EN

Mustafa səhlənkarlığın qurbanı olub - “Milli ilə bağlı əlavə nəsə deməyə icazə vermirlər”

Yığma İsveçə yarımcan yollanıb. Elvin Cəfərquliyev Estoniya ilə oyunda yersiz sarı vərəqə hesabına cəzalı duruma düşübsə, Abbas Hüseynov zədəsini yeniləyib. Mustafa Əhmədzadənin isə vizasında problem yarandığına görə yığma ilə İsveçə yollana bilməyib.

Son vaxtlar yığma ilə bağlı müntəzəm viza problemi yaranır. Görəsən, AFFA Santuşun ilk dəfə dəvət göndərdiyi Mustafa Əhmədzadənin viza probleminin olduğunu bilmirdi, yoxsa “Araz-Naxçıvan”ın oyunçusu təkcə Estoniya ilə görüş üçün çağrılmışdı?

AFFA-da əsas yığmanın meneceri vəzifəsini tutan İslam Abbasovla əlaqə saxladıq. Onun "Football-plus.az"a cavabı belə oldu:

“Mustafa Əhmədzadənin sənədlərində problem yaranmışdı, hazırlamağıçatdırmadıq. Ancaq Estoniya ilə oyuna çağrılmışdı”.

Bəs futbolçunun şərəfini qoruduğu “Araz-Naxçıvan” problemin həlli üçün nə edib? Klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov durumu belə şərh etdi:

“Bu, nə AFFA-lıq, nə də klubluqdu. Viza almaq üçün şəxsiyyət vəsiqəsinin bitməsinə ən azı 3 ay vaxt qalmalıdı. Onun da vəsiqəsinin istifadə müddəti bir ay sonra bitəcək. Belədə viza vermirlər. Bunu da Mustafa əvvəlcədən bilmirdi ki, gedib şəxsiyyət vəsiqəsini yeniləsin. Ona görə də heç bir qurumun günahı deyil”.

Yığmada ilk dəfə dəvət alan Mustafaya da bu durumla bağlı sual ünvanladıq. 21 yaşlı oyunçu da fərqli açıqlama verdi:

“Viza problemimin olacağı əvvəlcədən bilinmirdi. Yəni nə AFFA, nə də mən problemi bilirdik. Milli ilə bağlı əlavə nəsə deməyə icazə vermirlər”.

RÖYANƏ OĞUZ
Chosen
27
football-plus.az

1Sources