EN

Avropa birjaları enişdədir: Bank sektorunda ciddi itkilər var

Avropa birjaları Rusiya ilə Ukrayna arasında artan gərginlik səbəbilə ardıcıl üçüncü gün də eniş yaşadı. 

Valyuta.Az xəbər verir ki, Stoxx Europe 600 indeksi London vaxtı ilə səhər saatlarında 1% dəyər itirərək son üç ayın ən aşağı bağlanışına doğru irəlilədi. Bank və avtomobil sənayesi sektorlarındakı itkilər ümumi azalmaya səbəb oldu.  

Rusiya Prezidenti Vladimir Putinin nüvə doktrinasını yeniləyərək atom silahlarının tətbiqi sferasını genişləndirməsi və Ukraynaya Rusiya ərazisinə uzunmənzilli raket hücumuna icazə verilməsi xəbərləri, bazar iştirakçılarını "təhlükəsiz limanlara" yönəlməyə vadar edir.  

"Saxo Banque France"dən Andrea Tueni bildirib: "Durumun pisləşmədən düzəlməyə başlaması ehtimalı azdır, buna görə də investorlar çox diqqətli olmalıdırlar." Bu inkişaflarla yanaşı, Donald Trampın yeni dövründə tətbiq edə biləcəyi tariflər və siyasətlər də Avropa birjalarına təzyiq göstərir. Bundan əlavə, ABŞ dollarının bahalaşması, Çinin iqtisadi yavaşlaması və Avropa bölgəsinin zəif iqtisadi perspektivi bazar iştirakçılarının üzləşdiyi digər çətinliklər sırasındadır.  

Sektorlar üzrə azalmalar və bazarın ümumi durumu  

Avropanın əsas birja indeksi olan STOXX 600, Rusiyanın nüvə doktrinası ilə bağlı açıqlamalarının ardından riskli aktivlərdən uzaqlaşma fonunda üç ayın ən aşağı səviyyəsinə düşdü. Qızıl və ABŞ dolları kimi "təhlükəsiz limanlara" tələb artdığı halda, avtomobil və bank sektoru təxminən 2% dəyər itirərək bazar enişinə əlavə təsir göstərdi.  

"Panmure Liberum"dan Yoaxim Klement qeyd edib: "Rusiyanın nüvə siyasətindəki dəyişikliklərin Avropa iqtisadiyyatı və gəlirlərinə birbaşa təsiri olmayacaq. İnvestorlar bu açıqlamalara həddindən artıq mənalar yükləməməlidir."  

Eyni zamanda, ABŞ-ın yeni maliyyə naziri və ticarət nümayəndəsi vəzifələrinə kimin təyin olunacağı maraqla gözlənilir. Trampın mümkün inflyasiya yönümlü siyasətlərinin təsirləri bazar tərəfindən diqqətlə izlənilir. Avropa Mərkəzi Bankının (ECB) ABŞ-ın ticarət tariflərinin Avrozonanın iqtisadi artımına zərər verə biləcəyi ilə bağlı narahatlıqları isə qlobal faiz endirimi siyasətinə diqqəti artırır.  

DAX indeksi üzrə eniş sürətlənib  

Almaniyanın DAX indeksi, Rusiya-Ukrayna gərginliyindən qaynaqlanan narahatlıqlarla 1%-dən çox enərək 19.000 bəndin altına düşüb. Rusiya nüvə doktrinasını genişləndirməsi və Ukraynanın raket hücumları, Avropada genişmiqyaslı münaqişə ehtimalını artırıb.  

Bu vəziyyət bütün sektorlarda səhmlərin dəyərdən düşməsinə səbəb olub. "Siemens" 4%-dən çox itki ilə sənaye nəhəngləri arasında ən çox dəyər itirən şirkət olub. "Siemens Energy" 2.5% azalarkən, "Volkswagen", "Mercedes-Benz" və "Continental"ın səhmləri də 2%-dən çox dəyər itirib.  

Digər tərəfdən, müdafiə sənayesi üzrə fəaliyyət göstərən "Rheinmetall" 2% dəyər qazanaraq bazardan müsbət fərqlənib. Bununla yanaşı, "Thyssenkrupp" şirkəti gözləntiləri üstələyən mənfəət hesabatı fonunda 8%-ə yaxın dəyər qazanaraq diqqət çəkib.  

Aydın

Chosen
24
valyuta.az

1Sources