EN

Qətər COP29-da 2030-cu ilə qədər emissiyaların azaldılmasına dair strategiyasını açıqladı

Bakı, TurkicWorld

İqlim dəyişiklikləri inkişaf etməkdə olan ölkələr üçün ən ciddi problemlərdən biri olaraq qalır.

TurkicWorld xəbər verir ki, bunu Qətərin ətraf mühit və iqlim dəyişikliyi naziri Abdullah Abdulaziz bin Turki Əl-Subaye Bakıda keçirilən COP29 sammitində milli bəyanatla çıxışı zamanı bildirib.

"İqlim dəyişiklikləri dünyanın, xüsusilə də inkişaf etməkdə olan ölkələrin üzləşdiyi ən ciddi problemlərdən biri olaraq qalır. Bu səbəbdən, biz inkişaf etmiş ölkələri öz öhdəliklərini yerinə yetirməyə çağırırıq", - deyə nazir vurğulayıb.

Nazir qeyd edib ki, Qətərin iqlim dəyişiklikləri ilə mübarizəyə yanaşması 2030-cu il Milli Görüşündə təsbit olunub və burada ətraf mühitin qorunması əsas yer tutur.

O, 2021-ci ilə aid hesabatı təqdim edərək, gələcək strategiyalar barədə məlumat verib.

"Bizim Ətraf Mühit və İqlim Dəyişikliyi Nazirliyimiz 2024-2030-cu illəri əhatə edən strategiya hazırlayıb. Bu strategiya davamlı və balanslaşdırılmış ətraf mühitin təmin edilməsinə yönəlib. Strategiyada 2030-cu ilə qədər istixana qazı emissiyalarını 25 faiz azaltmaq və institutlar və icmalar arasında əməkdaşlığı gücləndirmək məqsədləri yer alır", - deyə nazir bildirib.

Strategiyalar arasında iqlim dəyişiklikləri ilə mübarizə üzrə Milli Fəaliyyət Planı, emissiyaların azaldılması və uyğunlaşma tədbirləri, həmçinin, irəliləyişin izlənməsi və problemlərin müəyyən edilməsi üçün idarəetmə mexanizmləri var.

Nazir əlavə edib ki, Qətər bərpa olunan enerji mənbələrinə yatırımları artırır. Milli Bərpa Olunan Enerji Strategiyası çərçivəsində 2030-cu ilə qədər təmiz enerjinin enerji balansındakı payını 30 faizə çatdırmaq hədəflənir. Günəş enerjisi və enerji səmərəliliyinin artırılması üzrə proqramlarda ciddi irəliləyiş əldə olunub.

"Beynəlxalq arenada biz yüksək effektivlikli mayeləşdirilmiş təbii qaz (LNG) vasitəsilə qlobal bazarlara təmiz enerji tədarükünü davam etdiririk. Bu, aşağı karbonlu enerji üçün etibarlı mənbədir", - deyə nazir vurğulayıb.

Davamlı nəqliyyat sahəsində də əhəmiyyətli uğurlar əldə olunub. Doha metrosu, Lusail tramvayı və elektrik avtobuslarının istifadəyə verilməsi ilə ictimai nəqliyyat parkının 70 faizdən çoxu ekoloji təmiz nəqliyyat vasitələrindən ibarətdir. Qətərin davamlı inkişafa olan sadiqliyi FIFA 2022 futbol üzrə ilk karbon neytral dünya çempionatında da nümayiş etdirilib.

Nazir Qətərin Paris Sazişinə olan sadiqliyini təsdiqləyərək beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

"Biz Paris Sazişinə olan sadiqliyimizi təsdiqləyirik və iqlim dəyişiklikləri ilə mübarizə sahəsində beynəlxalq səyləri dəstəkləməyə davam edəcəyik", - deyə o, çıxışını yekunlaşdırıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
3
1
turkic.world

2Sources