EN

Paşinyanın Trampa qəfil zənginin səbəbi

Məktubla kifayətlənməyib telefona əl atan Nikolun məqsədi...

Ermənistan baş naziri Nikol Paşinyan noyabrın 16-da ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa zəng edib. Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə,  Paşinyan Trampı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib və Ermənistan-ABŞ münasibətlərinin son illərdəki inkişafı və cari vəziyyəti barədə məlumat verib. Danışıqlar zamanı həmçinin regional gündəmlə bağlı məsələlər müzakirə olunub.

Bəllidir ki, hazırda D.Tramp öz komandasını formalaşdırmaqla məşğuldur. O da sirr deyil ki, yeni komandada bir çox ermənipərəstlər və antitürkçülər yer alacaq. Bu da həm Ermənistanda, həm də ABŞ ən erməni diasporunda məmnunluq yaradıb. Əcəba, Paşinyanın qəfil zəngi də Trampa “erməni məsələsi”ni diqqətdə saxlamağa daha həvəsli etmək niyyəti güdmür ki? Erməni baş nazirin Azərbaycan Prezidentini qabaqlamaq istəyinin arxasındakı məqsəd nədir?

Onu da qeyd edək ki, bu günlərdə erməni ekspertlərindən biri Nikol Paşinyanı indiyədək ABŞ prezidentləri ilə hər hansı şəkildə təmasda olmayan, Ağ Evdə olmayan, Amerika lideri ilə telefonla belə danışmayan yeganə ölkə rəhbəri kimi tənqid etmişdi.

Yada salaq ki, Prezident İlham Əliyev xarici ölkə liderləri arasında ABŞ-ın yeni seçilmiş prezidentini ilk təbrik edənlər arasında olub. Belə ki, Azərbaycan Prezidenti noyabrın 6-da Trampa təbrik məktubu göndərib. 

Nikol Paşinyan da seçkidən sonra Donald Trampa məktub ünvanlayıb təbrik etmişdi. 

Oqtay

Oqtay Qasımov 

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanın məktubla kifayətlənməyərək Donald Trampa həm də zəng etməsinin arxasında duran əsas məqsəd ondan ibarətdir ki, onun himayəsinə sığınmaq istəyir: “Nəzərə alsaq ki, Donald Tramp özünün birinci prezidentliyi dönəmində Cənubi Qafqaza az diqqət yetirməklə bərabər eyni zamanda erməni diasporu ilə kifayət qədər məsafə saxlamağı bacarmışdı. Amma budəfəki seçkilərdə erməni faktoru da kifayət qədər ortaya çıxdı və prezidentliyə namizəd olan həm Tramp, həm də Harris erməni faktorundan istifadə etməyə çalışdılar. Məhz Donald Trampın Qarabağ erməniləri ilə bağlı açıqlaması, erməni katolikosuna telefon zəngi və onunla məsələləri müzakirə etməsi, əlbəttə, müəyyən suallar doğurdu. Bütün hallarda qeyd etmək lazımdır ki, Donald Tramp qeyri-standart siyasətçi olmaqla bərabər, eyni zamanda ondan sürprizlər də gözləmək mümkündür. Mən açığı onun hakimiyyəti dönəmində dünyadakı proseslərin heç də hamar olacağını düşünmürəm. Əslində Tramp hakimiyyəti bu və ya digər şəkildə 2016-2020-ci illərdəki hakimiyyətin davamı olacaq. Sadəcə olaraq, budəfəki komanda daha sistemli və nisbətən daha peşəkarlardan təşkil olunur. Komandanın tərkibinə nəzər salsaq, tərkibində müxtəlif lobbilərə, o cümlədən erməni lobbisinə yaxın şəxslərin də olduğunu görə bilirik. Amma bu o demək deyil ki, Tramp administrasiyası dövründə məsələlər erməni diasporunun istədikləri kimi həyata keçəcək”.

Politoloq vurğuladı ki, erməni diasporunun ən ciddi dəstəkverici qüvvəsi məhz Co Bayden administrasiyası olub. Erməni diasporu ilə iç-içə olan şəxslər məhz Bayden administrasiyasında təmsil olunublar və artıq bu epoxa bitib: “Nəzərə alsaq ki, Bayden administrasiyasının 11 hökumət üzvündən 6-sı  qatı ermənipərəstlərdən və erməni lobbisi ilə iç-içə olan şəxslərdən təşkil edilmişdi, artıq bu mərhələ bitib və o komanda siyasi karyeralarını başa vurmuş sayıla bilərlər. Donald Tramp dönəmində də təbii ki, ondan istənilən sürprizi gözləmək olar. Mən əslində optimistlərdən deyiləm. Düşünürəm ki, biz mənfi ssenarilərə belə, hazır olmalıyıq. Çünki Trampın birinci dönəm prezidentliyində onun Türkiyə ilə münasibətlərinə, digər ölkələrlə münasibətlərinə diqqət etsək onu görəcəyik ki, o, kifayət qədər sürprizlərlə dolu və istənilən addımı atmağa hazır olan qeyri-standart və bir az da dəlisov bir şəxs kimi davranışlar nümayiş etdirib. Təbii ki, qərarları Tramp verəcək, amma onun komandasının da proseslərə təsirini nəzərə almaq lazımdır. Nikol Paşinyan da Trampa bələddir və onun zəng etməsi həm də erməni diasporunun Kamala Harrisə dəstək verməsinin kompensasiyası məqsədi güdür. Paşinyan Tramp Amerikasından dəstək almağa çalışır”.    

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Chosen
15
musavat.com

1Sources