EN

TDT-nin iqlimə dayanıqlı kəndlər üzrə Forumu üzv ölkələr arasında fəal əməkdaşlıq imkanları açır - Nazir müavini

Türk Dövlətləri Təşkilatının (TDT) iqlimə dayanıqlı kəndlər üzrə Forumu üzv ölkələr arasında fəal əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Olaylar xəbər verir ki, bu barədə Qırğızıstanın su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi nazirinin müavini Mirbek Duyşeyev COP29 çərçivəsində keçirilən "Qlobal məqsədlərdən yerli səviyyədə fəaliyyətə: Dayanıqlı aqrar-ərzaq sistemlərinin gücləndirilməsi üzrə regional təşəbbüslər" mövzusunda tədbirdə bildirib.

O, Qırğızıstan tərəfinin iqlimə dayanıqlı kəndlər üzrə Forumun yaradılması təşəbbüsünü alqışladığını qeyd edib.

"Qırğızıstan tərəfi anlayır ki, kəndlərin dayanıqlılığı iqlim dəyişikliyinin təsirlərini azaltmaq, ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq və kənd yerlərinin dayanıqlı inkişafını təmin etmək üçün qlobal səylərdə mühüm rol oynayır. Bu baxımdan, biz bu təşəbbüsü fəal şəkildə dəstəkləməyə hazır olduğumuzu ifadə edirik", - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, Qırğızıstan bu forumun yaradılmasının COP29-da qəbul edilən qərarların həyata keçirilməsinə əhəmiyyətli töhfə verəcəyinə ümid edir.

"Biz əminik ki, yalnız beynəlxalq ictimaiyyətin birgə səyləri ilə iqlim dəyişikliklərinə effektiv şəkildə qarşı dura bilərik", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
22
2
olaylar.az

3Sources