EN

Azərbaycandan qaçan ABŞ Konqresinin nümayəndəsi Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA

“ABŞ Konqresinin nümayəndəsi Frank Peloni uzun müddətdir, təkcə ermənipərəst mövqeyi ilə deyil, eyni zamanda anti-türk, islamofob, anti-Azərbaycan mövqeyi ilə də hər zaman diqqət mərkəzində, gündəmdə olub. Bu "cənab" keçən dövr ərzində Azərbaycana qarşı aparılan çirkin böhtan kampaniyalarının, demək olar, hər birində iştirak edib. 2017-ci ildə hətta ermənilərin dəvəti ilə Azərbaycan ərazilərinə qanunsuz şəkildə daxil olması ilə də gündəmə gəlib. Hər zaman Azərbaycana qarşı həyata keçirilən siyasətin carçılarından biri olub. Erməni lobbisinin çirkli pulları ilə qidalanan bu dırnaqarası siyasətçi əslində öz ölkəsində də korupsioner kimi tanınır. Onunla bağlı çox ciddi ifşaedici faktlar zaman-zaman ortaya çıxarılıb. Peloni erməni lobbisinin ötürdüyü çirkli pullar hesabına özünü gündəmdə saxlamağı bacarıb. Təəssüf ki, Azərbaycanın daxilində və xaricində onunla münasibətləri olan müəyyən şəxslər var. Frank Peloninin bütün etdiklərindən sonra Azərbaycanda ona qarşı hansı mövqe sərgilənəciyini bilə-bilə Azərbaycana həyasızcasına təşrif buyurması onun nə qədər riyakar, həyasız və təhlükəli olduğundan xəbər verir”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. 

“Peloni hər zaman Azərbaycana qarşı böhtan kampaniyalarında, qətnamələrin qəbulunda iştirak edib. Bu yaxınlarda 60 konqresmen tərəfindən imzalanaraq ABŞ Dövlət Departamentinə  ünvanlanmış bədnam sənədin altında da Frank Peloninin imzası var. COP29 tədbiri çərçivəsində Azərbaycana gəlməsi onun tərəfindən atılan təxribat xarakterli addım idi, amma yerindəcə cavabı verildi. İctimaiyyət nümayəndələrimiz, kütləvi informasiya vasitələri, QHT-lərin, vətəndaş cəmiyyətinin nümayəndələri ona layiq olduğu yeri göstərdilər. Göstərdilər ki, Azerbaycana qarşı şər-böhtan kampaniyası aparan hər kəs nifrətə layiqdir və kimliyindən asılı olmayaraq lazımi cavabını alacaq. Peloni əslində bu səfərə gəlməklə varlığını, ermənilərə növbəti dəfə gücünü nümayiş etdirmək istəyirdi, amma bacarmadı. Faktiki olaraq tülkü kimi gizləndi. Onu elə bir oteldə yerləşdirmişdilər ki, pəncərəsindən bizim Zəfər Parkımız, Hərbi Qənimətlər Parkımız görünürdü. Deyilənə görə, belə məkan seçdikləri üçün köməkçilərini də danlayıb. İstənilən halda ona həmin ərazilər göz dağı kimi göründü. Ən azından anlamalı, qanmalıdır ki, Azərbaycanın haqlı mövqeyinə qarşı bu vaxta qədər sərgilədiyi siyasət tam iflasa uğrayıb. Heç bir halda - bundan sonrakı dönəmdə də nə türk, nə İslam dünyasının, nə də Azərbaycanın rəğbətini qazana bilməyəcək. Heç bir tədbirdə iştirak etmədən, heç  kimlə görüşməyə cürət etmədən gecə saatlarında ölkəni tərk edib. Faktiki çarter reysi ilə qaçıb gedib. Lakin suallar var: görünür, bu "cənab"ın Bakıya gəlməkdə məqsədlərindən biri kimlərləsə görüşməyi hədəfləmək olub. Ola bilər, QHT nümayəndələri, siyasətçilərin içindən kimlərləsə görüşməyi hədəfləyirdi. Bu görüşlərdə isə bu dəfə Bakıda ermənipərəst mövqe sərgiləməyi hədəfləyirdi. Lakin vaxtında, vədəsində qarşısı alındı. Bu cür çirkaba bulaşmış "siyasətçilərin" ölkəyə buraxılması heç bir halda doğru deyil. Biz növbəti dəfə göstərdik ki, Azərbaycan hər kəs üçün açıq ölkədir. Amma haqq mövqeyində dayanmayan, ədalətsiz mövqe sərgiləyən, Azərbaycana qarşı şər-böhtan kampanyalarında iştirak edənlər nifrətə layiq olduqları kimi ölkədə də bu cür qarşılanacaq, arxaya baxmadan qaçıb canlarını qurtarmağa məcbur olacaqlar”, - deputat bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 19 Noyabr 2024, 09:45   
Chosen
54
pravda.az

1Sources