EN

Azərbaycanda özəl sektorda da maaşlar ARTACAQ

Azərbaycanda minimum əməkhaqqı 2024-cü illə müqayisədə 55 manat, yaxud 15,9 faiz artırılaraq 400 manat olacağı gözlənilir. Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

 

Qeyd edək ki, minimum əməkhaqqı aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Yəni, işəgötürənlər işçilərinə bu məbləğdən aşağı əməkhaqqı verə bilməz. Azərbaycanda hazırda minimum əməkhaqqı 345 manatdır.

 

Modern.az-a danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, minimum əməkhaqqının artırılacağı barədə proqnozlar gözlənilən idi:

 

“Xüsusilə son illər ərzində əməkhaqqı fondunun artımına təsir göstərən əsas istiqamətlərdən biri məhz minimum əməkhaqqının artımı mexanizmidir ki, Azərbaycanda bu artımlardan istifadə olunur. Bu da bütövlükdə demək olar ki, əməkhaqqı fondunun artımına təkan vermiş olur. Dövlət faktiki olaraq bununla həm də özəl sektorda əməkhaqlarının  artımına təkan vermiş olur. Minimum əməkhaqqının artırılması həm özəl, həm də dövlət sektorunda əməkhaqlarının artırılmasına ən güclü impuls verən istiqamətdir. 4-5 bundan əvvəl də jurnalistlərə açıqlamalarımda bildirirdim ki, müstəqil ekspert olaraq gözləntilərim 2025-ci ilin əvvəlində minimum əməkhaqqının 400 manat civarında olacaq”.

 

Ekspert qeyd edib ki, dünya iqtisadiyyatındakı qeyri-müəyyənlik var:

 

“Eyni zamanda ölkədə idxal infilyası var. Daxili bazarımızda idxalın payı çoxdur, bu da istər-istəməz bazara öz təzyiqlərini göstərir. Bu zaman da qiymət artımı baş verir. Bunun qarşısını almaq üçün sözsüz ki, həm əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, həm də daxili bazarda alıcılıq qabiliyyətinin qorunması baxımından əməkhaqlarının artırılmasına ehtiyac var. Məhz bu istiqamətdə dövlət tərəfindən işlər görüldüyünü görürük. Hesab edirəm ki, bu artımlara son illərin sosial yönümlüm siyasətinin məntiqi ardıcıllıqla davam etdirilməsinin təzahürü kimi yanaşmaq lazımdır”.

Chosen
22
modern.az

1Sources