EN

"Temu" böyük qadağalarla üz üzə - "Onların devizi "dünyanı ələ keçirmək"dir"

Dərin endirimlər və aqressiv marketinq strategiyaları ilə tanınan Çin mənşəli onlayn ticarət platforması "Temu", cənub-şərqi Asiya bazarlarına daxil olarkən yerli satıcıların maraqlarını təhdid etdiyi üçün tənzimləyicilərin müqaviməti ilə üzləşib.

Valyuta.az "The Guardian"a istinadən xəbər verir ki, 2023-cü ilin oktyabrında İndoneziya, "Temu" tətbiqinin mağazalardan çıxarılmasını əmr edib. Bu addım kiçik yerli tacirləri qorumaq məqsədilə atılıb. Keçən həftə isə Vyetnam, "Temu" və digər Çin mənşəli sürətli moda platforması olan "Shein"in ölkədə fəaliyyət icazəsi almadığını əsas gətirərək, bu tətbiqlərin ayın sonuna qədər qadağan ediləcəyini elan edib.

Yerli istehsalçılar üçün rəqabət təzyiqi artır

"Cube" bazar araşdırma şirkətinin həmtəsisçisi Saymon Torring (Simon Torring) bildirib ki, Çin mənşəli ucuz məhsulların axını yerli istehsalçılara ciddi zərbə vurur. Onlar keyfiyyət, sürət və qiymət baxımından rəqabət aparmaqda çətinlik çəkirlər.

"Temu hazırda bütün tənzimləyicilər üçün diqqət mərkəzinə çevrilib. Sərhədlərarası idxal qaydalarının dəyişdirilməsi zərurəti haqqında narahatlıq artır", Torring əlavə edib.

Taylandda uşaqlar üçün oyuncaq istehsalı ilə məşğul olan "Taksa Toys" şirkətinin əməliyyat direktoru Poom Çotikavan (Poom Chotikavan) isə deyib ki, bir çox yerli tədarükçü fəaliyyətini dayandırıb və istehsalçı tapmaq çətinləşib. Onun sözlərinə görə, 2023-cü maliyyə ilində təxminən 2 min Tayland fabrikası bağlanıb və bu səbəbdən 50 mindən çox insan işsiz qalıb.

"Çindən məhsul əldə etmək bu qədər asan olmamışdı. Belə olan halda, yerli istehsalçılar necə davam gətirə bilərlər?" Çotikavan bildirib.

"Temu"nun genişlənmə strategiyası

"Temu"nun Çin bazarındakı ekvivalenti olan "Pinduoduo" 2015-ci ildən fəaliyyət göstərir. Platforma 2022-ci ildə ABŞ-da, 2023-cü ildə isə Avropa bazarlarında işə başlayıb. Eyni ildə "Temu" Filippin və Malayziyada fəaliyyətə başlayıb, bu il isə Tayland, Bruney və Vyetnam bazarlarında mövqelərini genişləndirmək niyyətindədir.

Cənub-şərqi Asiyanın orta təbəqəsi arasında artan istehlakçılıq bu regionu onlayn alış-veriş üçün ideal bazar halına gətirir. Bain & Co-nun noyabr ayında dərc etdiyi hesabatda bildirilir ki, 2024-cü ildə onlayn alış-verişdən əldə olunan gəlir 160 milyard ABŞ dollarına yaxınlaşacaq.

Endirim strategiyaları və rəqabət

"Temu", Qərb bazarlarında olduğu kimi, cənub-şərqi Asiyada da ucuz istehsal olunan məhsulları böyük endirimlərlə təqdim edir və aqressiv reklam kampaniyalarına üstünlük verir. Platformanın oyun elementləri ilə zənginləşdirilmiş alış-veriş təcrübəsi müştəriləri cəlb edir.

Lokal bazarlardakı məhsulların qiymətləri ilə müqayisədə, "Temu"nun təklif etdiyi məhsullar çox ucuzdur. Məsələn, İndoneziyada yerli satıcılar tərəfindən 18 dollara satılan çantalar "Temu"da cəmi 3 dollara təqdim edilir.

Hökumətlərin cavab tədbirləri

İndoneziya hökuməti 2023-cü ildə sosial media platformalarında elektron ticarəti qadağan edib və vergiləri artırıb. Bu tədbirlər həm yerli istehsalçıları qorumaq, həm də dövlət gəlirlərini artırmaq məqsədinə xidmət edir.

Lakin "Temu", qarşıya qoyduğu məqsədlərdən geri çəkilmək niyyətində deyil. Platforma, tənzimləyici maneələrə baxmayaraq, fəaliyyətini davam etdirmək üçün təkrar müraciətlər etməyə davam edir.

"Onların devizi 'dünyanı ələ keçirmək'dir", Torring qeyd edib.

Rəhim

Chosen
44
valyuta.az

1Sources