EN

Əhmədov futbolumuzun inkişafına inanmır: “Təməldə hər şey yanlış qurulub”

“Yığmamız bu il faciə yaşadı. Hətta artıq futbolumuzun məhv olduğunu deyə bilərik. İllərdi məhv etməyə başlamışdılar, artıq tamamilə oldu. “Yığma komandalarımız” deyirəm, çünki “milli” deməyə dilim gəlmir. Bütün yaş qruplarında milliləşdirilmiş futbolçular var və çoxluq təşkil edir. Amma heç bir nəticə yoxdur. Çünki milliləşdirilmiş futbolçularda heç vaxt milli ruh, vətən, millət, bayraq sevgisi ola bilməz”. Bu sözləri futbolifo.az saytına açıqlamasında Tərlan Əhmədov deyib.

Təcrübəli mütəxəssis bu il futbolumuzun fiaskoya uğradığını söyləyib: “Legionlerlərə sadəcə maddiyyat maraqlıdır. Buna görə də yığmalarımızın hər biri fiaskoya uğrayır. Bütün yaş qruplarını götürsək, bu il futbolumuz ən pis dövrünü yaşadı. Ümid edirdik ki, nəsə yeniliklər olar, uğurlu layihələr həyata keçirilər. Amma əksinə, milyonlarla pullar silinməyə başladı. Əcnəbi məşqçilərə milyonlar verilir, milliləşdirilmiş futbolçular yığmaya dəvət alır, amma yenə də nəticə yoxdur. İllərdi deyirəm ki, milliləşdirilmiş futbolçuları gətirərək Azərbaycanın istedadlı uşaqlarını məhv etdilər. Onları yalandan gətirib, pulları o yöndə xərclədilər. Normal bazalar, stadionlar tikilmədi, klublara yetərli maliyyə dəstəyi olmadı. Akademiyadakı istedadlı futbolçulara dəstək və qayğı verilmədi. Hamısını məhv edərək, ancaq milliləşdirilmiş oyunçular haqda düşündülər. Klublarımızın demək olar, heç biri öz akademiyasından futbolçu götürmür. Bu yöndə “Neftçi” bir az fərqlənir, akademiyasından 1-2 futbolçu götürüb. Amma milli komandaya xeyir verəcək səviyyədə futbolçularımız demək olar ki, yoxdur. Çünki təməldə hər şey yanlış qurulub. O cümlədən də “Qarabağ”, “Zirə”, “Sabah”dan elə futbolçu çıxmayıb ki, deyəsən, bunun milli komandaya və ya hansısa kluba beynəlxalq oyunlarda kömək edəcək. Klublarımızın öz akademiyalarına laqeyd yanaşması var”.

Əhmədov Estoniya millisinin bizə futbolumuzun necə məhv olmasının göstərdiyini bildirib: “Estoniyadan bir xal almaq və D Liqasına düşmək hər şeyin məhv olması deməkdir. Adicə bir klub Premyer Liqanı tərk edir, I Liqaya düşəndə geri qayıtmasının nə qədər çətin olduğunu görürük. Estoniya bizə futbolumuzun necə məhv olduğunu göstərdi. Estonların ilk 20 dəqiqədə təzyiqi var idi. Daha sonra isə hesabı qorumaq üçün oynadılar. Hətta minimal məğlubiyyət belə onlara sərf edirdi. Lakin heç-heçə edərək, arzularına çataraq, C Liqasında qaldılar. Normalda 1 komanda aşağı Liqaya düşürsə onun baş məşqçisi, bəzi rəhbərliyi istefa verir. Amma biz milyonları havaya sovurub əcnəbi məşqçilər gətiririk. Əminəm ki, indiyə qədər gələn bütün əcnəbi məşqçilərin verdiyi nəticəni istənilən yerli məşqçi verərdi. Hətta azərbaycanlılar daha yaxşısını bacarardı. Çünki əcnəbilər motivasiyada heç vaxt milli dəyərləri önə çəkmirlər, onları sadəcə, maddiyyat düşündürür. Uğursuz olsalar belə, təzminatlarını alıb, çıxıb gedirlər. Buna görə də futbolda çox geri getmişik”.

