EN

"Fransa əsrlər boyu davam etdirdiyi müstəmləkə siyasətindən əl çəkmir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Məlum olduğu kimi artıq neçə müddətdir ki, Fransanın müstəmləkəsi altında olan Martinik adasında etirazlar davam edir. Yaşayış xərclərinin artırılması ilə əlaqədar narazılıqlar artıq kütləvi aksiyalara çevrilib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, Fransanın müstəmləkə altında saxladığı Yeni Kaledoniya, Qvadelupa və Mayotdan sonra, sentyabrın əvvəlindən etibarən Martinikdə də bahalığa qarşı etiraz nümayişləri keçirilməyə başlanıb. Etirazçıların səsini boğmağa çalışan Makron hakimiyyəti hələ sentyabrın əvvəlindən adaya xüsusi çevik qüvvələr yerləşdirib. İndi isə yüzlərlə fransız polisinin əhaliyə divan tutmaq üçün göndərilməsi planlaşdırılır.

İnsanlar haqlı olaraq Rəsmi Parisin müstəmləkəçilik siyasəti nəticəsində gündən-günə yoxsullaşmanı qəbul etmək istəmirlər. Onsuz da həyatı, dolanışığı dözülməz həddə çatmış martiniklilərin ərzaq və gündəlik tələbat mallarının qiymətinin davamlı artımı onları bu addımları atmağa vadar edib. Təsəvvür edin ki, Martinikdə ərzaq qiymətləri Fransa ilə müqayisədə təxminən 40 faiz yüksəkdir. Bu da əhalisinin 27 faizə yaxını yoxsulluq şəraitində yaşayan martiniklilər üçün olduqca ağır problemdir. İqtisadi bərabərsizlik, təcrid nəticəsində isə vəziyyət gündən-günə kəskinləşir.

Qiymətlərin əhəmiyyətli dərəcədə aşağı salınması martiniklilər üçün daha yaxşı iqtisadi ədalətdir. Onlar qiymətlərin Fransa ilə uyğunlaşdırılmasını tələb edərək, qeyri-mütənasib yaşayış xərclərinə məruz qaldıqlarını bəyan etdilər. Bu haqlı tələblərin fonunda rəsmi Parisin insanlarla görüşmək, onların tələblərini müzakirə etmək əvəzinə komendant saatı tətbiq etməsi, nümayişlər keçirilməsinə qadağalar qoyması heç bir halda qəbul edilən deyil. Aşırı güc səbəbilə ölən, yaralananların olduğu məlumdur. Həbs olunanların sayı isə yüzlərlədir. Afro-Karib xalqlarının və resurslarının müdafiəsi birliyinin lideri Rodriqe Petitonun həbsi və daha sonra ev dustaqlığına salınması isə,ümumiyyətlə, heç bir çərçivəyə sığmır. Onun yeganə günahı Martinikdə səfərdə olan Fransanın dənizaşırı işlər üzrə naziri Fransua-Noel Buffe ilə görüşməkdən ibarət olub və o bu görüşə mane olan polis rəisinin tapşırığı ilə saxlanılıb.

Göründüyü kimi artıq 21-ci əsr olmasına baxmayaraq Fransa hələ də əsrlər boyu davam etdirdiyi müstəmləkə siyasətindən əl çəkmir. Dünyaya demokratiya dərsi keçməyə cəhd edən Fransa hakimiyyətinin istər müstəmləkə altında saxladığı xalqlara, istərsə də elə sadə fransızlara qarşı həyata keçirdiyi siyasət Makron hakimiyyətinin eybəcərliyini bütün çılpaqlığı ilə ortaya qoyur".

"Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinik, Qvadelupa, Vallis və Futuna, Korsika, Qəmər Adaları İttifaqı və Haiti kimi Fransanın müstəmləkəsi altında olan dənizaşırı ərazilərin xalqları da haqlı olaraq yüz illərdir davam etdirilən ədalətsizliyə son qoyulmasını, hüquqlarının bərpa edilməsini istəyirlər. Bu onların haqqıdır və özünü insan hüquqlarının müdafiəçisi adlandıran ayrı-ayrı ölkələr, beynəlxaq qurumların da onların haqlı tələblərinə dəstək verməsi lazımdır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Chosen
9
1
sia.az

2Sources