EN

Azərbaycan hər zaman kiçik ada dövlətlərinin müdafiəçisi qismində çıxış edib



“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) diqqət çəkən məqamlardan biri də kiçik ada dövlətləri ilə bağlı aparılan fikir mübadiləsi və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin çıxışı zamanı bu problemə diqqət ayırması oldu”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, COP29-un ən yadda qalan məqamlarından biri məhz bu istiqamət oldu:

“Ümumiyyətlə, təkcə COP səviyyəsində deyil, bütün səviyyələrdə Azərbaycan dövləti, xüsusilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev kiçik ada dövlətlərinə diqqət və qayğı ilə yanaşıb. Dəfələrlə Azəbaycandan həmin ölkələrə müxtəlif zamanlarda, təbii fəlakət və digər xoşagəlməz hadisələrlə üzləşdiklərində rəsmi Bakı öz humanitar aksiyasını təqdim edən ilk tərəf kimi çıxış edib. Paralel olaraq dövlət başçısı Cənab İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə kiçik ada dövlətlərinin müdafiəçisi qismində çıxış edib, onların problemlərini qlobal müstəviyə daşıyıb, bu istiqamətdə həmərəyliyin vacibliyini vurğulayıb”.

Arzuman Muradlı deyib ki, bu gün də əksər kiçik ada dövlətləri bəzi xarici amillərin təsirindən əziyyət çəkirlər. Onun sözlərinə görə, Fransa və Niderland kimi müstəmləkəçi dövlətlərin zamanında kiçik ada dövlətlərində həyata keçirdiyi işğalçılıq siyasətinin fəsadları bu gün də qalmaqdadır:

“Fransa və Niderlandın Karib dənizi və Sakit Okean regionunda zəbt etdikləri ərazilər günümüzdə iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Burada dəniz səviyyəsinin getdikcə artması, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması region ölkələri üçün ciddi təhlükə yaradır. Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər”.

Süleyman
Chosen
37
newscenter.az

1Sources