EN

Azərbaycan və Dubnadakı Birləşmiş Nüvə Tədqiqatları İnstitutu əməkdaşlığı genişləndirir

Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə malik, böyük elmi və texnoloji potensiala malik olan və yaşıl keçid çərçivəsində irimiqyaslı layihələrə start verən ölkədir.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Moskva vilayətinin Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) direktoru Qriqori Trubnikov Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşündə deyib.

BNTİ-yə səfəri zamanı Azərbaycanın səfiri laboratoriyalar və əsas qurğularla tanış olub, nüvə tədqiqatları sahəsində layihələr üzərində çalışan bir qrup azərbaycanlı alimlə görüşüb.

Trubnikov qeyd edib ki, enerji resurslarından səmərəli istifadə və enerjinin rasional inkişafı institutun alimləri üçün də maraqlı mövzudur.

“BNTİ ənənəvi olaraq ekoloji problemlərin həlli və yeni nəsil elektrik stansiyalarının yaradılması üçün nüvə fizikası üsullarının tətbiqi ilə məşğul olur. Bu mənada əminəm ki, bizi böyük perspektivlər gözləyir”, - alim bildirib.

Trubnikovun sözlərinə görə, BNTİ-də dünyanın 33 ölkəsinin, o cümlədən MDB ölkələrindən, Braziliyadan, Meksikadan, ABŞ-dən, Yaponiyadan, Cənubi Koreyadan, Avropa ölkələrindən vətəndaşlar çalışır.

Azərbaycan 1992-ci ildən BNTİ-nin üzvüdür. Bununla belə, Azərbaycanın milli elmi mərkəzləri və Azərbaycan alimləri ilə əlaqələr BNTİ-nin bütün tarixi boyu mövcud olub. Hazırda BNTİ-də Azərbaycandan 30-a yaxın mütəxəssis çalışır.

Müxtəlif formatlarda əməkdaşlıq aparılır, Azərbaycanın institutları, elmi-tədqiqat mərkəzləri ilə birgə layihələr həyata keçirilir.

Effektiv formatlar arasında direktor akademik mübadilə proqramlarını, institut əməkdaşlarının onlayn mühazirələrini və tələbə təcrübələrini qeyd edib.

Azərbaycan alimləri ilə birgə işin nəticələrinə əsasən hər il fundamental və tətbiqi nüvə fizikasının, nüvə enerjisinin, radiasiya ekologiyasının aktual sahələrini, o cümlədən radiasiya texnologiyalarının tibb və sənayedə tətbiqi məsələlərini əhatə edən 80-ə yaxın məqalə dərc olunur.

“Bizim institutla əməkdaşlıq hər zaman qarşılıqlı faydalıdır. Bu tərəfdaşlıq, ilk növbədə, iştirakçının ölkəsi üçün faydalıdır.

Çünki bir çox ölkələr qüvvələrini birləşdirir və BNTİ-də möhtəşəm elmi qurğular teleskoplar və kollayderlər, termonüvə reaktorları və super güclü lazerlər, superkompüterlər, detektorlar və çox pula başa gələn sürətləndiricilər ərsəyə gətirir. İnstitutun işində iştirak etməklə Azərbaycan öz eksperimentlərini aparmaq üçün bahalı infrastruktura çıxış əldə edir”, - Trubnikov izah edib.

Görüşdə Azərbaycan alimlərinin ildən-ilə elmi maraqlarının əhatə dairəsini genişləndirdiyi, onların fəal iştirak etdikləri layihə və təcrübələrin, o cümlədən beynəlxalq layihələrin sayının artdığı vurğulanıb.

Qeyd edilib ki, BNTİ ilə Azərbaycanın elmi təşkilatları arasında qarşılıqlı əlaqə durmadan artır.

Son bir neçə ildə bir sıra ikitərəfli memorandumlar imzalanıb.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayev Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası, bərpaolunan enerji mənbələrinin potensialının artırılması ilə bağlı ölkəmizin hədəfləri, enerji potensialının artırılması, yaşıl enerjiyə keçid barədə məlumat verib, Xəzər dənizinin dayazlaşması probleminə toxunub.

O, nüvə enerjisinin gələcəkdə qlobal enerji strukturunda mühüm rol oynayacağına və BNTİ ilə əməkdaşlığın bir sıra ekoloji problemlərin həllində Azərbaycana kömək edəcəyinə diqqət çəkib.

Rəhman Mustafayev vurğulayıb ki, hazırda iki ölkə prezidentinin tapşırığı ilə Sankt-Peterburq Dövlət Universitetinin bazasında yeni Azərbaycan-Rusiya universitetinin yaradılması üzərində iş aparılır.

"Seçim dəqiq elmlərin xeyrinə edilib və biz bu universiteti sizin institutunuzun potensial tərəfdaşı hesab edə bilərik", - deyə diplomat bildirib.

O, həmçinin əlavə edib ki, 8 minə yaxın azərbaycanlı tələbə Rusiya Federasiyasında təhsil alır və qarşılıqlı fəaliyyət konsepsiyasının hazırlanması üçün birgə görüşün keçirilməsini təklif edib.

Səfər zamanı Azərbaycanın elmi müəssisələri ilə BNTİ arasında əməkdaşlığın intensivləşdirilməsi məsələləri müzakirə olunub.

Səfirlik ilə institut rəhbərliyi arasında müntəzəm işgüzar əlaqələrin saxlanılması barədə razılıq əldə olunub.

Azərbaycan Azərbaycan Azərbaycan
Chosen
26
4
apa.az

10Sources