EN

COP29-un yüksək səviyyəli görüşü: Nazirlər çağırış etdilər

COP29-da yüksək səviyyəli görüşdə bir sıra ölkələrin nazirləri iqlim böhranı ilə mübarizə üçün səyləri birləşdirməyə dair qətiyyətli çağırış edib.

Teleqraf.comxəbər verir ki, bu məsələdə iqlimin maliyyələşdirilməsi və inkişaf etməkdə olan ölkələrə dəstək problemlərinə xüsusi diqqət yetirilib.

İştirakçılar konfransın Azərbaycan tərəfindən yüksək səviyyədə təşkilini yüksək qiymətləndirib, səmimi qəbula və məhsuldar iş üçün gözəl şəraitin yaradılmasına görə Prezident İlham Əliyevə, eləcə də Azərbaycan xalqına minnətdarlıqlarını bildiriblər.

O cümlədən Cənubi Koreyanın ekologiya və iqlim naziri Kim Vansop iqlim dəyişikliyi problemlərinin həllində birgə fəaliyyətin vacibliyini vurğulayıb. O qeyd edib ki, Koreya bərpa olunan enerji mənbələrindən (BOEM) istifadəni fəal şəkildə inkişaf etdirir və sənaye proseslərini təkmilləşdirir.

Tunisin ətraf mühit naziri Həbib Abid konfransın gözəl təşkilinə görə Azərbaycana və Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Onun sözlərinə görə, COP29 iqlim dəyişikliyi ilə mübarizədə kollektiv öhdəliyi ifadə etmək üçün əla fürsətdir.

Abid Tunisin də iqlim dəyişikliyinin fəlakətli təsirlərindən əziyyət çəkən ölkələr arasında olduğunu vurğulayıb. O, beynəlxalq ictimaiyyəti inkişaf etməkdə olan ölkələrə texnologiyalar verilməsi məsələsinə diqqət yetirməyə çağırıb.

Qətərin bələdiyyələr və ətraf mühit naziri Abdulla bin Əbdüləziz bin Turki əl-Subaya COP29-un parlaq təşkilinə görə Azərbaycana təşəkkürünü bildirərək, inkişaf etmiş ölkələri iqlimin maliyyələşdirilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb. Onun sözlərinə görə, Qətərin 2024-2030-cu illər üçün milli strategiyası 2030-cu ilə qədər istixana qazları emissiyalarının 25 % azaldılmasını və enerji balansında BOEM-in payının 30 %-ə çatdırılmasını nəzərdə tutur.

Avstraliyanın iqlim dəyişikliyi və enerhetika naziri Kris Bouen vurğulaylb ki, ölkəsi təkcə bu il BOEM-ə 2 milyard ABŞ dolları sərmayə qoyub. O, həmçinin qeyd edib ki, Avstraliya İtki və Zərər Fonduna 50 milyon ABŞ dolları yatırıb və bu fondun 6-cı ən böyük ianəçisidir.

Sent Kits və Nevisin dayanıqlı İnkişaf, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə və seçki dairələrinin hüquq və imkanlarının genişləndirilməsi naziri Coyel Triziya Klark iqlim böhranının dağıdıcı təsirləri ilə mübarizədə kiçik ada dövlətlərinə dəstək verməyə çağırıb. Onun sözlərinə görə, Sakit okean regionu ölkələrinin iqlim dəyişikliyinə görə iqtisadi itkiləri bir neçə milyard dollara çatır. Klark, həmçinin vurğulayıb ki, Bakı iqlim böhranına ən həssas olan kiçik ada dövlətləri üçün qərarların qəbulu mərkəzinə çevrilməlidir.

Zambiyanın yaşıl iqtisadiyyat və ətraf mühit naziri Mayk Elton Mpoşa COP29-da göstərilən qonaqpərvərliyə görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib.

Onun sözlərinə görə, Zambiya iqlim dəyişikliyindən ən çox zərərçəkmiş ölkələr sırasındadır. Mpoşa xatırladıb ki, ölkəsi güclü quraqlıq ilə üz-üzə qalıb və bunun nəticəsində milyonlarla insan zərər çəkib, ölkənin hidroenergetika ehtiyatları isə demək olar tamamilə tükənib.