Tərlan bəy Cahangir Həsənzadənin “Azərbaycanda savadlı mütəxəssis azdır” fikrinə də münasibət bildirib: “32 ildir düşünürük ki, bu il artıq hər şey yaxşı olacaq. Amma getdikcə hər şey daha da pisləşir. Bəlkə də hər şeyə sıfırdan başlanılmalıdır. Yenə 32 ilimizi itirib, sonda yerli məşqçiləri və veteran futbolçuları günahkar elan edəcəyik. Hansı ki, heç biri işlə təmin olunmur. Lakin danışanlar veteran futbolçuları günahkar çıxarmağı bilirlər. Bir-iki veteran futbolçu iş başında idi ki, onlara da danışmağa ixtiyar verilmirdi və onlardan heç bir təklif alınmırdı. Beləcə Azərbaycan futbolu getdikcə öz imicini itirməyə başladı. Vəli Qasımov, Nazim Süleymanov, Anatoli Banişevski, Yunis Hüseynov, Vidadi Rzayev, Maşallah Əhmədov, Samir Ələkbərov, Arif Əsədov kimi insanların miras qoyduğu futbolu dəfn elədik. İndi deyirlər ki, Azərbaycanda futbol və mütəxəssis yoxdur. Veteran futbolçuların hamısını futboldan uzaqlaşdırdılar. Heç bir söz sahibi olmadıq. Fikirlərimizlə maraqlanan, təklifimiz olub-olmadığını soruşan yoxdur. Nəticə verən məşqçilərin üstünə şər atıb, işdən uzaqlaşaraq, “Azərbaycanda məşqçi yoxdur” deməklə futbolumuzu yaman günə qoydular. İllərlə boşa xərclənən vəsaitlərlə klublara yardım edib, maddi-texniki bazalar, akademiyalar yaradıla bilərdi. Mən illərdir deyirəm ki, AFFA və AGİN-in nəzdində yaranan bir qurum olmalıdır ki, akademiyalara nəzarət etsin. Bütün məşqçi heyətinə, orda gedən işlərə, məşqlərə, proseslərə nəzarət edilməlidir. Məşqçilərin savadları ilə məşğul olmalıdırlar. Hazırda akademiyada işbilməməzlik, özbaşınalıq baş alıb gedir. Estoniya ilə oyuna çıxan futbolçuların 70 faizi öz klublarında ara-sıra meydana çıxır. Bu gün Premyer Liqada limit “7+4″dürsə yığmadan hansısa uğur gözləyə bilmərik. Hazırda milli komandamızın bu vəziyyətdə olması nə əcnəbi məşqçilər və futbolçuları nə də ki, az oynamış futbolçuları elə də qayğılandırmaz. Qrupda sonuncu yeri tutaraq, D liqasına yollanmaq bir daha göstərdi ki, verilən qərarlar yanlışdır. Federasiyada keçmiş futbolçu Cahangir Həsənzadəyə milli komandanın nəticələri  haqda sual verilir və o da deyir ki, “Azərbaycanda savadlı mütəxəssis azdır”. Əvvəla, yığmaya təyin olunan bütün yaş qruplarının məşqçilərini bizdən və ya ictimaiyyətdən soruşaraq deyil, özləri təyin ediblər. Belə götürsək, onların yarıdan çoxu Həsənzadənin yaxın dostlarıdır. Bir yerdə oynayıblar və öz aralarında olan danışıqdır. Uğursuz nəticə göstərməklərinə baxmayaraq, avqustda müqavilələri artırıldı. Savadlı məşqçiləri ümumiyyətlə yaxına buraxmadılar. Əgər cavabdeh şəxs onları tənqid edirsə, demək günah özündədir. Çünki o məşqçiləri təyin edən də Həsənzadədir. Həmin məşqçiləri də aşağılayıb, savadsız göstərmək olmaz. İndi onların məşqçilik karyerasını sual altına atırsansa, demək günahkar özləridir. Bizim Azərbaycanda yetəri qədər savadlı məşqçilər var. Onları illərdi futboldan kənarlaşdırdıqdan sonra, artıq öz yaxın ətraflarını da ləkələməyə başlayıblar”.

Həmsöhbətimiz milli komandanın İsveçlə oyundan xoş nəticə ilə qayıdacağını düşünmür: “Biz evdə İsveçə 1:3 hesabı ilə məğlub olmuşuq. Allah səfərdə böyükhesablı məğlubiyyətdən qorusun. Baxmayaraq ki, Slovakiya ilə oyunda İsveç qalib gəlib, işini bitirib. Bizim milli komandanın İsveçə qalib gəlməsi inandırıcı deyil. Ordan xoş nəticə ilə qayıdacağımıza inanmıram. Gözləntim sadəcə, normal, baxımlı futbol izləməkdir. Düşünürəm ki, yığma komandaların heyətində azərbaycanlı futbolçuların üstünlük təşkil edəcəyi, akademiylardan seçilən futbolçuların öz çempionatımızda normal çıxış edəcəyi dövrdə uğurlu nəticələr əldə edəcəyik. Amma indiki halda Azərbaycanda yerli futbolçuların və istedadlı məşqçilərin soyqırımı ilə məşğuldular. Açığı, 2028-ci ilədək Azərbaycan futbolunda hansısa irəliləyişə inanmıram. Bu gün görülən işlər də buna sübutdur”.

GÜNAY SÜLEYMANOVA

Chosen
36
futbolinfo.az

1Sources