EN

“İllərlə keyfiyyətsiz şəkildə tikilən qəzalı binanı necə təmir etmək olar?”

Yığma noyabrın 16-da Qəbələ şəhər stadionunda Millətlər Liqasının qrup mərhələsinin oyununda Estoniya ilə heç-heçə etdi.

“Göyqurdlar”ın rəhbəri Elnur Şərifli "Futbol+"ə son açıqlamasında bu oyunun yığma üçün son şans olduğunu söyləmişdi.
Görəsən, fanklub bundan sonra nə etməyi düşünür?

Bu sualı Elnur bəyə ünvanladıq:

“Məncə, hər şey açıq-aydın ortadadı. Milli komandanın nəticə verə bilməsi üçün heyətdə və futbol strategiyamızda köklü dəyişiklik etmək lazımdı. Təcili şəkildə komandaya fayda verməyən “milliləşdirilmiş” futbolçularla sağollaşmaq lazımdı. Həmin legionerlər nəticə qazanmağımıza kömək edə, futbolumuzun inkişafına töhfə verə bilmirsə, onları heyətdə görmək istəmirik. AFFA-nın xarici şirkətlərə sifariş etdiyi strategiyanın açıqlanmasını gözləyirik. Onunla tanış olandan sonra daha ətraflı fikir bildirəcəyik. Çünki gördüyümüz qədəri ilə Azərbaycan futbolu Qəbələdə artıq tənəzzülə uğradı. “Futbolumuzun gələcəyi yoxdu” ifadəsini açıq şəkildə deyə bilərik. Bunu aşağı yaş qruplarının nəticələrindən də görmək mümkündü. Bütün aşağı yaş qruplarındna hər şeyə yenidən başlamaq lazımdı. İllərlə keyfiyyətsiz şəkildə tikilən qəzalı binanı necə təmir etmək olar? Futbolumuz artıq təmirlik deyil. Bu xətalı binanı dağıdıb yenidən təzəsini inşa etmək lazımdır. Çox güman, bu böyük miqdarda pul və vaxt tələb edəcək. “Sector 11”in ən fəal dönəmində bizim gəncliyimiz “hər şey yaxşı olacaq” sözlərinə ümid etməklə keçdi, aradan ötən 14-15 ildə heç nə yaxşı olmadı. Ancaq bizi inandıra bilsələr ki, hər şeyə şəffaf şəkildə yenidən başlanılacaq, onda yenə gözləməyə hazırıq”.


ƏSƏD SEYİDOV
Chosen
24
football-plus.az

1Sources