ABŞ Prezidenti Co Baydenin Ukraynanın Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verdiyinə dair iddialar narahatlığı artırıb.
Bu xəbərin ardınca Böyük Britaniya və Fransanın da bənzər qərar verdiyi iddia edilir. Məlumata görə, Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Co Bayden qərarını dəyişib. Beləlikə Vaşinqton, London və Parisin məxfi danışıqlar apararaq razılığa gəliblər. Kreml isə bu addımın müharibənin gedişatına ciddi şəkildə təsir edəcəyini açıqlayıb. Yaranan gərginliyin hətta Üçüncü Dünya müharibəsi ilə nəticələnə biləcəyi haqda fikirlər səsləndirilir.
Rusiya ərazisi NATO, ABŞ, Fransa və Britaniyanın uzaqmənzilli raketləri ilə vurularsa, Moskva buna nüvə silahı ilə cavab verə bilərmi?
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, bu, mümkün versiyadır:
“Rusiya öz ərazilərini və strateji obyektlərini qorumaq üçün daha ciddi addımlar ata bilər. Lakin Kreml konkret nüvə silahından istifadə edəcək deyə bir şey yoxdur. Söhbət taktiki balistik raketlərdən və məhdud dağıdıcı gücə malik nüvə silahından gedir.
Qabil Hüseynli
Təəssüf ki, nüvə silahı dedikdə hər kəsin ağlına İkinci Dünya müharibəsi zamanı atılanlar gəlir. Hazırda nüvə ölkələrinin əlindəki silahlar 79-80 il əvvəlkindən qatbaqat dağıdıcı gücə malikdir. Bu silah sadəcə qorxutmaq, çəkindirmək məqsədi daşıyır. İstifadəsi elə də asan deyil. Hər şeydən öncə bu, xərcli bir aktdır. Yəni bir nüvə silahından istifadə milyonlarla dolların itirilməsi deməkdir. Digər tərəfdən, Rusiya bu silahdan istifadə edərsə, vuracağı bölgədən öz ərazisinə fəsadlar yayıla bilər”.
Politoloqun sözlərinə görə, ABŞ, Böyük Britaniya və Fransanın belə qərar verəcəyi gözlənilirdi:
“Xüsusilə Bayden bu addımı ilə Trampın prezidentlik dövrünü çətin bir hala salmaq istəyir. Yəni o, bu yolla bir növ Trampın Ukrayna münaqişəsini öz metodu ilə asanlıqla həll etməsinə mane olur. Böyük Britaniya və Fransa isə sadəcə müharibənin uzanmasını, Rusiyanın zəifləməsini istəyirlər.
Nəticə etibarilə Rusiya nüvə silahından istifadə edə bilər, lakin bu, tezliklə baş tutmayacaq”.