EN

Cənubi Qafqazda yeni diplomatik dövr: Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu

Cənubi Qafqazda uzun illərdir davam edən münaqişələr və gərginliklər, son illərdə yeni diplomatik inkişaflarla özünü göstərir. Xüsusilə 44 günlük müharibənin ardından, regionda sülh və sabitlik yaratmaq məqsədilə bir sıra mühüm addımlar atılmağa başlanıb. Belə ki, Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi olmağı təklif edib. Gürcüstanın Baş naziri İrakli Kobaxidze, ölkəsinin Azərbaycan və Ermənistan arasında vasitəçilik etməyə hazır olduğunu bildirib. Baş nazir  Gürcüstan televiziyasına verdiyi müsahibədə qeyd edib ki, əgər hər iki tərəf istəyərsə, Gürcüstan danışıqlar prosesində daha fəal iştirak etməyə və iki qonşu ölkəyə yardım və dəstək göstərməyə hazırdır. Kobaxidze vurğulayıb ki, Gürcüstanın vasitəçi kimi çıxış etməsi və ya danışıqların təmin edilməsi prosesində daha fəal iştirak etməsinə maraq yaranarsa, ölkəsi hər zaman buna hazırdır. O, hazırda da bu rolu yerinə yetirməyə hazır olduqlarını və iki qonşu ölkəyə yardım və dəstək təklif etməyə hazır olduqlarını bildirib.
 
 
Bu barədə Moderator.az – a açıqlama verən siyasi şərhçi Elşad Həsənov qeyd edib ki, Gürcüstan strateji müttəfiqimizdir:
 
“44 günlük müharibə zamanı  Gürcüstan Ermənistanın Azərbaycan torpaqlarına silah göndərməsinin qarşısını alıb. Gürcüstan, Cənubi Qafqazın strateji və geosiyasi baxımdan ən vacib ölkələrindən biridir. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi üçün Gürcüstanın vasitəçiliyi önəmli bir rol oynaya bilər. Azərbaycan prezidenti, keçən il Gürcüstana etdiyi rəsmi səfərdə bu ölkənin sülh və danışıqların aparılması baxımından vacib bir platforma olduğunu qeyd etmişdir. Gürcüstanın həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətləri olması, onu bölgədəki əsas vasitəçi dövlətlərdən birinə çevirir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün, Gürcüstanın iştirak edəcəyi müzakirələrdə regionda sabitliyin təmin edilməsinə dair razılaşmalar əldə edilə bilər. Gürcüstanın rolunun güclənməsi, həm də Cənubi Qafqazda geniş miqyaslı sülhə doğru atılmış mühüm bir addım sayılacaqdır. Bu baxımdan, Gürcüstanın vasitəçiliyi ilə yeni danışıqların baş tutması, sülh proseslərinin daha da irəliləməsinə səbəb ola bilər”.
 
Ekspertin sözlərinə görə,  Azərbaycan və Ermənistan arasında kommunikasiya kanallarının açılması istiqamətində addımlar atılmaqdadır:
 
“Azərbaycan Prezidenti, bir neçə dəfə kommunikasiyaların açılmasının mümkünsüz olmadığını və bunun yaxın gələcəkdə baş verə biləcəyini qeyd etmişdir. Lakin bu prosesin sülh müqaviləsinin bağlanmasından əvvəl baş verməsi ehtimalı, sülhə dair əhəmiyyətli bir mərhələdir. Hər iki tərəf arasında qarşılıqlı razılaşmalar əsasında bu kommunikasiyaların açılması mümkündür və regionda sülhün qurulması üçün müsbət bir işarə kimi qiymətləndirilə bilər.
Bununla yanaşı, sülh müqaviləsinin bağlanmasında ən böyük maneə, Ermənistanın Azərbaycanla bağlı torpaq iddialarından rəsmi şəkildə əl çəkməsi və bunun üçün konstitusional dəyişikliklər etməsidir. Ermənistanın konstitusiyasındakı bu maddələrin dəyişdirilməsi, xüsusilə də referenduma getməyi tələb edir və bu prosesin zaman alması gözlənilir. Bu səbəbdən, tam anlamıyla bir sülh müqaviləsinin imzalanması üçün hələ müəyyən bir zaman lazım ola bilər, lakin kommunikasiyaların açılması bu gözləntini uzatmamağa və regionda daha müsbət bir atmosfere səbəb ola bilər. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi barədə aparılan danışıqlarda bəzi razılaşdırılmış maddələr üzərində fikir ayrılıqları mövcuddur. Lakin hər iki tərəf arasında bəzi razılaşdırılmış maddələrə əsaslanan sülh müqaviləsinin bağlanması mümkündür. Hətta, bu müqavilənin bağlanması üçün nəzərdə tutulan bəzi vacib məsələlər sonradan müzakirə edilə bilər. Bu, müsbət bir yanaşma olaraq, tərəflərin daha çox anlaşma əldə etməsinə şərait yaradır.
Sülh müqaviləsinin bağlanması üçün baş verəcək növbəti addımlar, hər iki dövlətin liderlərinin və diplomatik nümayəndələrinin mövqeyinə bağlıdır. Hazırda kommunikasiya kanallarının açılması, sabitlik və gələcək müzakirələr üçün əlverişli bir zəmin yaradır. Gürcüstanın sülh proseslərində vasitəçi kimi rolunun artırılması, bu prosesi sürətləndirə bilər. Kommunikasiyaların açılması, tərəflərin birgə razılaşma ilə regionda daha böyük sabitliyə doğru bir addım atması üçün bir fürsət yaradır.Bu proseslər yaxın gələcəkdə daha da aktivləşəcək və regionda yeni bir sülh dövrünün başlanğıcı ola bilər”.
 
Mehin Mehmanqızı
 
Chosen
98
8
moderator.az

10Sources