EN

Firuz Qulami: “Kəpəz”ə gətirib öz adamlarını “soxublar” - YEYİNTİ İTTİHAMINA TƏSDİQ

Gəncə Futbol Veteranları İctimai Birliyinin sədr müavini Firuz Qulami apasport.az saytına müsahibə verib.

- Firuz müəllim, yəqin ki, Vidadi Rzayev və Mahir Şükürovun açıqlamalarından xəbərdarsız… Onlar Gəncə uşaq futbolunda yeyinti olduğunu bildirmişdilər. Bu barədə nə deyə bilərsiz?

- Gəncə futboluna rəhbərlik edən şəxslərin hamısı günahkardır. Mən də 2 ildən çoxdur ki, bu sözləri deyirəm. “Gəncə futbol veteranları” səhifəsində də yazılı şəkildə etirazımı bildirmişəm. Gəncə futboluna, azyaşlılar üçün ayrılan pullar, idman geyimləri ortalıqda yoxdur. Uşaqlara nə idman ayaqqabıları, nə də geyim alınmır. 7-8 ay bundan qabaq AFFA ilə veteran futbolçuların görüşü zamanı Sərxan Hacıyevə də bunları bildirmişik. Həmin görüşdə soruşmuşduq ki, nəyə görə Gəncə futboluna ayrılan büdcəni düzgün istifadə etmirlər. Onlar ayrılan vəsaitin tam hissəsini əsas komanda üçün xərcləyirlər. Uşaqlar Bakıya gedəndə biri çəkmədə, biri cırıq üst geyimi ilə yola düşür. Mahir Şükürov bu məsələni indi dilə gətirir. Lakin problem 3 ildən çoxdur ki, davam edir. Bizim AFFA ilə görüşümüz zamanı Gəncə Futbol Veteranlarının sədri Tofiq Məmmədov, Vidadi Rzayev və mən bildirdik ki, bu məsələyə nəyə görə nəzarət olunmur. Bir il bundan qabaq mən özüm Sərxan Hacıyevə elektron poçt vasitəsilə məktub yolladım ki, bu məsələni ciddi araşdırsınlar. Altı aydan sonra Sərxan bəylə görüş zamanı bildirdim ki, yoxlama məsələsi nə yerdə qalıb? Nəyə görə yoxlama aparılmır? Həqiqətən biabırçılıqdır. Bakıdan gələn klublar Gəncədəki yaşıdlarını görəndə utanırlar. İndi qış mövsümüdür. Komandanın U-16, U-17, U-19 heyətləri Bakıya gələndə baxın görün nə vəziyyətdədirlər. Hərəsi ayrı-ayrı geyimlərdə səfərə yollanır. Dövlətimiz o qədər büdcə ayırır, bundan niyə düzgün istifadə edilmir? Biz heç Sərxan Hacıyevdən də cavab tapmadıq. Sərxan bəydən soruşduq ki, bu məsələ haqqında kim tədbir görəcək? Sərxan Hacıyev isə açıqlamasında bildirdi ki, bunların hamısı “Kəpəz” Premyer Liqaya yüksələndən sonra Gəncə İcra Hakimiyyəti tabeliyinə keçib. İcra hakimiyyətinə müraciət edəndə bizə deyirlər ki, “mən AFFA-nın işinə qarışa bilmərəm”. Problemi bir-birlərinin üzərinə atırlar. 

- Bəs AFFA-dan sizə dəstək gəlmədi? 

- Xeyr, AFFA-dan heçbir cavab verilmədi. Hardasa 3-4 ay bundan öncə Rövşən Nəcəfə rəsmi müraciət etdik ki, görüş üçün bizi qəbul etsinlər. Lakin, bizim müraciətimizə cavab olaraq bildirdilər ki, gedin Sərxan Hacıyevlə görüşün. Ora getməzdən öncədə suallarınızı hazılayın. Biz Sərxan bəylə altı ay bundan öncə görüşmüşdük. Əvvəl nə xeyri oldu ki, indi də olsun. Bizim Sərxan bəylə münasibətimiz var. Amma altı ay öncə bu məsələ ilə bağlı tədbir görməyən, indi nə kömək edəcək ki... 

- Belə çıxır ki, klubun kimin balansında olduğu bilinmir…

- Hamı yaxşı bilir ki, komandanı kim idarə edir. Klub elitada iştirakından sonra icra hakimiyyətinə həvalə olunub. Gəncə Şəhər İcra Başçısının birinci müavini vəzifəsində çalışan Səməd Tomuyevə göstəriş verilib ki, kluba nəzarət etsin. O da “çox gözəl” nəzarət edir. Deyib ki, veteran futbolçuları “Kəpəz”ə yaxın buraxmayın. Onlara iş vermiyin. 

- Niyə görə belə bir addım atıb? 

- Çünki biz orada baş verən hər şeydən xəbərdarıq. Orda çalışdığımız zaman belə halların yaşanmasına icazə vermirik. Mən orada işləyəndə Gənclər və İdman Nazirliyinə bildirmişdim ki, uşaqların formaları nəyə görə alınmır? Bu məsələyə görə mənimlə yeni müqavilə imzalamadılar. Nəyə görə mən yox, İlqar Nadirinin, Cabir İbrahimovun qohumları işləməlidir? Buna görə Gəncədə uşaq futbolu belə vəziyyətdədir. “Kəpəz”ə gətirib öz adamlarını “soxublar”. 4-5 ay işləyib gedirlər. 

