EN

COP29 - sağlam və təmiz gələcək üçün mühüm yol...

Panel iclaslarında müzakirə edilən problemlər qlobal xarakter daşıyır

Müasir çağırışlara hər zaman layiqli şəkildə cavab verən, yeni trendlərə qoşulan, bəşəriyyətin qorunması istiqamətində aparılan humanitar fəaliyyətdə daima ön sıralarda dayanan Azərbaycan COP29-a uğurla ev sahibliyi etməkdədir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 29-cu sessiyası qlobal miqyasda müzakirələr üçün yeni vəsilə oldu - xüsusilə, ölkəmizin regional və qlobal müstəvidə təqdim etdiyi yaşıl hədəflər, iqlim dəyişikliyi ilə mübarizə və ekoloji balansın qorunması sahəsində fəal addımları bu tədbiri daha da yaddaqalan edib. Qeyd edək ki, Azərbaycan 2030-cu ilə qədər karbon emissiyalarını azaltmağı hədəfləyən strateji planlar hazırlayıb - dövlətin “yaşıl” enerji sahəsindəki təşəbbüsləri, alternativ və bərpa olunan enerji mənbələrinə diqqət ayırması, o cümlədən günəş və külək enerjisi sahəsində atılan addımlar xüsusilə diqqəti cəlb edir. Bu mənada, COP29 qlobal tədbir kimi mühüm amilləri özündə birləşdirir. Təsadüfi deyil ki, tədbirin baş tutduğu bu günlərdə Azərbaycan bütün dünyanın diqqət mərkəzindədir - COP29 çərçivəsində keçirilən görüşlər, konfranslar, panel iclasları və konkret olaraq ayrı-ayrı istiqamətlər üzrə ixtisaslaşdırılmış toplantılar iqlim dəyişikliyi ilə mübarizə metodologiyasına yeni təcrübələr qazandırır.

Azərbaycanın qlobal iqlim proseslərinə töhfəsi...

Azərbaycan 29-cu COP samitinə ev sahibliyi etməsi ilə iqlim məsələlərində ön sıralarda təmsil olunmaq iddiasını əyani surətdə ortaya qoyur - bu, ölkəmizin yalnız enerji sahəsində deyil, həm də ekoloji və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq arenada daha fəal iştirak etdiyinin göstəricisidir. Xüsusən su ehtiyatlarının idarə edilməsi, torpaqların mühafizəsi və bioloji müxtəlifliyin qorunması sahəsindəki təşəbbüslər, təqdim edilən yol xəritələri göz oxşayır -  COP29 çərçivəsində Azərbaycanın qlobal iqlim proseslərinə töhfəsi saymaqla bitmir. COP29 qlobal iqlim probleminin həlli üçün konkret addımların müzakirə edildiyi və qlobal əməkdaşlıq ruhunun vurğulandığı mühüm platforma kimi özünü təsdiq edir. Məsələn, Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin açılışında onlarla ölkənin liderləri milli hədəflərini açıqladılar. Braziliya 2035-ci ilə qədər emissiyaları 67 faiz azaltmağı, Belçika iqlim maliyyəsini ikiqat artırmağı, Çin isə inkişaf etmiş ölkələri daha fəal addımlar atmağa çağırdı. Eyni zamanda, İspaniya və Türkiyə kimi ölkələr iqlim siyasətində milli nailiyyətlərini vurğuladılar.

İqlimin qorunması əsas prioritetlərdəndir...

COP29 çərçivəsində nail olunmuş uğurlardan biri də “İtki və Zərər” Fondudur. İnkişaf etməkdə olan ölkələr üçün zəruri maliyyə dəstəyini təmin etmək məqsədilə təsis edilən bu fond, 2025-ci ildən etibarən fəaliyyətə başlayacaq. Təsadüfi deyil ki, COP29 prezidenti Muxtar Babayev, fondun qlobal ədalət üçün böyük qələbə olduğunu qeyd edib.

Metan və qeyri-CO2 istixana qazları” mövzusunda keçirilən Sammitdə isə metan emissiyalarının azaldılması üçün yeni strategiyalar təqdim edildi. Sammit çərçivəsində yeni maliyyə öhdəlikləri də elan olundu.

Paralel olaraq yeni iqlim maliyyələşdirmə məqsədləri prioritet olaraq meydana çıxır. Bu məsələyə həsr olunan panel iclaslarında inkişaf etməkdə olan ölkələrə iqlim dəstəyi üçün maliyyələşmə məqsədlərini 2 trilyon dollara qədər genişləndirən təkliflər irəli sürüldü.  Təklif olunan müddətlər 2029-2035-ci illəri əhatə edir.

Eyni zamanda, COP29 çərçivəsində Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə “Rəqəmsal yaşıl üfüqlər: hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” mövzusunda tədbir keçirilib. Azərbaycanın rəqəmsal inkişaf strategiyasının vektorları, əldə edilən nailiyyətlər və yaxın perspektiv üçün qarşıda duran məqsədlərdən danışılıb - rəqəmsallaşmada əməkdaşlığın önəmi vurğulanıb. Bu prosesin böyük miqyasda reallaşması üçün digər dövlət qurumları ilə intensiv koordinasiyanın vacibliyinə diqqət çəkilib.

COP29 çərçivəsində “İqlim sağlamlığı böhranı: Çirklənmə orqanizmimizə və gələcəyimizə necə təsir edir” mövzusunda vorkşop təşkil olunub. Tədbirdə iqlim böhranının, çirklənmənin insan orqanizminə və gələcəyinə təsirindən bəhs edilib. Bildirilib ki, gələcəyimiz artıq risk altındadır. Çirklənmə təkcə ekoloji problem deyil, həm də sağlamlıq böhranıdır, ağciyərlərimizə, ürəyimizə və hətta beynimizə təsir edir. Təmiz hava haqqında danışarkən bu təkcə səmanı təmiz saxlamaqla bağlı deyil. Bu, ailələri astma və digər xəstəliklərdən qorumaqdır.

