EN

COP29 çərçivəsində 300-500 milyard dollarlıq yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində yeni maliyyə hədəfinin müəyyən olunması üçün 300-500 milyard dollar arasında yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir.

“Report”a danışıqlara yaxın diplomatik mənbənin verdiyi məlumata əsasən, danışıqlar sərt və ciddi surətdə davam edir.

Mənbənin bildirdiyinə görə, Avropa İttifaqı (Aİ) və ABŞ böyük maliyyə yükünün altına girmək istəmir. Aİ-də başa düşürlər ki, bunu indi etmək lazımdır, çünki ABŞ-də Donald Tramp hakimiyyətə gələndən sonra bunu etmək mümkün olmayacaq.

Məlumata görə, kollektiv Qərb hər bir vəchlə yüksək inkişaf səviyyəsi və maliyyə imkanları olan inkişaf etməkdə olan ölkələri prosesə daxil etmək istəyir. Qərb xüsusilə bu prosesə Çin, Qətər və bu qəbildən olan ölkələri cəlb etmək niyyətindədir.

Cənubi Koreya və Sinqapur və müəyyən mənada Ərəb Əmirlikləri bu sıraya qoşulsalar da, Çin və Səudiyyə Ərəbistanı qəti etiraz edir. Çin China+G 77 qrupu vasitəsilə prosesə və qərb ölkələrinə təzyiq göstərir.

Mənbə xatırladıb ki, ABŞ-nin bütün COP danışıqlarında strategiyası heç bir öhdəlik götürməmək və ABŞ-nin neft-qaz sənayesini qorumaqdan ibarət olub. İndiki danışıqlar qrupu Tramp seçiləndən sonra çox tərəddüdlü görünür.

Səudiyyə Ərəbistanı, Küveyt, Boliviya və bu qrup digər ölkələr keçən il Birləşmiş Ərəb Əmirliklərindən qəbul edilmiş “fossil fuel transition” sənədinin əleyhinə çıxır və onun təkrar gündəliyə gətirilməsinə mane olurlar.

Azərbaycan danışıqlar prosesində vasitəçi və ev sahibidir. Geosiyasi qütbləşmə kəskindir. Yeni maliyyə hədəfi müəyyən olunacaqsa, bu, bütün dünyanın uğurudur. Bu olmayacaqsa bu eyni zamanda bütün dünyanın və iqlim fəaliyyətinin iflasıdır.

Chosen
14
29
yeniazerbaycan.com

10Sources