EN

KTMT məsələsində Paşinyan Rusiyanı artıq ələ salır...

Image

Arzuxan Əlizadə: “Moskva yaxşı bilir ki, son illər Ermənistanın orada mövcudluğu formal xarakterlidir”

Ermənistan tərəfinin bəyanatları İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müxtəlif səviyyələrdə bütün formatlardan uzaqlaşdığını göstərir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin jurnalistlərə Ermənistanın noyabrın 28-də KTMT sammitində iştirak etmək imkanı ilə bağlı suala cavabında bildirib.

Daha sonra Rusiya XİN rəsmisi bunları qeyd edib: “Sualı Ermənistan tərəfinə ünvanlayın. Lakin Ermənistan tərəfinin bəyanatlarından görünür ki, hazırkı mərhələdə KTMT-nin müxtəlif səviyyələrdə bütün fəaliyyət formatlarında iştirakdan uzaqlaşır”.

Madam Ermənistan KTMT-dən uzaqlaşır, təşkilatın təlimlərinə, tədbirlərə qatılmır, o zaman bu ölkəni təşkilatda saxlamağın mənası nədir?

“Vaşinqton Baydenin dövründəki kimi himayadarlıq edərsə, Ermənistanda anti-Rusiya xətti daha da güclənə bilər”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadənin fikrincə, Rusiya faktiki olaraq Ermənistanın KTMT-yə sərgilədiyi etinasız münasibət fonunda proseslərin arxasınca sürünür: “Bir tərəfdən Rusiya rəsmiləri bəyan edirlər ki, KTMT nizamnaməsində üzv ölkənin öz fəaliyyətini dondurmaq maddəsi yoxdur, o biri tərəfdən Ermənistanın nazı ilə oynayırlar. Halbuki, Moskva yaxşı bilir ki, son illər Ermənistanın KTMT-də mövcudluğu formal xarakterlidir. Bu, hansısa anlam ifadə etmir. KTMT üzvü olan Ermənistan ərazisində bu və ya digər şəkildə Qərbin hərbi mövcudluğunu genişləndirir. ABŞ-la birgə hərbi təlimlər keçirir, Avropa İttifaqından mülki missiya adı altında hərbi təlimatçılar, kəşfiyyatçılar Ermənistanda fəaliyyət göstərir. Mərhələli şəkildə Rusiya sərhədçilərinin Ermənistanda fəaliyyət dairəsi məhdudlaşdırılır. Moskva isə hələ də nəyəsə ümid edir. Halbuki, Qərbin məqsədi Rusiyanı Ermənistandan çıxarmaqdır. Paşinyan hakimiyyətinin himayə edilməsi də bu planın tərkib hissəsidir. Üstəlik, Paşinyanın reytinqi cəmiyyətdə aşağı düşsə də, bu, Rusiyapərəst qüvvələrə dəstəyin artmasına gətirib çıxarmayıb. Qərbpərəst mövqedən çıxış edən müxalif qüvvələr daha fəaldılar, nəinki Rusiyanın tərəfdarları. Baxmayaraq ki, Rusiyapərəst qüvvələr parlamentdə təmsil olunurlar. Ermənistanda ciddi fors-major vəziyyət baş verməyəcəksə, bu ölkənin KTMT-dən uzaqlaşması davam edəcək. Hətta 2026-cı ildə keçirilən parlament seçkilərində Paşinyan qalib gələrsə, Ermənistanın ərizə verərək KTMT-ni tərk etməsi də baş verə bilər. Görək Tramp səlahiyyətlərini icra etməyə başlayandan sonra ABŞ-Ermənistan münasibətləri necə olacaq. Vaşinqton Baydenin dövründəki kimi himayadarlıq edərsə, Ermənistanda anti-Rusiya xətti daha da güclənə bilər”.

Vidadi ORDAHALLI





Chosen
35
baki-xeber.com

1Sources