“Bacarıqların artırılması” mühüm müzakirə predmeti kimi...

COP29 çərçivəsində “PAŞA Holdinq”in təşkilatçılığı ilə “Bacarıqların artırılması” (Capacity building) mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılov Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdirdiyini, neft hasilatının azaldığını, qaz hasilatının isə çox artmadığını bildirib. “Buna görə iqtisadiyyatın digər sahələrini, xüsusən də yüksək texnoloji iqtisadiyyatı inkişaf etdirməyi düşünməliyik. Bunun üçün yaxşı təhsilə, universitetlərə və araşdırmalara ehtiyacımız var”, - deyə o qeyd edib.

Təmiz enerjinin texnologiyalardan, yeniliklərdən, startaplardan asılı olduğunu qeyd edən prorektor bütün bunların Azərbaycan üçün çox vacib olduğunu deyib: “Biz Lənkəranda fermerlərin, gənclərin imkanlarını genişləndirməyə, davamlı inkişafa xüsusi diqqət yetirməklə bir çox təlimlər keçirməyi planlaşdırırıq. Məhz buna görə də mən bütün şirkətləri, özəl sektoru bu təşəbbüsdə iştirak etməyə və Azərbaycanın gələcəyinə sərmayə qoymağa dəvət edirəm”.

COP29 çərçivəsində həm də “Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı” mövzusunda yüksəksəviyyəli panel müzakirəsi keçirilib. Panel sessiyası iqlim çağırışlarına cavab olaraq təhsildə transformativ yanaşmaların müzakirəsinə həsr olunub. Müzakirələr zamanı Azərbaycanda STEAM təhsili təşəbbüsünün şagirdlərə yaşıl enerji və davamlılıq sahəsində real layihələr üzərində işləməyə imkan yaratdığı da qeyd edilib. Panel müzakirəsi zamanı iqlimə həssas təhsilin qlobal təşviqində tərəfdaşlığın öhdəliyi bir daha təsdiqlənib və gələcək fəaliyyətlərin əsasən potensialın artırılması, eləcə də biliklərin bölüşdürülməsi istiqamətində olacağı vurğulanıb.

Təhsil və yenilik vasitəsilə ilhamlandıran dəyişiklik

COP29 çərçivəsində gənclərin inkişafı da yaddan çıxmayıb - “İqlim dəyişikliyi ilə mübarizədə gənclərin liderliyi: Təhsil və yenilik vasitəsilə ilhamlandıran dəyişiklik” adlı panel təşkil olunub. Tədbir Sumqayıt Dövlət Universiteti və Oksford Universitetinin (Said Business School) təşkilatçılığı ilə reallaşıb. Tədbirin moderatoru, Oksford Universitetinin əməkdaşı Josephine Fawkes çıxış edərək, panel haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, beş il əvvəl Azərbaycanda peşə təhsili məktəblərinə 12 min nəfər qəbul olub. İndi bu say 24 min nəfərə qədər artıb. Həmçinin on il əvvəl ali təhsilə çıxış 32 faiz idisə, bu il bu rəqəm 60 faizə yaxındır. 2026-cı ilə qədər onu 75 faizə qədər artırmaq planı var.

İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası

Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində iqlim və sağlamlıq mövzusunda yüksəksəviyyəli dəyirmi masa da keçirilib. Tədbir zamanı “İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası”nın yaradılması haqqında Niyyət Məktubu imzalanıb. Koalisiyanın tərkibinə Azərbaycan, Böyük Britaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Braziliya daxil olub. Bildirilib ki, COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan iqlim və sağlamlıq arasında əlaqənin təşviqinə sadiqdir. Qeyd olunub ki, COP26-da İqlim və Sağlamlığın qorunması naminə Transformasiya Alyansının (ATACH) yaradılması, COP27-də İqlim Fəaliyyəti və Qidalanma Təşəbbüsü (I-CAN), eləcə də Sağlamlıq üçün İqlim və Sağlamlığın Maliyyələşdirilməsi üzrə COP28-in Rəhbər prinsipləri kimi əvvəlki təşəbbüslər mühüm və möhkəm təməl qoyub. Bununla belə, əldə edilən nailiyyətlərlə kifayətlənilməməlidir...

Xəzərlə bağlı Bəyənnamə...

Regionun ən mühüm problemlərindən sayılan Xəzər dənizinin ekoloji durumu ilə bağlı məsələ də COP29-un əsas müzakirə predmetlərindəndir. Noyabrın 18-də COP29 çərçivəsində Azərbaycan milli pavilyonunda “İqlim dəyişikliyi fonunda Xəzər dənizinin səviyyəsinin azalması” mövzusunda Xəzəryanı ölkələrin rəsmilərinin toplantısı keçirilib. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə təşkil olunan toplantıda Xəzəryanı ölkələrin - Azərbaycanın, İranın, Qazaxıstanın, Rusiyanın və Türkmənistanın nümayəndələri, rəsmiləri, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdə “Xəzəryanı dövlətlərin nazirlərinin və yüksəkvəzifəli şəxslərinin Xəzər dənizi səviyyəsinin azalması ilə bağlı əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə” qəbul edilib.

S.İSMAYILZADƏ

Chosen
22
50
yeniazerbaycan.com

10Sources