EN

Yer kürəsinə təhlükə: qitələr arasındakı məsafələr itəcək

Yer

Yer kürəsi nə vaxtsa yaşayış üçün yararsız hala düşəcək.

Reyting.az
xəbər verir ki, İngiltərənin Bristol Universitetindən olan mütəxəssislərin nəzəriyyəsinə görə, 250 milyon ildən sonra Yer kürəsinin qitələri arasında məsafələr tamamilə yox olacaq. Elm adamları iddia edirlər ki, bütün qitələr vahid superqitədə birləşəcək və bu proseslər nəticəsində məməlilərin münbit həyat şəraitində yaşadığı səthin cəmi 8-16 faizi qalacaq.

"Nature Geoscience" jurnalı yazır ki, artıq alimlər gələcək superqitə üçün ad da seçiblər: "Pangea Ultima".

Yer planetində iqlim əhəmiyyətli dəyişikliklərə məruz qalacaq və qitələrin birləşməsi məməlilərin, eləcə də insanların mövcudluğu üçün çox çətin şərait yaradacaq.

Alimlərin fikrincə, gələcəyin yeni superqitəsinə çevriləcək "Pangea Ultima"-da temperatur ehtimal olunduğu kimi, 40-50 dərəcə selsi aralığında dəyişəcək, hətta bəzi yerlərdə 70 dərəcəyə çatacaq.

Mütəxəssislər bildirirlər ki, bu istilərin əsas səbəbi qitələrin okeanlardan uzaqda cəmləşməsi olacaq. Bu proseslərin ardınca, həmçinin günəşin aktivliyi 2,5 faiz artacaq ki, bu da "istiliyi" daha artıracaq.

Alimlər deyiblər ki, vulkanik fəaliyyət də artacaq, bunun nəticəsində isə atmosferdə karbon qazının daha yüksək səviyyələri müşahidə olunacaq.

İddia olunur ki, ümumiyyətlə, məməlilərin yaşaya biləcəyi yer səthinin 8-16 faizi ilk növbədə sahil, eləcə də qütb olacaq. Daxili bölgələrdə isə həddindən artıq temperaturlu quru, cansız səhralar əmələ gələcək.

Tədqiqatçılar hesab edirlər ki, insanlar, ola bilsin, Yer planetindən kənarda yeni yaşayış məskənləri axtarmaq zərurəti ilə üzləşəcəklər. Lakin belə bir cəhdin uğurlu alınacağı, ya uğursuzluqla nəticələnəcəyi məlum deyil.

Onu da qeyd edək ki, bundan əvvəl yeni bir kəşfin ümidi ilə əhatəli elmi araşdırmalar aparmış Şimali Arizona Universitetinin kosmosu öyrənən amerikalı astronomları Yer planeti üçün potensial təhlükə yaradan uzunmüddətli kometləri (LPC) axtarmaq üsulunu kəşf ediblər.

Oqtay QORÇU
Chosen
27
1
reyting.az

4Sources