EN

Amerikalı professor: COP29 qlobal və milli maliyyə ilə iqlim dəyişikliyinin həlli üçün çərçivə yaradacaq

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkənin yaşıl enerjiyə keçidində, eləcə də bərpaolunan enerjinin inkişafı məqsədlərinə nail olunmasında mühüm rol oynayacaq. Şübhəsiz ki, bu beynəlxalq konfransda yaşıl enerjiyə qlobal keçidlə bağlı mühüm qərarlar qəbul ediləcək. Azərbaycan gələcəkdə ölkənin iqtisadi inkişafına dəstək olacaq yaşıl enerjinin Avropaya ixracı ilə bağlı layihənin həyata keçirilməsi üçün əhəmiyyətli tərəfdaşlar cəlb edə biləcək. Nəzərə alsaq ki, Azərbaycanın alternativ enerji mənbələri üçün çox böyük potensialı var, belə mühüm layihələrin həyata keçirilməsi istiqamətində beynəlxalq maliyyə kanallarının açılması yaşıl enerjinin yeni dövrünün başlanğıcı olacaq.

Oxuməni.az xəbər verir ki, mövzu ilə bağlı AZƏRTAC-ın suallarını Bərpaolunan enerji üzrə ekspert və Viskonsin Universitetinin Enerji İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə professoru Gregori Nemet cavablandırır.

- Cənab Nemet, sizcə, COP29 ölkələrin yaşıl iqtisadiyyata keçidinə necə töhfə verəcək?

- İqlim dəyişikliyi bu gün bəşəriyyətin üzləşdiyi ən mühüm problemdir. Bu problemi ancaq bütün ölkələrin birgə səyləri ilə həll etmək olar, əks halda, böyük bir qlobal təhlükə ilə üzləşməli olacağıq. BMT-nin illik iqlim konfransları iqlim sisteminə təhlükəli müdaxilənin qarşısını almaq üçün 192 ölkənin 1992-ci ildə imzaladığı sazişi həyata keçirir. COP29 qarşıya məqsəd qoymağa və hərəkətləri əlaqələndirməyə kömək edir. 2015-ci il Paris Sazişindən bəri ölkələrin bu cür görüşləri yeni məqsədlərin müəyyən edilməsinə, liderlər arasında ən yaxşı təcrübələrin bölüşdürülməsinə və daha güclü iqlim fəaliyyətinə doğru irəliləmək üçün birgə səylərin inkişafına kömək edib.

- Bəs sizin bu konfransdan gözləntiləriniz nədir?

- Ən böyük səylərdən biri sıfır emissiya iqtisadiyyatına keçidi təmin etmək üçün maliyyələşdirmə olacaq. 2009-cu ildə ölkələr inkişaf etməkdə olan ölkələr üçün iqlimin maliyyələşdirilməsini 100 milyard dollara çatdırmaq hədəf qoyublar. Amma indi ehtiyac daha böyükdür, ona görə də yeni məqsəd lazımdır və bu barədə razılaşma uğurun əlaməti olacaq. Bakıda keçirilən COP29 qlobal və milli maliyyə ilə iqlim dəyişikliyinin həlli üçün çərçivə yaradacaq.

- Qlobal səviyyədə yaşıl transformasiya mümkündürmü? Bu transformasiya üçün hansı perspektivlər var və bu istiqamətdə ölkələr hansı problemlərlə üzləşəcək?

- Qlobal yaşıl transformasiya mümkündür. Bu transformasiya qismən təmiz elektrik enerjisi, təmiz nəqliyyat və təmiz texnologiyaların istehsalı xərclərinin əhəmiyyətli dərəcədə azaldılması hesabına mümkündür. Bunlar birlikdə transformasiyanı tezləşdirir və qalıq yanacağa əsaslanan iqtisadiyyatlardan daha əlverişli edir. Hesab edirəm ki, Azərbaycan neft və qaz gəlirlərini yaşıl iş yerlərinin yaradılmasına və yaşıl iqtisadi inkişafa sərf etməlidir.

- Bildiyiniz kimi, inkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyi ilə mübarizə üçün inkişaf etmiş ölkələrin vəd etdiyi vəsaitin olmamasından narahatdır. Sizcə, COP29 bu yardımın yeni səviyyəsini müəyyən edə bilərmi?

- İnkişaf etməkdə olan ölkələr üçün maliyyələşdirmə COP29-da müzakirə ediləcək ən mühüm məsələ olacaq. COP29-a ev sahibliyi etmək Azərbaycana ekoloji davamlılıq və iqlim fəaliyyətinə sadiqliyini nümayiş etdirmək üçün unikal platforma təqdim edir. Bu mötəbər tədbir Azərbaycanın qlobal iqlim fəaliyyətinə və davamlı inkişaf səylərinə böyük töhfə verməklə yanaşı, ölkənin dünya miqyasında daha yaxından tanınmasına rəvac verəcək.

- Sizcə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yaşıl enerji zonasına çevrilməsi üçün hansı imkanlar var?

- Hazırda ölkənin müxtəlif sahələrində yaşıl enerjidən istifadə etmək mümkündür və bu istiqamətdə Bakı digər ölkələrin təcrübəsindən faydalana bilər. Azərbaycanın hərtərəfli yanaşması onun milli enerji strategiyasına uyğundur və ölkəni iqlim dəyişikliyi ilə mübarizədə lider kimi mövqeləndirir. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Azərbaycanın alternativ və bərpaolunan enerji mənbələrinə keçidi sürətləndirmək istəyini əks etdirir. Laçında su elektrik stansiyalarının uğurla istifadəyə verilməsi sayəsində artıq ölkədə 77 milyon kilovat-saat yaşıl enerji istehsal olunub.

- Azərbaycan bərpaolunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisini ixrac edən ölkəyə çevrilməyi planlaşdırır. Rəsmi Bakının bu istiqamətdə imkanlarını necə qiymətləndirirsiniz?

- Bu, külək və günəş kimi təmiz enerji istehsalına böyük investisiyalar, eləcə də elektrik enerjisinin ötürülməsinə investisiyalar tələb edəcək. Bu məqsədlərin hər ikisi ölkə üçün olduqca realdır. Alternativ enerji mənbələrinə sərmayə qoyuluşu həm də innovasiyaya sərmayələrin artmasına gətirib çıxarır ki, bu da daha sonra iqtisadiyyata müsbət təsir göstərə bilər. Ehtiyaclarını ödəmək üçün kifayət qədər enerjiyə malik olan ölkələr iqtisadiyyatın bu hissəsindən əldə olunan gəlirləri daha böyük uğur perspektivləri olan alternativ enerji mənbələrinin inkişafına yönəltmək üçün xüsusi imkana malikdirlər.

Chosen
12
oxumeni.az

1Sources