Mpoşa iştirakçıları Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) üzrə nəticələr olmadan COP29-dan ayrılmamağa və İtki və Zərər Fondunun kapitallaşmasını sürətləndirməyə çağırıb.

Madaqaskarın ətraf mühit və dayanıqlı inkişaf naziri Maks Andonirina Fonteyn konfransın sədri kimi Azərbaycana göstərdiyi nümunəvi səylərə görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, Madaqaskar bu gün bir çox ekstremal iqlim hadisələri ilə üzləşir və onların öhdəsindən təkbaşına gəlməyə məcburdur. O, iqlimin maliyyələşdirilməsinin xeyriyyəçilik yox, zərurət olduğunu vurğulayaraq dünya ictimaiyyətini İtki və Zərər Fondunu dərhal həyata keçirməyə çağırıb. Fonteyn, həmçinin Paris Sazişinin 6-cı maddəsi üzrə COP29-da əldə edilən irəliləyişi alqışlayıb.

Maltanın ətraf mühit, energetika və regenerasiya naziri Miriam Dalli qeyd edib ki, iqlim fəaliyyətində uyğunlaşma planları təsirin azaldılması planlarının bir hissəsi olmalıdır. O vurğulayıb ki, özəl investisiyalar iqlimin maliyyələşdirilməsinin artırılması üçün çox olduqca vacibdir. Dalli həmçinin konfransın uğurlu təşkilinə görə Azərbaycana təşəkkür edib.

Çadın ətraf mühit, balıqçılıq və dayanıqlı inkişaf naziri Hassan Camus ölkəsinin Prezidenti Mahamat İdris Debi adından Azərbaycana, xüsusən də dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib. O, konfransı yüksək səviyyədə təşkil etməklə Azərbaycanın dayanıqlı gələcəyə sadiqliyini nümayiş etdirdiyini vurğulayıb.

Camus Çadın qlobal iqlim böhranının ön cəbhəsində olduğunu, ölkə vətəndaşlarının təxminən 10%-nin, başqa sözlə 1,9 milyon insanın iqlim dəyişikliyinin təsirindən əziyyət çəkdiyini söyləyib. Nazir həmçinin vurğulayıb ki, İtki və Zərər Fondu iqlim böhranının mənfi nəticələri ilə mübarizədə əsasdır.

Venesuelanın ekososializm üzrə xalq hakimiyyəti naziri Xosue Alexandro Lorka da səmimi qonaqpərvərliyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib və ölkə Prezidenti Nikolas Maduronun salamlarını çatdırıb.

Onun sözlərinə görə, bu gün bəşəriyyət planeti xilas etmək üçün birləşməlidir. “B planı yoxdur, çünki B planeti də yoxdur”, - o deyib.

Lorka NCQG ilə bağlı quru sözlərdən iddialı addımlara keçidin vaxtının yetişdiyini söyləyib və inkişaf etmiş ölkələri maliyyələşdirmə, texnologiya ötürülməsi, potensialın yaradılması və s. məsələlərdə inkişaf etməkdə olan ölkələrə dəstək verməyə çağırıb.

BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Əminə bint Abdulla əl-Dahak Əmirliyin COP-a sədrliyi Azərbaycana ötürməkdən qürur duyduğunu söyləyib və səmimi qəbula görə rəsmi Bakıya minnətdarlığını bildirib.

Nazir xatırladıb ki, BƏƏ hökuməti 2024-cü ili Dayanıqlı İnkişaf İli elan edib. O, Əmirliyin 2030-cu ilə qədər bərpa olunan enerji sahəsindəki səylərini üç dəfə artırmağı hədəflədiyini və iqlim dəyişikliyinin təsirlərinin azaldılması üzrə şəffaflıqla əməkdaşlığa sadiq olduğunu söyləyib.


Müəllif: Teleqraf.com
Chosen
20
8
teleqraf.com

9Sources