EN

AMEA prezidenti yanında müşavirə keçirilib

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Akademiyanın Rəyasət Heyətində müşavirə keçirilib. Müşavirədə AMEA-nın 80 illiyi ilə əlaqədar hazırlanan nəşrlərlə bağlı müzakirə aparılıb.

Müşavirədə çıxış edən akademik İsa Həbibbəyli Akademiyanın yubileyi ilə bağlı çapı nəzərdə tutulan monoqrafiyalar haqqında ətraflı məlumat verərək diqqətə çatdırıb ki, “Simalar” kitabı artıq son redaktə mərhələsindədir. “Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası” monoqrafiyasının, AMEA-nın Elmi Bölmələrinin keçdiyi inkişaf yolu haqqında bir neçə monoqrafik əsərin, Azərbaycan, rus və ingilis dillərində Tanıtma kitabının, əvvəlki illərdə elmi qurumun rəhbər heyətində təmsil olunmuş görkəmli akademiklərin biblioqrafik göstəricilərinin yazılıb çapa hazırlanması prosesi haqqında danışan akademik İsa Həbibbəyli çapı qərara alınan nəşrlərin elmi-tarixi əhəmiyyətini diqqətə çatdırıb. AMEA rəhbəri nəzərdə tutulan kitabların çapa hazırlığının gələn ilin yanvar ayınadək tam başa çatdırılması barədə müvafiq tapşırıqlarını verib, təkliflərini bildirib.

Müşavirədə həmçinin böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi ilində keçirilən tədbirlərdən söz açılıb. Ölkə Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamını xatırladan akademik İsa Həbibbəyli yubileylə bağlı AMEA-nın təşkilatçılığı ilə keçirilən tədbirlər, o cümlədən beynəlxalq elmi konfranslar və sərgilər, ölkədə və xarici ölkələrdə təşkil olunmuş müxtəlif mövzulu toplantılarda AMEA əməkdaşlarının yüksək səviyyədə təmsil olunması, il ərzində Akademiyada işıq üzü görmüş kitablar barədə ətraflı danışıb. Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar bu il AMEA tərəfindən keçirilən tədbirlərin noyabrın sonunda Opera və Balet Teatrında təşkil olunacaq tədbirdə məruzə və çıxışlarla, həmçinin “Leyli və Məcnun” operasına AMEA əməkdaşlarının kollektiv baxışı ilə yekunlaşacağını bildirib.

Müşavirədə həmçinin AMEA-da 2024-cü ildə aparılan elmi-tədqiqat işləri üzrə hesabat iclaslarının və elmi müzakirələrin keçirilməsi məsələsi də müzakirə edilib. AMEA-nın Elmi bölmələrinin hesabatını və elmi-tədqiqat müəssisələrinin mühüm elmi nəticələrini əks etdirən nəşrin vaxtında və keyfiyyətlə çapa hazırlanması barədə müvafiq tapşırıqlar verilib.

Müzakirələrdə AMEA-nın vitse-prezidentləri akademik Rasim Əliquliyev, akademik Dilqəm Tağıyev, akademik Gövhər Baxşəliyeva çıxış edərək təklif və mülahizələrini səsləndiriblər. AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, AMEA Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud çıxış edərək müzakirəyə çıxarılan məsələlər üzrə müvafiq məlumatları diqqətə çatdırıblar.

Müşavirədə AMEA Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatı şöbələrinin müdirləri iştirak ediblər.

 

Chosen
16
2
veteninfo.az

3Sources