EN

Aİ-95 markalı benzin UCUZLAŞACAQ? -"Tarif Şurası istədiyi vaxt qiyməti dəyişə bilməz"

"Azərbaycanda bir neçə aydır ki, Aİ-95 markalı benzinin istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır. Amma hələ Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar siyahısına daxil edilməyib. Yaxınlarda Nazirlər Kabineti tərəfindən Aİ-95-i bu siyahıya salacaqlar". 

Bunu Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində bildirib.

Bəs bu zaman Aİ-95 markalı benzinin qiymətində ucuzlaşma müşahidə oluna bilərmi?

Mövzu ilə əlaqədar iqtisadçı Natiq Cəfərli Redaktor.az-a açıqlamasında bildirdi ki, Aİ-95 markalı benzinin dövlət tərəfindən tənzimlənməsinə yenidən keçidi ciddi suallar doğurur:

"Çünki əvvəl də dövlət tərəfindən tənzimlənirdi, bu, yenilik deyil. Sonradan guya bu dövlətin nəzarətindən çıxıb azad bazar şəraitində qiymətin tənzimlənməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən qərar verildi, amma çalışmadı. Bu onu göstərir ki, Azərbaycanda bir çox sahələrdə olduğu kimi, bu sahədə də rəqabətli mühitlə bağlı problem var. Faktiki olaraq, SOCAR və onun törəmə şirkətləri bu növ benzini gətirirdilər və qiymət qoyurdular. İndi bu məsələ onların əlindən alınır və yenidən dövlət tərəfindən tənzimlənməyə keçir".

Natiq

Ekspert xatırlatdı ki, bu yaxınlarda Aİ-92 markalı benzinin, dizel yanacağının qiymətinin artması Azərbaycanda kifayət qədər ciddi şəkildə baş verdi:

"Dizel yanacağının qiyməti birdən-birə 25 faiz, Aİ-92 markalı benzinin qiyməti isə 10 faiz artdı. Bunun mexanizmi qanunvericilik şəklində həll olunmalıdır. Çünki Tarif Şurası istədiyi vaxt istədiyi qiyməti qaldıra bilməz. Bu, yanlışdır və qanunla tənzimlənməlidir, müəyyən məhdudiyyətlər qoyulmalıdır. Dünyada neftin qiyməti düşürsə, avtomatik olaraq Tarif Şurası da məcburən bu qiymətləri aşağı salmalıdır. Ancaq qiyməti artırmaq yönündə fəaliyyət göstərməsi Tarif Şurasının zatən bərbad olan imicini xalq arasında daha da aşağı çəkir".

Sevinc İBRAHİMZADƏ

Chosen
7
1
redaktor.az

2Sources