Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “İnsan inkişafının davamlılığının qorunması: iqlim maliyyəsinin sosial müdafiə üçün səfərbər edilməsi” tədbiri keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) tərəfdaşlığı ilə baş tutan tədbirdə müxtəlif ölkələrdən, beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilər iştirak edib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov insan inkişafının təmin edilməsi, həssas qruplara aid uşaqların və ailələrin sosial dəstək mexanizmləri ilə əhatə olunması sahəsində ölkəmizin təcrübəsini qeyd edib. O, pandemiya dövründə hazırlanaraq həyata keçirilən sosial müdafiə mexanizmlərini, görülən bu tədbirlərin müsbət nəticələrini qeyd edib.
Nazir müavini ölkəmizdə sosial təminat sisteminin, sosial xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi üçün aparılan islahatları diqqətə çatdırıb. Həssas əhali qruplarına yönələn sosial müdafiə sisteminin bundan sonra da inkişaf etdirilməsinin dövlətimizin siyasətində prioritet istiqamətlərdən olduğunu, bu istiqamətdə davamlı addımlar atıldığını qeyd edib.
A.Kərimov həssas qruplarla bağlı sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi işlərində UNICEF-lə birgə layihələrin önəmini diqqətə çatdırıb.
Tədbirdə müxtəlif ölkələrdən, beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilərin çıxışları dinlənilib. İqlim fəaliyyəti zamanı sosial müdafiənin mühüm roluna, iqlim maliyyəsinin həssas qruplardan olan insanlar üçün dəstək yönümlü olmasına, həmin insanların, ümumən insan inkişafının iqlim dəyişikliklərinin fəsadlarından qorunması mexanizmlərinin hazırlanması, onların sosial müdafiə ilə əhatə olunması məsələlərinə dair müzakirələr aparılıb.
Poliqon.info