EN

COP29-da Xəzər dənizinin ekoloji problemləri və çirklənmə mənbələri müzakirə olundu

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Xəzərlə tanışlıq: Tehran Konvensiyası vasitəsilə iqlim dəyişikliyinin təsirləri altında sahil dayanıqlılığının və biomüxtəlifliyin qorunması" mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Xəzər dənizinin ekoloji problemləri və çirklənmə mənbələri müzakirə olunub. Bildirilib ki, ekoloji problemin səbəbləri dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi, məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılması, tullantılar, kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axması və bu kimi digər amillərlə bağlıdır.

Xəzərə daxil olan tullantı sularının 60 faizinin Volqa çayının payına düşməsi, dəniz sularının çirklənməsində Kür və Ural çaylarının da az rol oynamadığı vurğulanıb.

Qeyd edilib ki, Tehran Konvensiyası kimi tanınan saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, habelə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib ki, bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) tərəfindən Azərbaycanın müraciəti əsasında hazırlanmış işçi sənəddə Xəzər dənizinin səviyyəsindəki tərəddüdlər və iqlim dəyişikliyinin bu prosesə təsiri diqqət mərkəzinə salınıb: "Sənəddə qeyd edilir ki, Xəzər dənizinin səviyyəsi azalır və yaxın 50 ildə daha çox azalma ehtimalı var. Bu da ətraf mühitə, iqtisadiyyata, infrastruktura və sahilyanı dövlətlərin davamlı inkişafına mənfi təsir göstərə bilər. Sənəddə dəniz səviyyəsinin azalmasının təsirlərinin yumşaldılmasına və yeni şəraitə uyğunlaşmasına yönəlmiş birgə strategiyaların işlənib hazırlanması və həyata keçirilməsi üçün Xəzəryanı ölkələr arasında əməkdaşlığın gücləndirilməsinin zəruriliyi vurğulanır".

Nazir müavininin sözlərinə görə, Tehran Konvensiyasının mövcud olduğu təxminən 20 il ərzində çox şey əldə edildiyi halda hələ də mühüm problemlər qalmaqdadır: "Biz əməkdaşlığımızı gücləndirməyə davam etməli və dəniz mühitinə təsir edən təhdidlərlə mübarizə üçün effektiv strategiya və tədbirlər hazırlamalıyıq. BMT-nin Ətraf Mühit Proqramının Xəzəryanı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi böyük töhfəni xüsusi qeyd etmək və uzun illər intensiv, səmərəli fəaliyyətinə görə Tehran Konvensiyasının Müvəqqəti Katibliyinə minnətdarlığımı bildirmək istəyirəm".

O, ekoloji problemlərin aradan qaldırılmasının razılaşdırılmış və effektiv fəaliyyət tələb etdiyini diqqətə çatdırıb: "Xəzər dənizinin quru mənbələrindən çirklənmədən qorunmasına dair Moskva Protokolunun qüvvəyə minməsindən sonra tərəflər əlavə öhdəliklər götürüblər. Moskva Protokolunun səmərəli həyata keçirilməsi üçün, həmçinin Xəzərin dəniz mühitinin vəziyyəti haqqında ekoloji monitorinq, qiymətləndirilmə və məlumat mübadiləsinlə dair Protokolun hazırlanması üzrə işlərin tamamlanmasını sürətləndirmək lazımdır".

Tədbirdə Xəzər dənizinin neft məhsulları ilə çirklənməsinin aerasiya prosesini ciddi şəkildə pozduğu, dəniz fauna və florasının məhv olmasına gətirib çıxardığı bildirilib.

Chosen
9
50
unikal.az

10Sources