EN

Zahid Oruc: COP29 yumşaq güc alətlərindən biri kimi Azərbaycanı dünya səviyyəsində qaldıracaq

“Qlobal iqlim zirvəsi həqiqətən də Birləşmiş Millətlər Təşkilatının tabeliyi altında keçirilən və bütün dövlətləri əhatə edən çox mühüm planetar səviyyəli bir tədbirdir. Ölkəmizin Vətən müharibəsində qələbəsindən sonra belə bir tədbiri əldə etməsi diplomatik, siyasi zəfərin ən parlaq nümunələrindən biridir”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında deputat, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

O söyləyib ki, ilk olaraq Ermənistanın çevrəsində olan media strukturları və qlobal lobbi mərkəzləri bu məsələ ilə bağlı öz hökumətlərinə ciddi ittihamlarını yağdıraraq Azərbaycanın COP29-a ev sahibliyi etməsinə səs vermələrini tənqid edirdilər:

“COP29 Xankəndi və ətraf bir neçə rayonda ermənilərin könüllü getməsi ilə bağlı beynəlxalq məkandan üzərimizə gələn müxtəlif təzyiqlərin neytrallaşdırılması, həmçinin Azərbaycan ilə bir sıra Qərb ölkələri arasındakı konfrantasiyaların  ikinci plana keçirilməsində siyasi zireh rolunda çıxış edəcək. Eyni zamanda dünya informasiya çapında, məkanında aktiv təbliğatımıza və təqdimatımıza səbəb olacaq. Şübhəsiz ki, COP29 yumşaq güc alətlərindən biri kimi Azərbaycanı dünya səviyyəsində qaldıracaq, beynəlxalq nüfuzumuzu gücləndirəcək. 11 noyabrdan başlayaraq dünya liderləri, dövlət başçıları, hökumət rəhbərləri Bakıdadır. O cümlədən bu sahə üzrə bütün müvafiq korporasiyaların, şirkətlərin və digər elmi, ictimai, sosial, təhsil, səhiyyə məkanını əhatə edən mədəniyyət platformasında dayanan qurumların görüş məkanına çevrilib. Burada fərqli dinlər, biri-birindən çox uzaq məsafədə olan qitə təmsilçiləri görüşürlər. Həqiqətən də o mühitə daxil olanda insan yer üzünün kiçildilmiş bir Olimpiya kompleks modeli ilə tanış olur. Bu BMT Baş Assambleyasının tədbirindən də böyük bir hadisədir. Çünki burada yalnız rəhbər şəxslər deyil, müvafiq yeni strukturlar, onların təmsilçiləri iştirak edirlər. Gündəlik olaraq onların həmin məkanda hərəkət marşrutunu izləyəndə nə qədər sürətli, dinamik bir prosesin getdiyini biz görməkdəyik. Bu, həqiqətən də qələbəmizin planetar miqyasda təqdimatı üçün mühüm bir tribuna oldu”. 


Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin liderlər sammitindəki parlaq çıxışını ayrıca qeyd etmək yerinə düşərdi:
“Orada keçdiyimiz zəfər yolu, dövlətimizin regional və beynəlxalq baxışları, neft-qaz iqtisadiyyatında yaşıl enerji sferasına keçid, ümumiyyətlə yaşıl Azərbaycan quruculuğu istiqamətindəki görülən işlər, strategiyalar uğurlu bir şəkildə təqdim olundu. Eyni mövqeni bir gün sonra kiçik ada dövlətlərinin konfransında da biz gördük. Özünə yönəlik müxtəlif ittihamlara, kəskin mövqelərə rəğmən bu gün bütün dövlətləri bir çətir altında birləşdirən tək qurum BMT-dir. Buna görə də Azərbaycan dövlətinin lideri İlham Əliyevin siyasi iradəsi müxtəlif ölkələrin boykotçu mövqelərinə baxmayaraq, bütün dövlətlərin başçılarını bu prosesdə iştiraka cəlb edə bildi. Tədbirin birinci günündə liderlərin zirvə görüşü davam edərkən oradakı bədii hissənin hər bir elementi yetərincə istedadlı, yaradıcı bir baxışla nəzərdən keçirilmişdi. Xalqımızın tarixini, keçdiyi yolu, məruz qaldığı aqressiyaları, eyni zamanda mənəvi, mədəni zənginliyini göstərmək baxımından oradakı mədəni səhnələr, hər bir repertuar nümunələri çox böyük önəm daşıyır. Burada Mehriban xanım Əliyevanın seçimi, baxışları önəmli rol oynayırdı. Bilavasitə burada ölkə coğrafiyasının hər bir qarışını,onun etnik, milli, mədəni qovşaqların və sinergetikanın uğurla təqdimatını gördük. Salonda müxtəlif rəhbər şəxslər, hətta bura narazı gələn, bəlkə də çox böyük məkrli planları olan qüvvələr də oradakı canlı seyrdən tərksilah oldular. Baxmayaraq ki, bu tədbirin paralelində informasiya məkanında bir ovuc qüvvələr vardı ki, onlar düşmən xislətlərindən geri durmadılar. Bütün onlayn saytlar, çap mediası, elektron KİV-lər, televiziyalar xüsusi təyinatlı missiyada çalışırdılar. Onlar hər bir panel iclasları göstərirdilər. Digər tərəfdən bəzi xarici medialar Azərbaycan əleyhinə müəyyən kampaniyalarda iştirak edirdilər. Onların böyük bir hissəsinin canlı yayımlara çıxdıqlarının şahidi olduq. Uzun illər bizim əleyhimizə Konqresdə və yaxud Avropa Parlamentində çıxış edən qüvvələrin Bakıya gəlməklə onlar gerçəkliklə barışdılar. Çünki ölkənin ümumi mənzərəsi onları fərqli bir reallıqla üz-üzə qoydu. Boykota cəhd edən qüvvələr Fransa, Niderland, Norveç kimi dövlətlər Azərbaycan prezidentinin dili ilə cavablarını aldılar. Norveç baş naziri tədbirdə iştirak etmir, ancaq özlərinin neft fonduna 1.8 trilyon dollarlıq aktivlər toplayıblar. Statoyl şirkətinin adını yenidən brendinq etmək üçün Avropada milyonlarla avro təbliğata vəsait xərcləyirlər. Şimal dənizini uzun illərdir istismar edənlər, öz iqtisadiyyatlarını məhz neftin üzərində quranlar, onların mənsub olduğu dövlətlər də ölkəmizi qalıq yanacağında qlobal istiləşmədə ittiham edirdilər. 37 qiqaton karbon oksidinin emissiyasında Çin, Amerika, Hindistan, Rusiya, Yaponiya və digər dövlətlər öncüllük təşkil edirlər. Əsrin neft müqaviləsində də aparıcı yeri məhz Qərb şirkətləri tutur. Yeraltı sərvətlərimizi də günah saymağa çalışırlar. Məqsəd Azərbaycanı bu strateji sərvətlərdən, onun gəlirlərindən məhrum etmək, bu vasitə ilə iqtisadiyyatda çox ciddi durğunluq və dağılmalar yaratmaqdır. Daha sonra ondan bizim yaşıl texnologiya keçidimizin də qarşısını almaq və  yaşıl enerji tranzitinə yol verməmək məqsədi güdülür. Ona görə də  enerji sahəsində olduğu kimi bu yaşıl texnologiya üzərində də bir yaşıl imperializm mövcuddur. Qara ittiham alətlərini, çirkli prosesləri atmosferimizdən çıxarmaq lazımdır. Yaşıl dünya həm də insanlararası münasibətlərin xoş məramından keçir”.
Chosen
32
sherg.az

1Sources