EN

Həbsdə olan daha bir ictimai fəal aclığa başlayacağını deyir

İmran Əliyev haqqında həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadıldı

Həbsdə olan ictimai fəallardan "meclis.info” saytının rəhbəri, 7 aydır həbsdə olan İmran Əliyevin istintaq dövrü üçün həbsdə saxlanma müddəti daha 3 ay artırılıb. Noyabrın 18-də Xətai Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.

Məhkəmədə İmran Əliyev haqqında həbs qətimkan tədbirinin daha 3 ay uzadılması üçün prokurorun verdiyi təqdimata baxılıb. 

İctimai fəalın özü də, vəkili də təqdimata etiraz edib, onun əsassız olduğunu bildirib, təmin olunmamasını istəyib.

İmran Əliyev ictimai fəaliyyətinə görə sifarişlə həbs olunduğunu deyib. O. səhhətindəki problemləri də hakimin nəzərinə çatdırıb.

Kəskin ağrılardan əziyyət çəkdiyini, ehtiyacı olduğu halda, lazımi tibbi yardımı ala bilmədiyini deyən İmran Əliyevin sözlərinə görə, təxminən 15 kiloqram çəki itirib.

İmran Əliyev məhkəmədə də halsız olub.

Məhkəmədə iştirak edən Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi isə təqdimatı müdafiə edib, İmran Əliyev haqqında həbs qətimkan tədbirinin uzadılmasını istəyib. 

Müstəntiq bildirib ki, istintaq davam edir. Hələ bir çox istintaq hərəkətləri aparılmalıdır. Bu müddətdə İmran Əliyevin azadlıqda qalması məqsədəuyğun deyil. Çünki istintaqdan yayına bilər, şahidlərə təsir göstərmək ehtimalı var və s.

Hakim də təqdimatı təmin edib və ictimai fəalın istintaq dövrü üçün həbsdə saxlanma müddətini daha 3 ay – fevralın 19-na qədər uzadıb.

İmran Əliyevin vəkili Xətai Rayon Məhkəməsinin bu qərarından apelyasiya şikayəti verəcək.

Noyabrın 18-də Bakı Apelyasiya Məhkəməsində də İmran Əliyevlə bağlı şikayətə baxılıb. Bu şikayət də Xətai Rayon Məhkəməsinin başqa bir qərarından verilib. 

Həmin işdə ictimai fəalın vəkili onun ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət etmişdi. Lakin Xətai Rayon Məhkəməsi rədd cavabı vermişdi. Sözügedən qərardan apelyasiya şikayəti verilib.

Bakı Apelyasiya Məhkəməsi də şikayəti təmin etməyib və qərarı qüvvədə saxlamaqla, İmran Əliyevi ev dustaqlığına buraxmaqdan imtina edib.

İmran Əliyevin yaxınlarının Meydan TV-yə bildirdiyinə görə, noyabrın 18-də həbs qətimkan tədbirinin növbəti dəfə uzadılması, sağlamlığındakı problemlərin nəzərə alınmaması, ehtiyacı olan tibbi yardımı ala bilməməsi səbəbindən yaxın günlərdə aclıq aksiyasına başlamaq niyyətindədir: "Baş verənlərə bu şəkildə etiraz etmək niyyətindədir”.

İmran Əliyev aprelin 18-də Türkiyəyə gedərkən Bakıda hava limanında saxlanılaraq, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Həmin gün gecə saatlarında onun yaşadığı evdə axtarış aparılıb. 

Aprelin 19-da məhkəmədə onun haqqında həbs qərarı çıxarılanda İmran Əliyev bildirib ki, polislər tərəfindən işgəncəyə məruz qalıb, bədəninə elektrik cərəyanı verilib. Məhkəməyə gətiriləndə onun üzərində xəsarət izləri aşkar görünüb.

Öncə o, "AbzasMedia” ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Daha sonra onun işi "AbzasMedia” ilə bağlı cinayət işindən ayrılıb. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 206.3.1 (qaçaqmalçılıq – təkrar törədildikdə) maddəsilə yeni ittiham irəli sürülüb.

İmran Əliyev beynəlxalq donor təşkilatlardan qrant kimi alınan vəsaitləri qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə ittiham olunur. Onun özü isə bu ittihamı rədd edir, Milli Məclisin və deputatların fəaliyyətini araşdırdığına və bu istiqamətdə fəaliyyət göstərən sayta rəhbərlik etdiyinə görə cəzalandırıldığını deyir.
Chosen
22
arqument.az

1Sources