- Klub və ya AFFA-dan sizinlə görüşən olmadı?

- Rövşən Nəcəf AFFA-nın prezidentidir. Nəyə görə bizimlə görüşmür? Biz dərdimizi kimə deyək? Allahşükür Paşazadəyə bildirək? Yalnız Gəncə futbolu yox, ümumiyyətlə Azərbaycan futbolu “it günündədir". Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov nə edir? Heçnə... Gəncə futbolunun bərbad vəziyyətinin bir səbəbkarı elə məhz odur. Səməd Tomuyev deyir ki, İsgəndər qohumumdu. İlqar Nadiriyə İsgəndər Cavadov və Səməd Tomuyev başçılıq edir. Sərxan Hacıyev dedi ki, UEFA-dan gələn pulla gənc futbolçular üçün paltardəyişmə otağı tikmək olar. Biz də Tofiq bəylə birlikdə Səməd Tomuyevin yanına getdik. Yanımızda Sərxan bəyə zəng edib bildirdi ki, bu məsələ ilə bağlı heç bir hüquqi əsas yoxdur. AFFA-nın baş katibi isə futbolun inkişafı üçün orda UEFA-dan gələn pulla Azərbaycan Respublikasının əməkdar məşqçisi Konstantin Abramenkonun paltardəyişmə otağını təmir edə biləcəklərini söylədi. Səməd bəy də bildirdi ki, “yaxşı, görək nə edirik”. Həmin söhbətin üzərindən 3 il keçməsinə baxmayaraq, hələ də tikinti baş tutmayıb. Danışmadığımız adam qalmayıb. Səməd Tomuyev və İsgəndər Cavadov İlqar Nadiri ilə birgə Gəncə futbolunu başdan-aşağı bərbad vəziyyətə gətiriblər. 

- “Kəpəz”in aşağı yaş qrupları niyə turnirlərdə az iştirak edir?

- Klub prezidenti azyaşlı uşaqlar üçün heç bir turnir keçirmir. Biz veteranlar isə 4 yarış təşkil etmişik - Ulu öndər Heydər Əliyevin 100 illiyinə, şəhidlərin xatirəsinə, Konstantin Abramenkonun 100 illiyinə... Turnirlərə Qəbələ, Tovuz, Mingəçevir şəhərlərindən komandaları dəvət etmişdik. Bütün klublar hazır idman geyimləri ilə iştirak edirdi. Amma bizim uşaqların belə bir imkanı yox idi. Bunun üçün bir dostumuz bizə maddi yardım göstərdi. “Kəpəz” klubunun prezidenti İlqar Nadiri bir dəfə belə gəlib demədiki, “ nə köməklik göstərim?”. 

- Həmin durumda klub rəhbərliyi utanmadı?

- Utansalar işləməzlər. İsgəndər Cavadov özü deyir ki, “mənlik deyil”. “Kəpəz” azarkeşlərinə demişdi ki, “İlqar Nadirinin arxasında bilirsiz kim durur?”. Heçkim durmur, elə İsgəndər Cavadovla qohumu Səməd Tomuyev dayanır. Səməd Tomuyevə dəfələrlə rəsmi qurumlar paltardəyişmə otağının tikintisi ilə bağlı göstəriş verib. Lakin bu əmr Səməd bəy tərəfindən yerinə yetirilməyib. Paltardəyişmə otağı olmadığı üçün hazırda turnir keçirə bilmirik. Gəncə futboluna rəhbərlik edən şəxslər günahkardır. Biz AFFA ilə görüş keçirmək istəyirdik ki, heç olmasa akademiyanı “Kəpəz”dən ayırsınlar. Rəhbərliyə də kimi istəyirlər gətirsinlər. Amma onlar da bizi qəbul etmədilər.

- Əsas millimizin durumu da fiaskodur. Düzələnə də oxşamır…

- Azərbaycanda uşaq futbolu olmayandan sonra millidə də fiasko olacaq da… Azərbaycan futbolunun düzəlməsi, özünə gəlməsi üçün süni meydançalar yığışdırılmalıdır. 15 ildir Gürcüstanda süni meydançalar yoxdur. Gəncədəki süni meydançaya 5 ildir rezin tökülmür. Buna görə uşaqların oynaq hissələri travma alır, bel nahiyyələri zədələnir, dizləri şişir. Nəticədə uşaqlarda topla davranış və texnika xaricilərdən geri qalır. Süni meydançalar uşaqlarımızda xəstəlik, travma yaradır. Yadınızdadırsa, bu məsələni sizin verilişdə də dilə gətirmişdim. Birmənalı olaraq süni meydançalar yığışdırılmalıdır. 

Hacı Heydər

Hakimləri təhdid edən məşqçi cəzalandırıldı

Millimiz İsveçlə qarşı-qarşıya - YENİLƏNİR

“Sumqayıt”dan bayram hədiyyəsi

“Green Future Golf Cup” turnirinə yekun vurulub

İsveçrə millisinin forvardı “Qarabağ”a keçidə razılıq verdi - ÖZƏL

Chosen
7
1
apasport.az

2Sources