azərbaycan ziyalılarının ürək ağrısı və nigarançılığını, həmçinin, bununla bağlı bir qrup görkəmli şəxslərin müraciətini nəzərə alan ulu öndər Heydər Əliyev onlara yazdığı 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi.
550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Yeni Azərbaycan Partiyasının yaradılması Ulu öndər Heydər Əliyevin siyasi irsinin təcəssümü kimi, həyata vəsiqə aldı. Ulu öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı demək idi. Bu, həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə-iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. Ulu öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə qaldırdı. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılması tarixi şəraitin diqtəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləmişdir: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının sıralarına bu gün yüz minlərlə insanın birləşməsini hələ sağlığında canlı əfsanəyə çevrilmiş Ulu öndərin və bu gün onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin xalqa göstərdiyi misilsiz xidmətin nəticəsi kimi dəyərləndirilir. Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir. Ulu öndər vaxtilə demişdir: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Həqiqətən də, bu gün ölkəmiz Prezident İlham Əliyevin və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın simasında dünyada bir günəş kimi parlayır. 2003-cü ilin prezident seçkiləri ərəfəsində Ümummilli Liderimiz Heydər Əliyevin xalqa müraciəti zamanı ifadə etdiyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” müdrik kəlamı bu gün tam təsdiqini tapdı. Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə apardığımız “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 il işğal altında qalan torpaqlarımız azadlığa qovuşdu, ərazi bütövlüyümüz bərpa olundu. Qarşıda isə bizi daha böyük hədəflər, məqsədlər gözləyir. Bu hədəflərə çatmağın yeganə qarantı isə xalq olaraq Prezidentimizin ətrafında sıx birləşmək və Heydər Əliyev ideyalarını gələcək nəsillərə ötürməkdir. Heydər Əliyev siyasəti uğurlu və xoşbəxt gələcəyimizin əsas təminatçısıdır-deyə E. Süleymanov fikrini tamamlayıb.
 



Chosen
21
50
aia.az

10Sources