EN

Müdafiə xərclərində yüksək artım: 1,7 milyard nəyə xərclənəcək?

Xəbər verdiyimiz kimi, 2025-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri artırılır. Prezident İlham Əliyevin göstərişinə əsasən, bu xərclər 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. Müdafiə və təhlükəsizlik xərclərinin maliyyələşdirilməsi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat məbləğində artırılması hesabına təmin ediləcək.

Millət vəkili Arzu Nağıyev Bakupost.az-a bildirib ki, müdafiə xərclərinin artırılmasında əsas məqsəd ordunu gücləndirmək və daha müasir texnologiya, texnikalarla təmin etməkdir. Təhlükəsizliyin təmini, eyni zamanda istənilən təhdidin qarşısının alınması üçün mütləq güclü ordu, müasir texnologiya və texnika lazımdır. Təkcə xaricdən hərbi texnika almaq üçün deyil, eyni zamanda, özümüzün hərbi sənaye kompleksimizdə olan müasir silahlardan istifadə etmək üçün müdafiə və milli təhlükəsizlik xərclərinin artırılması vacib idi.



Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyini tamamilə təmin etmək qüdrətindədir və bunu döyüş meydanında sübut edib:

"Azərbaycan ordusu qarşısına qoyulan tapşırıqları dəqiq yerinə yetirmək məharətini 44 günlük müharibədə də, 1 sutkadan az davam edən antiterror əməliyyatı zamanı da göstərdi. Bununla belə bundan sonra da ordunun daha da təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq".

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə də bildirib ki, Azərbaycan Silahlı Qüvvələri istənilən situasiyaya hazır olmalıdır:

"Ona görə də müdafiə xərcləri artır. Bu xərclər optimal səviyyədə saxlanılır. Ayrılan vəsaitin hansı istiqamətə xərclənəcəyini isə ali hərbi komandanlıq müəyyən edəcək".

Sevinc,
BakuPost
Chosen
10
bakupost.az

1Sources