EN

Yağış suları, Qorki, Venesiya, Fellini və...

Uşaqlıqda Qorki çox sevdiyim yazıçılardan olub. Onun "Uşaqlıq”, "Özgə qapılarında” və "Mənim universitetlərim” kimi əsərlərindən doymaq bilmirdim (sonradan öyrəndim ki, bunlar Qorkinin heç də ən yaxşı əsərləri deyil, Qorki yazıçı kimi daha böyükdür!), xüsusən də "Özgə qapılarında” əsərini dəfələrlə oxumuşdum, ona görə ki, mən də uşaqlıqda kitab dəlisi, indi deyilən kimi, böyük bibliofil idim, əlimə bir az pul düşən kimi cunurdum Hacıqabulun, daha çox da Əli Bayramlının (indiki Şirvan şəhəri) kitab-dəftər dükanına... 

Xüsusən də keçmiş Əli Bayramlıdakı kitab dükanını daha çox sevirdim, burada kitabların çeşidi daha böyük idi. Bir yaşlı rus qadını satıcı idi burada və ən maraqlı kitabları da o, gətirərdi dükana. Təsəvvür edin, o vaxt Əli Bayramlı kimi əyalət şəhərində kitab dükanında "Fizika üzrə Feynman mühazirələri”, akademik İ.S. Şklovskinin sovet vaxtları çox məşhur olan "Həyat, kainat və idrak” kimi kitabları satılırdı... 

Amma sözüm bunda deyil. Onu demək istəyirəm ki, bir dəfə başqa bir yerdə Qorkinin bir fikrinə rast gəlmişdim. Sən demə, o, iki dəfə Bakıda olubmuş və ikinci dəfə buralarda olarkən deyibmiş ki, guya axşam Bakısı lap İtaliyanın Neapol şəhərini xatırladır! Bəli, mən bu sözləri əzbərlədim. Hər dəfə Azərbaycan, Vətən, ölkə mövzusunda inşa yazanda lap başdan başlayırdım ki, böyük proletar yazıçıçı Maksim Qorki belə demişdi...

Müəllimlər də, az qala, bundan vəcdə gəlirdilər və mənə böyük bir "əla” yazırdılar!..   

Nə isə! İndi mətləbə bir az da yaxın gələcəm. Bəli, illər keçdi, amma təssüf, mənə İtaliyanı, Neapolu görmək qismət olmadı və mən hələ də bilmirəm ki, Qorki nə qədər haqlı imiş, Bakı Neapola bənzəyir, ya yox? 

İşin tərsliyindən İtaliya şəhərləri, xüsusən də Neapol haqqında televiziya filmi-filan da görməmişəm, baxmayaraq, mən də çoxlu italyan filmlərinə baxmışam və əlbəttə, bütün sovet adamları kimi, kino deyəndə mən də xüsusi intonaasiya ilə "Bəli, Fellini...” demişəm ki, guya mənim də kinodan-filandan başım çıxır...

Amma italyan şəhərləri arasında bir şəhər var ki, sovet adamları da, indiki insanlar da ondan az-çox məlumatlıdırlar. Bəli, bu Venesiyadır. Bu şəhər haqqında hamımız çox, hətta Romanın özündən də çox bilirik və hamımız da belə dünyəvi kədəri bölüşürük ki, təəssüf, nə vaxtsa, bu şəhər tamam sulara qərq olacaq...

Allah eləməsin, Bakı Venesiyaya oxşamasın və inşallah, oxşamaz da! Amma Bakının da sular altında qalan "Səbail hissəsi” olub deyəsən və əgər, səhv etmirəmsə, arxeoloqlar bunu təsdiq edirlər. Üstəgəl, Bakının da sahilində yerləşdiyi Xəzər də çox şıltaqdır, bunun da səthi gah qalxır, gah da enir - deyilənə görə, yüz illlər bundan əvvəl qalxıb və şəhərin bir hissəsi sul altında qalıb, daha sonra isə çəkilib. Belə söyləyirlər ki, guya bir vaxt indiki Qız qalası lap dənizin sahilində imiş, ləpələr az qala, onun aşağı səkilərini döyürmüş...

