EN

ABŞ senatorları Bakıda əsl "erməni ssenariləri" oynadılar...

Image

Senatorların "erməni əsirlər" adlandırdığı hərbi-siyasi cinayətkarlar minlərlə azərbaycanlının işgəncə ilə edam olunmasını ya həyata keçirib, ya da onu təşkil edib

İndiyə qədər Avropa deputatlarının və Amerika senatorlarının erməniləri müdafiə etməsini kifayət qədər müşahidə etmişik. Həmin şəxslər bunu müəyyən diplomatik gedişlərlə edir və fikirlərini saxta şəkildə də olsa arqumentleşdirirdilər. 

Amma Bakıda keçirilən COP29 iştirakçısı olan senatorlar heç bir arqument gətirmədən, saxta da olsa əsaslandırma aparmadan cığal uşaq kimi deyirlər ki, "biz Ermənistanı  dəstəkləyirik". Siz, yəni işğalçı, terrorçu Ermənistanı dəstəkləyirsiniz, cənablar?!

Belə ki, ABŞ senatorları Edvard Marki və Şeldon Uaythaus COP29 çərçivəsində Bakıda keçirilən brifinqdə Ermənistanı dəstəklədiklərini bildiriblər və Dağlıq Qarabağdan məcburi köçkün edilmiş ermənilərin geri qaytarılması hüququnu vurğulayıblar. Senator Edvard Marki, xüsusilə Azərbaycanda saxlanılan məhbusların azad edilməsinə və Dağlıq Qarabağ ermənilərinin geri qayıtmaq hüququnun təsdiqlənməsinə çağırıb.

“Biz hesab edirik ki, məhbuslar azad edilməli və ermənilərin Dağlıq Qarabağa qayıtmaq hüququ qorunmalıdır”, - amerikalı senator bildirib.

Senator Şeldon Uaythaus da öz növbəsində Ermənistanı dəstəklədiklərini qeyd edib.

“Mən və senator Marki Ermənistanı dəstəkləyirik. Bu qədər erməninin deportasiya edilməsinə çox təəssüflənirik. Yumşaq desək, baş verənlərdə ermənilərin günahkar olduğuna inanmaq fikrindən uzağam”, - Uaythaus bildirib.

Azərbaycan-Ermənistan münaqişəsinin müzakirə edilən tarixi o qədər keçmişdə deyil ki, bunun üçün arxiv vərəqlənə, tədqiqat aparıla. Bu gün Azərbaycanda məhbus olan erməni əsilli hərbi-siyasi cinayətkarlar və onların yaşıdları olan azərbaycanlılar və ermənilər bu tarixin canlı şahididirlər. Amerika cəmiyyətinə və qlobal dünyaya da münaqişənin real mahiyyəti məlumdur. Yəni dünya siyasətindən ortabab biliyə malik olan hər bir siyasi persona bilir ki, 30 il əvvəl, ötən əsrin 88-ci ilində ermənilərin başlatdıği münaqişə nəticəsində 300 min azərbaycan əsilli Ermənistan vətəndaşı qaçqın, Azərbaycanın yeddi rayonundan və Dağlıq Qarabağdan isə 700 min Azərbaycan vətəndaşı məcburi köçkün düşüb. Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən 30 il işğalda saxlanılıb. Həmin dövr ərzində Amerikanın müxtəlif səviyyəli bəyanatları olub ki, Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Baxmayaraq ki, ərazisinin bir hisəsi Ermənistanın işğalı altındadı. Bununla yanaşı, BMT-nin dörd qətnaməsi var ki, orada Ermənistandan işğal etdiyi Azərbaycan ərazisindən çıxmaq tələb edilir.

Azərbaycanın çəkdiyi maddi zərərlərin həcmi yüz milyardlarla dollar həcmindədir. Hazırda bu istiqamətdə ciddi iş gedir və yaxın gələcəkdə Ermənistan dövlətı üzərinə betnəlxalq ədalət məhkəməsi tərəfindən ağır təzminat yüklənəcək. Mənəvi zərərə gəldikdə lsə, bunun həcmini təsəvvür etmək mümkün deyil. Bir milyon insan yurd-yuvasından, var-dövlətindən məhrum edilib, dörd minə yaxın insan itkin düşüb. İndiyə qədər də Ermənistan itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün Azərbaycanla səmimi əməkdaşlıq etmək istəmir. Bu münaqişə ərzində 30 mindən çox azərbaycanli həlak olub. Qarabağın hər bir kəndində ermənilər insanlığa sığmayan faciələr törədib. Azərbaycanın Xocali, Kərkicahan, Malıbəyli və sair faciələri dünya ictimaiyyətinə bəllidir. Bütün bunlar zaman-zaman müxtəlif beynəlxalq tribunalardan, hətta Ermənistan parlamentinin tribunasından səsləndirilib. Belə olan halda ABŞ senatorlarının münaqişənin mahiyyətindən bixəbər olmasi mümkün deyil. Elə isə bu senatorlar nədən işğalçı, terrorçulari himayə edən, onları "qəhrəman" adlandıran Ermənistanı müdafiə edir?

Bəli, Amerika siyasətində haqq-ədalət, mərhəmət və digər humanist hisslər çoxdan arxa plana keçib. İndi həmin humanist hissləri Amerikada yalnız pul əvəz edir. Amerika senatorları və digər siyasətçiləri qlobal mənada siyasi alverlə məşğuldur.

Bakıda həyasızcasına erməni terrorçularının azadlığını, işğal dövründə qeyri-qanuni olaraq Qarabağa məskunlaşdırılmış ermənilərin geri qayıtmasını tələb edən və birmənalı olaraq işğalçı Ermənistanı dəstəklədiyini bəyan edən senatorlar erməni lobbisi tərəfindən pulla alınmış əsirlərdir. Bu özünü "demokratiyanın bəşiyi" adlandıran Amerika Birləşmiş Ştatlarının tarixinə çəkilmiş qara ləkədir. Əks təqdirdə bu qədər ədalətsiz mövqedə olan Ermənistanı amerikalı senatorlar hansi əsasla dəstəklədin? Senatorların "erməni əsirlər" adlandırdığı hərbi-siyasi cinayətkarlar minlərlə azərbaycanlının işgəncə ilə edam olunmasını ya həyata keçirib, ya da onu təşkil edib. Belə şəxslər əslində ölüm hökmünə, edam edilməyə layiqdir. Çünki onlar minlərlə azərbaycanlını işgəncələrlə edam ediblər. Hələ bu hərbi-siyasi cinayətkarların böyük əksəriyyəti Ermənistan hakimiyyəti tərəfindən "erməni xalqının qəhrəmanları" kimi təqdim edilir, onlara heykəllər qoyulub, adları əbədiləşdirilib.

Bu gün Amerika senatorları haqq-ədalətin peşində olsaydılar, Ermənistandan bu cinayətkarların cəzalandırılmasını, 30 il Azərbaycanın torpaqlarının işğal altında saxlanılmasının, həmin ərazilərdən və Ermənistandan bir milyon azərbaycanlının deportasiya edilməsinin, 30 mindən çox azərbaycanlının məhv edilməsinin hesabını sorardı. Çox təəssüf ki, dunya lideri olan dövlətin millət vəkillərin pulun, rüşvətin əsirinə çevriliblər. Erməni əsilli cinayətkarları "əsir" adlandiran senatorların əslində özləri erməni lobbisinin pulla kirayələdiyi qullarıdır.

Akif NƏSİRLİ





Chosen
24
baki-xeber.com

1Sources