EN

BMT Baş katibi G20-ni BEM-ə sürətli keçid üçün çağırış etdi

Dünyanın bütün ölkələri bu onillik ərzində hər il emissiyaları 9% azaltmalıdır ki, qlobal istiləşmə 1,5 dərəcə Selsi səviyyəsində məhdudlaşdırılsın, BMT-nin Baş katibi Antonio Quterreş noyabrın 19-da Rio-de-Janeyroda keçirilən G20 Sammitində bəyan edib.

Bu məqsədə nail olmaq üçün o, fosil yanacaqlardan daha ədalətli və sürətli keçid edilməsini, hazırda demək olar ki, hər yerdə daha ucuzlaşan bərpa olunan enerji mənbələrindən (BEM) istifadənin artırılmasını çağırıb.

BMT-nin Baş katibinin fikrincə, Milli Müəyyənləşdirilmiş Töhfələr (NDC) dünyanı düzgün yola yönləndirmək üçün həlledici əhəmiyyət kəsb edir.

“Braziliya Prezidenti (2025-ci ildə COP30-u qəbul edəcək ölkə) qeyd etdiyi kimi, G20 ölkələri qlobal emissiyaların 80%-ni təşkil edir. Ötən həftə Braziliya və Böyük Britaniya yeni NDC-lər elan etdilər. Dünyanın hər bir ölkəsi NDC-lərini 1,5 dərəcə hədəfinə uyğunlaşdırmalı və 2030 və 2035-ci illərə qədər açıq və mütləq emissiya azaldılması məqsədləri təyin etməlidir. Xatırladım ki, 2030-cu ilə qədər ölkələr bərpa olunan enerji güclərini üç dəfə artırmağa, enerji səmərəliliyini iki dəfə artırmağa və meşələrin qırılmasını dayandırmağa çalışmalıdırlar.

Bütün bunlar ümumi, lakin fərqləndirilmiş məsuliyyət prinsipi çərçivəsində həyata keçirilməlidir,” - Quterreş vurğulayıb.

Prezident Lula bildirib ki, Braziliya və UNESCO ilə tərəfdaşlıqda Birləşmiş Millətlər Təşkilatı iqlim dəyişikliyi məlumatlarının bütövlüyünü təmin etmək üçün Qlobal Təşəbbüsə başlayır.

“Biz iqlim dezinformasiyası ilə mübarizə tədbirlərini gücləndirmək üçün tədqiqatçılar və tərəfdaşlarla əməkdaşlıq edəcəyik,” - o əlavə edib.

“COP29 ilə əlaqədar olaraq, mən G20 ölkələrini nazirlərinizə və danışıqlar aparıcılarınıza bu il yeni iddialı iqlim maliyyələşdirmə məqsədinə razılıq vermələrini tapşırmağa çağırıram. Uğursuzluq seçim deyil. Bu, yeni NDC-lərin hazırlanması məqsədini təhlükə altına qoya və geri dönməz iqlim dəyişikliklərinin yaxınlaşdığı bir vaxtda dağıdıcı nəticələrə səbəb ola bilər,” - BMT Baş katibi xəbərdarlıq edib.

O qeyd edib ki, bu tədbirlərin həyata keçirilməməsi 2025-ci ildə Braziliyada keçiriləcək COP30-un uğurla təşkilini çətinləşdirəcək.

“Yeni maliyyə hədəfi inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab verməli, güzəştli dövlət maliyyələşdirilməsinin əhəmiyyətli dərəcədə artırılmasından başlamalıdır. Bu baxımdan çoxtərəfli inkişaf banklarının son açıqlamalarını alqışlayıram. Əminəm ki, COP29-un uğuru böyük ölçüdə sizin əllərinizdədir. Bu masa arxasında əyləşən bütün ölkələrin məsuliyyət hissinə müraciət edərək, COP29-un uğurla keçirilməsinə kömək etməyə çağırıram,” - Quterreş G20 ölkələrinə müraciətində bildirib.

Chosen
37
turan.az

1Sources