EN

Riçard Almeyda: “Heç vaxt millidə onun belə oynadığını görməmişdim”

“İsveç millisinin hər mövqedə çox keyfiyyətli oyunçuları var”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Riçard Almeyda deyib.

“Qarabağ”ın yarımmüdafiəçi bu gün Millətlər Liqasında səfərdə İsveçin qonağı olacaq yığmamızın şanslarını dəyərləndirib. O bildirib ki, bu oyunda yaxşı nəticə qazanacağımıza inanır: “Səfərdən müsbət nəticə ilə qayıtmaq olar. Bunu deməyə millinin son göstərdiyi oyunlar əsas verir. Nəticə olmasa da, komanda oyununda irəliləyiş hiss edilir. Yığma son matçda yaxşı performans göstərdi. Ozan Can Kökçünü xüsusi qeyd edərdim. Heç vaxt millidə onun belə oynadığını görməmişdim. Eyni zamanda, “Qarabağ”dan gedən futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. Çox təəssüf ki, Elvin Cəfərquliyevi itirdik. O, karyerasının ən yaxşı dönəmini yaşayır. İstənilən halda, milli komandanın İsveçdən uğurlu nəticə ilə dönəcəyinə ümid edirəm”.

Son oyununu AVRO-2023-ün seçmə mərhələsi çərçivəsində məhz İsveçə qarşı (0:5) keçirən milliləşdirilmiş braziliyalı rəqibi nəyin hesabına üstələməyin yollarını da göstərib: “Hesaba baxsaq, başqa şeylər ağıla gəlir. Amma həmin matçda da yaxşı oyun nümayiş etdirmişdik. Görüşün əvvəlində topa sahibolma bizdə idi. Qol vəziyyətlərimiz oldu. Amma onlar hücumlarını qolla yekunlaşdırdılar. İlk qol isə oyunun taleyini həll etdi. İsveç komplektləşmiş komandadır. Son vaxtlar “Sportinq”də yaxşı futbol nümayiş etdirən Viktor Qyököres, “Nyukasl”ın forvardı Aleksandr İsakı qeyd etməliyəm. Mənə elə gəlir ki, milli komanda əks-hücumdan oynasa onları təəccübləndirə bilər. Musa Qurbanlı, Toral Bayramov və Ramil Şeydayev kimi futbolçularımız var. Onlar bunu etməyi bacararlar”.

35 yaşlı futbolçu millimizin gələcəkdə daha güclü komanda olacağına da inam ifadə edib: “Baş məşqçi Fernandu Santuş yeni gəlib və futbolçuları tanımağa çalışır. Onları bir-bir yoxlayır. Heç bir şirkət, təşkilat belə bir gün ərzində möhkəmlənmir. Bunun bariz nümunəsi kimi “Qarabağ” futbol klubunu göstərmək olar. Artıq baş məşqçi 14 ildir burdadır. Əvvəl komanda çempion olmurdu, zaman keçdikcə hər şey yerinə oturdu. Milli komandaya da baş məşqçi təzə gəlib və yeni fəlsəfə, yeni düşüncələr və oyun stili var. Buna alışmaq üçün zamana ehtiyac var. Zamanla hər şey yerinə oturacaq. Düşünürəm ki, yeni məşqçi gələcək üçün yaxşı komanda qura biləcək”.

Qeyd edək ki, İsveç – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Emin Ağa
İdman.biz

Chosen
28
idman.biz

1Sources