EN

Bayden QƏRAR VERDİ: “Üçüncü Dünya Savaşına doğru addım-addım irəliləyirik”

“Təəssüf ki, dünya onu gözləyən böyük təhlükəyə, Üçüncü dünya savaşına doğru addım-addım irəliləyir. ABŞ-ın, ardınca Fransa və Böyük Britaniyanın, Rusiyanın dərinliklərinə uzaq mənzilli raketlərlə zərbələr endirməyə, əvvələr Ukraynaya qoyulan embarqonu ləğv etmələri bunu deməyə əsas verir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloq bildirib ki, bu zərbələr endiriləcəyi təqdirdə, Rusiya tərəfindən NATO-nun savaşa daxil olması kimi qəbul ediləcək və hər növ rus raketlərinin Qərbə doğru uçması ilə nəticələnəcək:

“Təsadüfi deyil ki, RF Dövlət Dumasının sədri V.Volodinin, Qərbin bu qərarına reaksiyası “İndiyə qədər heç istifadə etmədiyimiz silahlardan istifadə edəcəyik” şəklində oldu.Düşündürücü odur ki,Voldin “heç istifadə etmədiyimiz silahlar” dedikdə Nüvə silahınımı nəzərdə tutur? Diğər bir məqam bu qərarın, yəni, embarqonun götürülməsi qərarının Co Baydenin gedərayaq qəbul etməsidir.Çünki ABŞ prezidentlərinin təhvil-təslim dövrləri “topal ördək” olaraq adlandırılır ki, bu da onların ciddi qərarlar vermək imkanlarının olmadığı anlamına gəlir. Lakin Bayden bu qərarı verdi və indi bütün dünya bu qərarın doğuracağı nəticələri təhlil etməklə məşğuldur. Bu təhlilləri apararkən iki önəmli məqam üzərində dayanmaqda fayda var. Birincisi, ABŞ Trampın simasında yeni prezidentini seçib və sülh, barış mesajları verən yeni prezident vəzifəsinin icrasına hələ iki aydan sonra başlayacaq. Rusiya bu iki aylıq boşluğu öz xeyrinə dəyərləndirməyi və ehtimal danışıqlar masasında daha rahat və güclü oturmaq istəyir. Son həftələrdə Rusiya ordusunun Ukraynanın şərqində xeyli irəliləməsi və Şimali Koreyadan gətirilmiş 10 min əsgərlə Kursk bölgəsində itirilmiş əraziləri geri qaytarmağa cəhd etməsi bu ehtimalı xeyli gücləndirir.ABŞ başda olmaqla Qərbin hərbi-siyasi dairələri isə Rusiyanı onun dərinliklərinə zərbələr endirərək buna imkan verməyəcəklərinin mesajını verirlər.

İkinci məqam ondan ibarətdir ki, Trampın Rusiya ilə yaxınlaşacağından və Putinə müəyyən güzəştlər edəcəyindən ehtiyat edən Qərb vəziyyəti daha da gərginləşdirmək niyyəti güdür. Hətta Tramp tərəfdarları bu qərarı verənlərin, Trampı Üçüncü dünya müharibəsi reallığı ilə üz-üzə qoymaq məqsədi güdüldüyünü bildirirlər. Ukraynada Qərblə-Şərq arasında qlobal hesablaşmanın şiddətləndiyi bir məqamda prosesin yaxın və orta zaman kəsiyində sülhlə nəticələnəcəyi ehtimalı getdikcə daha da mümkünsüz görünür”.

//Gülnarə Abasova, Editor.az

Chosen
40
editor.az

1Sources