EN

Tbilisidə polis etiraz aksiyasını dağıtsa da, müxalifət "davam" anonsu verdi (FOTO)

Tbilisidə polis, Çavçavadze prospektində keçirilən etiraz aksiyasını dağıdaraq ərazini nümayişçilərdən azad edib. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, əsas hadisələr Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin birinci korpusu qarşısında cərəyan edib.  

Etirazçılar Melikişvili küçəsinə, Filarmoniya yaxınlığına çəkiliblər. Polis tərəfindən mühasirəyə alınan nəqliyyat qovşağında çadır düşərgəsi ləğv edilib, nümayişçilərin yolu bağlamaq üçün istifadə etdiyi mikroavtobuslar çıxarılıb.  

Hazırda Çavçavadze prospekti xüsusi texnika ilə təmizlənir və yaxın saatlarda avtomobil hərəkətinin bərpa ediləcəyi gözlənilir. Melikişvili küçəsində isə bir neçə on nəfər nümayişçi qalıb, qarşı tərəfdə isə yüzlərlə polis növbə çəkir.  


Etiraz aksiyası nəticəsində saxlanılanların olduğu bildirilir. "Dəyişikliklər üçün Koalisiya"nın üzvü Nika Kvitatiani xəsarət alıb və ona "təcili yardım" həkimləri tərəfindən tibbi yardım göstərilib.  

Aksiya 17 noyabr axşamı parlament seçkilərinin nəticələrinə etiraz məqsədilə başlamışdı. Nümayişə "Dəyişikliklər üçün Koalisiya" və "Birlik – Milli Hərəkat" birgə rəhbərlik edirdi.  

Polisin səfərbərliyi isə siyasi liderlərin aksiyanın 24 saat davam edəcəyini elan etməsindən sonra, 18 noyabr axşamı başlayıb. Çavçavadze prospektinə minlərlə hüquq-mühafizə əməkdaşı, xüsusi vasitələr və su şırnaqları gətirilib. Sübh çağı DİN nümayəndəsi nümayişçilərə ərazini tərk etmək xəbərdarlığı edib, səbəb kimi isə aksiyada kifayət qədər iştirakçı olmadığını göstərib.  

Bu gün səhər isə müxalifət liderləri aksiyanın davam edəcəyini bəyan ediblər. "Dəyişikliklər üçün Koalisiya"nın lideri Nika Qvaramiya, "Aksiyalar ya Çavçavadze prospektində, ya da başqa bir yerdə davam edəcək," — deyə bildirib.  

Həmçinin, təşkilatın digər lideri Nika Melia, "Mübarizə dayandırılmayacaq, aksiyalar daha genişmiqyaslı və intensiv olacaq," — deyə qeyd edib. Melianın sözlərinə görə, Gürcüstan azadlıqsevər xalqın vətənidir və bu mübarizə sona çatmayacaq:  "Bu Gürcüstandır, Avropadır, Rusiya deyil. Bu xalqı tabe etdirmək mümkün olmayacaq".
 


Aydın
Chosen
39
50
qaynarinfo.az

10Sources