EN

Turşu düzgün saxlanılmadıqda sağlamlıq üçün təhlükə yarada bilər -EKSPERT

İsti aylarda hazırlanan turşular qışda daha çox istifadə edilir. Bu səbəbdən də qış aylarında turşudan zəhərlənmə halları çox olur. Bəs turşudan zəhərlənmə zamanı nə etməliyik. Bunun kökündə nə dayanır?
Xatırladaq ki, bir neçə gün əvvəl də Sumqayıtda pomidor turşusundan zəhərlənən 53 yaşlı qadın həyatını itirib.

Məsələ ilə bağlı danışan təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev "Sherg.az"a deyib ki, qış fəsli gəldikdə insanların yayda hazırladığı turşu məhsulları süfrələrdə geniş yer tutur:

“Ev şəraitində hazırlanan turşular düzgün saxlanılmadıqda və ya hazırlıq prosesində gigiyena qaydalarına əməl edilmədikdə, sağlamlıq üçün təhlükə yarada bilər. Turşunu yemədən öncə xarab olub-olmadığını yoxlamaq və zəhərlənmə riskinə qarşı tədbirlər görmək vacibdir. Əgər turşu saxlanılan şüşə qapağı şişibsə və ya açıldıqda qaz çıxışı müşahidə olunursa, bu məhsulun düzgün fermentasiya olunmadığını və bakteriyaların çoxaldığını göstərir. Normal turşu xoş və təbii qoxuya malikdir. Əgər turşunun kəskin, xoşagəlməz və ya çürümüş qoxusu varsa, onun istifadəsi təhlükəlidir. Həmçinin turşunun rəngi tündləşibsə, tərkibindəki tərəvəzlər yumşalıbsa və ya turşu suyu bulanıqdırsa, məhsulun zədələndiyi ehtimalı var. Eyni zamanda turşunun səthində və ya qapaq ətrafında ağ və ya yaşıl rəngdə küf təbəqəsi yaranması da məhsulun xarab olduğunu göstərir. Yəni turşu dadında kəskin bir dəyişiklik, acı və ya turşdan fərqli bir dad hiss edilirsə, bu da zərərli mikroorqanizmlərin məhsulda çoxaldığının göstəricisidir”.

Ekspert bildirib ki, turşu məhsullarından zəhərlənmə, xüsusən botulizm adlanan ciddi bakterial infeksiya ilə nəticələnə bilər:
“Botulizm simptomları bunlardır:  Qarın ağrısı, qusma və ishal , bulanıq görmə, əzələ zəifliyi, nəfəs alma çətinliyi və.s
Botulizm nadir olsa da, ciddi və həyati təhlükə yarada bilər. Buna görə turşunun saxlanılması və hazırlanmasına xüsusi diqqət yetirilməlidir. Tərəvəzlər və istifadə olunan digər inqrediyentlər yaxşı yuyulmalı və təmizlənməlidir. Şüşə bankalar sterilizasiya edilməli, qapaqlar hava keçirməz olmalıdır. Turşu hazırlığında istifadə olunan sirkə və duz miqdarı reseptə uyğun olmalıdır. Aşağı turşuluq və ya az duz bakteriyaların çoxalmasına şərait yarada bilər. Turşular sərin və qaranlıq yerdə saxlanılmalıdır. İdeal saxlama temperaturu 0-10 °C-dir.  Şüşə qapağı şişibsə və ya açıldıqda qaz çıxırsa, məhsulu istifadə etməyin. Ev şəraitində hazırlanan turşular qış mövsümündə həm dadlı, həm də faydalı məhsul ola bilər. Lakin turşu hazırlığında gigiyena və təhlükəsizlik qaydalarına əməl olunmadıqda, sağlamlıq üçün risklər yarana bilər. Hər bir istehlakçı məhsulun xarab olub-olmadığını müəyyən etmək bacarığını inkişaf etdirməli və zəhərlənmə riski yarandıqda düzgün tədbirlər görməlidir. Təhlükəsiz qida istehlakı sağlam həyatın təməlidir”.
Chosen
55
sherg.az

1Sources