EN

Xəzərə ümumi nəzarəti həyata keçirən bir təşkilat yaradılmalıdır —Ekoloq

COP29-da müzakirə olunan önəmli məsələlərdən biri də Xəzər dənizinin taleyidir. Xəzər dənizi Aral dənizinin taleyini yaşaya bilər. Tədbir çərçivəsində Xəzər dənizinin problemləri ilə birgə mübarizə aparmaq üçün bəyannamə qəbul edildi. Xəzər dənizinin suyu getdikcə azalır, bu da sualtı canlıları, bitki örtüyünü təhlükə qarşısında qoyur. 

Ekoloq Ənvər Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, hazırda rütubətli dövr başlayıb, yağıntıların miqdarı çoxalıb, sululuq artıb. Onun sözlərinə görə bu tendensiya davam edərsə, Xəzər dənizi özü özünü bərpa edəcək: 

“Xəzər dənizi əvvəllər bir dövlətin nəzarətində idi. Təbii sərvətlərinə nəzarət olunurdu, balıqların ovlanmasına icazə verilmirdi, ona görə də problem yox idi. İndi isə Xəzər 5 dövlətin əlindədir, hər dövlətin də öz marağı var”. 

Ekspert hesab edir ki, Xəzəryanı dövlətlərin ümumi Xəzər tədqiqat institutu olmalıdır:

“Bir müddət bu məsələ çox aktuallaşdı, lakin sonradan bu istiqamətdə görülən işlər dayandı. Xəzər dənizində hərbi və nəqliyyat gəmiləri tüğyan edir. Müşahidə gəmisi isə yoxdur. Tədqiqat mərkəzi olmalı, müşahidələr aparılmalıdır. Flora və fauna öyrənilməlidir. Xəzərin səviyyəsi azaldıqca dənizdəki canlıların qida ehtiyatı da azalır. Xəzər daha dayaz yerlərə yayıldıqca bitki örtüyü və flora və fauna balıqların yeminə çevrilir. Temperatur da qalxır, günəş şüası nəticəsində balıqlar üçün yem çoxalmağa başlayır”. 

Ekoloq bildirib ki, Xəzər dənizinə ümumi nəzarəti həyata keçirən bir təşkilat olmalıdır:

“Xəzərdən götürülən balıq ehtiyatları var. Nərə balığının müxtəlif növləri qiymətli balıqlar sırasındadır. Bu balıqların nəsli artırılmalıdır. İndi nəzarət yoxdur, hər dövlət istədiyini edir. Xəzərin suyunun mikrobioloji vəziyyəti də yoxlanılmalıdır. Dənizə çoxlu miqdarda tullantılar atılır, bunu minimum səviyyəyə endirmək lazımdır, tullantıların utilizasiyasına nəzarət edilməlidir”.

Törə Zeynallı
Demokrat.az

Chosen
40
demokrat.az

1Sources