Qərəz, bilmirəm, bütün bunlar nə qədər doğrudur, amma mən belə eşitmişəm və oxumuşam. Odur ki, İtaliya şəhərlərilə müqayisələr aparılanda mənim yadıma görmədiyim, təsəvvür etmədiyim Qorkinin dediyi Neapol deyil, tamam uğurlu bir müqayisə olmasa da, Venesiya şəhəri düşür. Xüsusən də daha iki səbəbdən...

Birinci, ən ümdə səbəb budur ki, neçə illər bundan əvvəl bizim məmurlarımız çox yaxşı iş görüb Dənizkənarı bulvarda kiçik Venesiya "şəhərciyi” salıblar...

İkinci səbəb budur ki, indiki məmurlarımızın əvvəlkilərdən fərqli olaraq, şəhər, xüsusən də onun kanalizasiya sistemi kimi problemləri üzərində ciddi fikirləşməyə vaxtları olmadığından Bakı bir az güclü yağış yağan kimi dönüb olur lap əsl, təbii Venesiya şəhəri!.. 

Bəli, buna cəmi bir-iki həftə bundan əvvəl lap əyani şəkildə əmin olduq. Bir gün yağış yağdı, amma şəhəri tamam sel-su apardı, hətta dedilər ki, guya iki nəfər yağış sularında boğuldu - bəli, deyəsən, belə dedilər, çünki mən çox az hallarda evdən bayıra çıxıram, rəsmi məlumatları da dəqiq olsun deyə, daha çox televiziyalarımızdan alıram. 

Amma onlar da, çox təəssüf, birincisi, çal-çağırdan, bayramlardan-yubileylərdən vaxt tapa bilmirlər, ikincisi də, həmişə daha çox susmağa üstünlük verirlər ki, şanlı xalqımız qəti təlaşlanmasın, panikaya düşməsin, xüsusən də gecə-gündüz onları fikirləşən, onlar üçün çalışan məmurlarımızdan qəti bədgüman olmasınlar...

Qərəz, Bakı Neapol olub-olmayıb, bilmirəm, amma şəhər bir daha deyirəm ki, bir-iki həftə bundan əvvəl əsl Venesiya oldu! 

Şanlı məmurlarımızın buna reaksiyası həmişəki kimi, çox müdrik oldu: NORMADAN ARTIQ yağış yağıb! Azacıq qar yağanda, şəhər, az qala, tamam "öləndə” də belə deyirlər: NORMADAN ARTIQ QAR YAĞIB!

Bəndənizdə bütün bunları eşidəndə həmişə sual yaranır: ay başınıza dönüm, bəs paytaxt, ölkə özü ekstremal, fövqəladə vəziyyətlərə də hazır olmalıdır, ya yox?..

Nə isə! Deyəcəksiniz, hamı yazandan, danışadan sonra bu, elə bil indi ayılıb, indicə xəbər tutubdur! Amma, Vallah, belə deyil. 

Birincisi, payız hələ bitməyib, əminsinizmisinizmi ki, DAHA BİR NÖVBƏDƏNKƏNAR YAĞIŞ olmayacaq? İkincisi, qarşıdan da qış gəlir. Şəhər buna hazırdırmı? Növbəti dəfə deməyəcəyikmi ki, bəs indi də NORMADAN ARTIQ QAR yağıbdır?..

Mənim "reaksiya”mın gecikməyinin daha bir səbəbi də bu oldu ki, COP29 gözlədim. Sağ olsun, ANA TƏBİƏT ki, bizi qonaqların yanında üzüqara etmədi! Həm də düşündüm ki, az qala, cəmi Dünya bir həftədir iqlim və onun problemlərini müzakirə edir. Görən, bunun bizim üçün, məsələn, elə Bakımız üçün hansı real, praktiki nəticələri olacaq? Daha insanlarımız yağış sularında boğulmayacaqlar ki?..

Hüseynbala Səlimov
Chosen
20
50
qaynarinfo.az

10Sources