EN

U-17 millimiz rumınlardan xal alsa da, sonuncu oldu

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi (U-17) Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti sınağına çıxıb.

Arena.az xəbər verir ki, 6-cı qrupda yer alan yığmamız qrupdakı sonuncu – üçüncü oyununda Rumıniya ilə üz-üzə gəlib.

Rumıniyanın Milli Futbol Mərkəzinin stadionunda təşkil olunmuş qarşılaşmanı San Marinodan olan baş hakim idarə edib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifaytləniblər. Komandamızın heyətində Əlibəy Mahmudov fərqlənib.

Xatırladaq ki, İlham Yadullayevin rəhbərlik etdiyi U-17 millimiz AÇ-2025-in seçmə mərhələsi çərçivəsində ilk oyununu Macarıstana qarşı keçirmiş və 0:4 hesabıyla uduzmuşdu. Komandamızın Yunanıstanla görüşü də 0:3 hesablı məğlubiyyətlə yekunlaşmışdı.

Rumınlar da bu seçmə mərhələdə uğursuz çıxış ediblər. Bugünkü rəqibimiz ilk turda Yunanıstana 0:3 hesabıyla uduzmuş, Macarıstanla qolsuz heç-heçəyə razılaşmışdı – 0:0.

Beləliklə, Rumıniya yığması qrup mərhələsini 2 xalla 3-cü sırada başa vurduğu halda Azərbaycan millisi 1 xalla sonuncu yeri tutub.

AÇ-2025-in seçmə mərhələsi
6-cı qrup
19 noyabr

Azərbaycan – Rumıniya 1:1
Qollar: Əlibəy Mahmudov, 82 – Rares Coman, 40.
Baş hakim: Mişel Beltrano (San Marino).
Baş hakimin köməkçiləri: Can Marko Erkolani (San Marino), Vadim Vikol (Moldova)
Dördüncü hakim: İon Orliç (Moldova).
Rumıniya Milli Futbol Mərkəzinin stadionu. Saat 14:00.

Xallar: Yunanıstan – 7. Macarıstan – 5. Rumıniya – 2. Azərbaycan – 1.

Chosen
35
arena.az

1Sources